Ən son xəbərlər
Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.
Hamısını oxu
Tarixin qanla yazıldığı illər var. 1941–1945-ci illərdə Azərbaycan xalqı Böyük Vətən Müharibəsində özünün necə qəhrəman və fədakar bir xalq olduğunu bütün dünyaya sübut etdi. O illər təkcə silah və güllə ilə yox, inam və vətən sevgisi ilə yaşanıldı. Hər kənddən, hər evdən bir əsgər cəbhəyə yollandı. Onların arasında Masallı rayonunun igidləri də vardı. Masallı rayonunun tarixini vərəqlədikcə belə talelərin nə qədər çox olduğunu görürük. Ərkivandan, Boradigahdan, Təklə kəndindən, Kolatan və Digahdan... Hər yerdən yüzlərlə gənc döyüşə yollandı. Onların bir çoxu geri qayıtmadı. Ancaq onların ruhu bu torpağın hər daşında, hər çiçəyində, hər nəfəsində yaşayır. Oğullarını, ərini, qardaşını, atasını cəbhəyə yollayan qadınlar da səssiz, göz yaşları içində, təpədən dırnağa qədər dua ilə silahlanmış halda döyüşdülər. Fədakarlığın bu səviyyədə ucalığı yalnız qəhrəman xalqlara xasdır. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Bugün Mirzəyevlər nəslinin araşdırılması bizə təkcə bir ailənin keçmişini yox, bütün xalqımızın mübarizlik tarixi xatırladır. Bu ailənin timsalında biz Azərbaycan xalqının müharibədəki yerini görür, onun tarixinə şahidlik edirik. Bizim bu xatirələri yaşatmağımız bir xalq olaraq qəhrəmanlarımız qarşısında olan borcumuzdur. Onların həyatı yarımçıq qalsa da, onların hər biri qəhrəmanlıqları, fədakarlıqlarıyla tarixə düşdülər. Onlar yaşadılar, vuruşdular və xalqın yaddaşında əbədiləşdilər. Masallı rayonunda yaşayan Mirzəyevlər ailəsi bu taleyin rəmzinə çevrilmişdi. Bir ailənin üç oğlu Rəzzaq, Yunus və Aşur qardaşlrı torpağa, vətənə, gələcəyə sahib çıxmaq üçün silahlandı. Masallı rayonunun yüzlərlə oğlu kimi onlar da çağırışa cavab verdi. Qəlblərində qorxu yox idi və yalnız bir düşüncələri vardı: “Əgər bu torpaq bizimdirsə, biz də onun uğrunda ölməyə hazırıq.” 1918-ci ildə doğulan Rəzzaqın uşaq gözlərində işıq vardı. O, hər zaman sakit, dərin düşüncəliydi. 1942-ci ilin qışında, qarın torpağı örtüb ağ örpəyə bürüdüyü bir gündə əsgər paltarında doğma kəndinə baxaraq vidalaşdı. Yanvar ayının sərt küləyi onun saçlarını dalğalandırır, gözlərindəki qəribə işıq uzaq bir yola işarə edirdi. 1943-cü ilin mayına qədər döyüşdü. O gündən sonra izinə heç kim rast gəlmədi. Sadəcə bir sükut qaldı ardınca – itkin bir həyat, əbədi bir xatirə... Yunus ondan da əvvəl 1942-ci ilin soyuq fevralında əsgərliyə çağırılmışdı. O, kəndin arxasındakı təpələrdə uşaq vaxtı oynadığı yeri son dəfə seyr etdi. 1912-ci ildə doğulan Yunus ailənin böyük övladı kimi həmişə məsuliyyət daşıyırdı. Cəbhədə göstərdiyi igidlik onun adını döyüş yoldaşlarının qəlbində əbədi yaşatdı. Amma 1944-cü ilin yanvarında o da itkinlər siyahısına düşdü. Sanki torpaq onu bağrına basmış, adını səssiz bir dua kimi göylərə pıçıldamışdı. Aşur isə 1914-cü ildə doğulmuşdu. O, 386-cı atıcı diviziyanın sıralarında döyüşürdü. Qanlı Krım cəbhəsində Sevastopol uğrunda gedən döyüşlərdə mərdliklə vuruşdu. Güclü idi həm bədəni, həm də ruhu. Silahdaşları deyərdi ki, Aşur bir dağ kimi irəliləyirdi. Lakin müharibənin amansız üzü onu əbədiyyətə qovuşdurdu. Həlak oldu. Amma adı döyüş meydanlarında bir əfsanə qaldı. Bu üç qardaş bir nəslin davamçıları idi. Onlar yalnız ailələrinin deyil, bütöv bir millətin şərəf salnaməsində adlarını yazdılar. Bugünkü Masallı torpağı onların ayaq izlərini, analarının göz yaşını, kəndin başında səslənən duaları hələ də yaddaşında daşıyır. Çünki qəhrəmanlar ölmür. Onlar unudulmur. Onlar hər zaman aramızdadır bir xalqın tarixində, bir nəslin qan yaddaşında. Tarix yalnız sənədlərdə yazılmır. Bəzən o, nəsillərin yaddaşında, köhnə şəkillərdə, anaların göz yaşında, babaların susqun baxışlarında yaşayır. Bəzən də bu yaddaşı elmi araşdırmaya çevirən insanlar olur. Onlar unudulmuş izləri gün işığına çıxarır, keçmişin qaranlıq qapılarını aralayırlar. Onlardan biri də iqtisadçı alim, bir nəslin fəxri və tarixi mirasını yaşadan bir ziyalı olan Balayar Əliyevdir. Balayar Əliyev təkcə elmi uğurları ilə tanınmır. Onun başqa bir missiyası var: Böyük Vətən Müharibəsində iştirak etmiş babalarının Rəzzaq, Yunus və Aşur Mirzəyevlərin və bütövlükdə Azərbaycanın cəbhəyə yollanmış igid oğullarının həyatını, xidmətlərini araşdırmaq və gələcək nəsillərə çatdırmaq. Balayar Əliyev köklərinə bağlı bir alimdir. O, 1943-cü ildə itkin düşmüş Rəzzaq Mirzəyevin nəvəsidir. Ailəsində danışılan xatirələr, qorunan köhnə məktublar, müharibə illərinə aid sənədlər onun uşaqlıq yaddaşında əbədi iz buraxıb. Bu hekayələr, bu itkilər, bu xatirələr onu tarixə daha dərindən bağlamışdır. Böyüdükcə bu yaddaş bir missiyaya çevrildi. Bu gün Balayar Əliyev yalnız öz babası haqqında deyil, Azərbaycan xalqının tanıdılması haqqında da Latviyada işlər aparır. Bu gün qəhrəmanların izi ilə getdikdə görürük ki, Gülnaz Mirzəyeva atasının izini yaşadır. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur. Tarixin sınaqlı yollarından alnıaçıq keçmiş, torpağın müdafiəsi uğrunda canından keçmiş igidlərin xatirəsi bu xalqın yaddaşında əbədi yer alıb. Qəhrəmanlara olan hörmət, onların ailələrinə, övladlarına göstərilən diqqət və qayğı bu gün ölkəmizin ən ali dəyərlərindən biridir. Bu qayğının canlı nümunələrindən biri də Masallı rayonunda keçirilən tədbirlər o cümlədən 7 və 8 may 2025-ci il tarixlərində təşkil olunmuş görüşlərdir. Həmin tədbirlərdə iştirak edənlər arasında xüsusi diqqət çəkən şəxs isə Böyük Vətən Müharibəsində itkin düşmüş qəhrəman əsgər Rəzzaq Mirzəyevin qızı Gülnaz Mirzəyeva idi. 7 may tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirin əsas məqsədi Böyük Vətən Müharibəsində göstərilən qəhrəmanlığı bir daha yad etmək və veteran ailələrinə ehtiram göstərmək idi. Gülnaz Mirzəyeva bu tədbirdə iştirak edərək atasının döyüş yolunu, ailələrinin yaşadığı çətinlikləri və bu gün onlara göstərilən diqqəti duyğulu sözlərlə ifadə etdi. Növbəti gün - 8 mayda Masallı rayonunun Təzəkənd kəndində keçirilən anım tədbiri isə daha səmimi və bəlkə də daha emosional atmosferdə baş tutdu. Burada kənd sakinləri, məktəblilər, müəllimlər və ağsaqqallar qəhrəmanların ruhuna dualar etdilər, xatirə çıxışları ilə onların həyat yolunu yad etdilər. Gülnaz Mirzəyeva bu tədbirdə də iştirak etdi. O, sadəcə bir qəhrəmanın övladı kimi yox, tarixi daşıyan canlı bir xatirə olaraq çıxış etdi. Azərbaycan dövləti hər zaman müharibə veteranlarına, şəhid ailələrinə və qəhrəman övladlarına diqqətlə yanaşır. Bu tədbirlər bir daha sübut edir ki, qəhrəmanlarımızın adları unudulmur, onların ailələri unudulmur, göstərilən fədakarlıq əbəs yerə getmir. Masallı rayonunda keçirilmiş bu görüşlər Azərbaycan xalqının tarixi ilə qürur duyduğunu, fədakarlıq və vətənpərvərliyin gələcək nəsillərə ötürülməsində böyük addımlar atıldığını sübut edir. Gülnaz Mirzəyeva atasının izini yaşadır. Onun hər çıxışı, hər tədbirdəki iştirakı bir övlad borcudur, bir xalq yaddaşıdır. Azərbaycan qəhrəmanlarını unutmur. Onların ailələrinə sahib çıxmaqla, biz əslində öz tarixi borcumuzu ödəyirik. Çünki xalqını unutmayan, qəhrəmanını da unutmur. Müharibə, Əmək və Silahl Qüvələr Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
19 may 2025-ci il tarixində Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib. Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr zəfərinin tarixi önəmindən danışıb. İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da çıxış edib, 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.
Hamısını oxu
Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb. Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
Hamısını oxu
İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir. 1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür. 1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır. 2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir. Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.” Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Səbayil rayonu 160 №-li Klassik Gimnaziyda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi qeyd olunub. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 12 may 2025-cü il tarixində Səbayıl rayonu 160 №-li Klassik Gimnaziyda tədbir təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyinə həsr edilmiş”Sən elə bir zirvəsən” və İkinci Dünya Müharibəsinin 80 illiyinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı tədbirdə Səbayil rayonu VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, məktəbin direktoru Gülnarə Mustafayeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olanların və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri məktəbin direktoru Gülnarə Mustafayeva açıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin müharibə dövrünü əks etdirən filmlərdən hazırladıqları səhnələr təqdim edilib. Daha sonra çıxış üçün söz Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərdə Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxarmışdır. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağrışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. İkinci Dünya müharibəsi illərində Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Onların əziz xatirələri daim xalqımızn qəlbində yaşayacaq. Daha sonra Kəmalə Həşimova, Adilə Yaqubova və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Alman faşizmi üzərində qələbənin 80 illiyi... Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı. Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik. İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların şərəfinə rayonumuzun mərkəzində “Xatirə bulağı” kompleksi də ucaldılmışdır. İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik. Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o, kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir. Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.” Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı. Biz o döyüşçünü klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi. Qəhrəman döyüşçünün barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...” Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub. İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub. Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır... Ədalət Salman, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, mayın 9-da Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Faiq Məlikov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərovla birlikdə rayonun Astanlı kəndinə gedib Böyük Vətən Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu öz evində ziyarət ediblər. Onlar 102 yaşlı veteranı 9 May Qələbə günü və alman faşizmi üzərində qələbənin 80 illiyi münasibəti ilə təbrik edərək ona möhkəm cansağlığı arzulayıblar. Əbiş dayı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib.
Hamısını oxu
Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb. Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib. Bildirilib ki, 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib. Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir. Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.
Hamısını oxu
İkinci Dünya Müharibəsi dünya tarixinin ən qanlı və amansız müharibələrindən biri olmaqla yanaşı, keçmiş SSRİ xalqlarının, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmişdir. Bu müharibə Azərbaycan üçün yalnız cəbhə döyüşləri deyil, həm də mənəvi sınaqları ilə yadda qaldı. Minlərlə azərbaycanlı döyüşlərdə iştirak etmiş, arxa cəbhədə isə xalq bütün resurslarını və gücünü səfərbər edərək qələbəyə töhfə vermişdir. Azərbaycan SSR müharibə dövründə SSRİ-nin əsas neft bazası kimi çıxış etmiş və qələbənin təmin olunmasında mühüm rol oynamışdır. Cəbhələrdə döyüşən azərbaycanlılar sırasında təhsilli, ziyalı kadrlar da xüsusi seçilirdi. Onlar yalnız döyüşçü deyil, həm də təşkilatçı, təbliğatçı, həkim, mühəndis, partizan kimi də fəaliyyət göstərirdilər. Bu qəhrəmanlardan biri də kimya elmləri doktoru, professor, partizan hərəkatının fəal üzvü Mikayıl Rəhim bəy oğlu Qulubəyov olmuşdur. Ailədən gələn maarifçilik və vətənpərvərlik ruhu Mikayıl Qulubəyovun bütün həyat və fəaliyyətinə təsir etmişdir. Mikayıl Qulubəyov 30 mart 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli kəndində (indiki Goranboy rayonunun Şəfəq kəndi) dünyaya göz açmışdır. Onun atası Rəhim bəy Qulubəyov dövrünün tanınmış maarifçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş fədakar pedaqoq olmuşdur. Rəhim bəy ömrünü kənd yerlərində savadsızlığın aradan qaldırılmasına, təhsilin yayılmasına həsr etmişdi. Onun təşəbbüsü ilə qızlar məktəbə cəlb olunmuş, məktəblərdə axşam kursları təşkil edilmişdi. Belə bir ziyalı ailəsində böyüyən Mikayıl Qulubəyov ilk təhsilini atasından almış, 1933-cü ildə Quba Kənd Təsərrüfatı Texnikumunda, ardınca isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində (indiki BDU) təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi fəaliyyətə 1940-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) başlamış və üzvi kimya kafedrasında assistent vəzifəsində çalışmışdır. 1942-ci ilin martında ordu sıralarına çağırılan Mikayıl Qulubəyov qısa müddətdə hərbi hazırlıq keçərək Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin sonunda Şərq cəbhəsində gedən döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş və ardıcıl olaraq Almaniya, İtaliya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur. Lakin o, burada da təslim olmamış, 1943-cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizan hərəkatına qoşulmuşdur. Yerli partizanlar arasında "Doktor Mişa" ləqəbi ilə tanınan Mikayıl Qulubəyov həm döyüşçü, həm də təcrübəli kimyaçı və yaralılara yardım edən tibb işçisi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylo) ən yaxın silahdaşlarından biri olmuşdur. Mehdi ağır yaralandığı zaman onu son nəfəsinə qədər qoruyan, qucağında can verən və gecənin qaranlığında üzü qibləyə məzar qazıb dəfn edən şəxs məhz Mikayıl Qulubəyov olmuşdur. Yuqoslaviya hökuməti onun xidmətlərini yüksək qiymətləndirərək Mikayıl Qulubəyovu "Qəhrəmanlıq ordeni" və "Qəhrəmanlıq medalı" ilə təltif etmişdir. Bu fakt Mikayıl Qulubəyovun beynəlxalq miqyasda tanınmış bir döyüşçü və insanlıq fədaisi olduğunu göstərir. Müharibədən qayıtdıqdan sonra Mikayıl Qulubəyov elmi fəaliyyətini davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. Kimya elmləri namizədi, daha sonra doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim kimi Azərbaycanda üzvi kimyanın inkişafında mühüm rol oynamış, yüzlərlə tələbəyə dərs demiş, bir çox gənc kimyaçının elmi rəhbəri olmuşdur. Onun elmi əsərləri həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmışdır. Mikayıl Qulubəyovun həyatı bir Azərbaycan ziyalısının bütöv obrazını təqdim edir: ailədən qaynaqlanan maarifçilik, müharibədə göstərilən vətənpərvərlik və müharibədən sonrakı elmi fəaliyyət onun şəxsiyyətində vəhdət təşkil edir. O, öz dövrünün fədakar ziyalısı olmaqla yanaşı, həm də Azərbaycan xalqının Böyük Vətən Müharibəsində verdiyi əvəzsiz töhfənin canlı simvoludur. Azərbaycan xalqı bu gün də Mikayıl Qulubəyov kimi ziyalılarını, alimlərini, döyüşçülərini hörmətlə xatırlayır. Onun həyat yolu yalnız tarixi bir fakt deyil, həm də gənc nəsillər üçün vətənə, elmə və insanlığa xidmət nümunəsidir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan xalqı tarix boyu torpağına bağlı, millətinə sədaqətli olmuşdur. Bu sədaqətin ən uca nümunəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz əksini tapdı. Minlərlə igid övladımız şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz canından, sağlamlığından keçərək bu müqəddəs savaşı qələbə ilə başa vurdu. Hər bir şəhid, hər bir qazimiz bu qələbənin təməl daşlarını qoyan mübarizlərdir. Müstəqil Azərbaycanın parlaq zəfərinin arxasında yalnız əzmkarlıq və igidlik deyil, həm də güclü siyasi iradə, xalq-dövlət birliyi və Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Prezidentin rəhbərliyi ilə Azərbaycanın hər bir vətəndaşı həmrəy oldu və Vətən uğrunda mübarizə apardı. Bu zəfər həm də bir millətin, bir dövlətin qüdrətinin təzahürü oldu. Ulu öndər Heydər Əliyevin qürurla söylədiyi, zamanın sınağından keçmiş o dərin mənalı söz “Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmayacaq” bu gün müstəqil dövlətimizin sosial ədalət fəlsəfəsinin mayakına çevrilib. Bu müqəddəs ideya dövlət siyasətində, görülən işlərdə, həyata keçirilən sosial islahatlarda yaşayır. Prezident İlham Əliyev bu əzəmətli mirası XXI əsrin reallıqları ilə yoğuraraq, ata vəsiyyətinə sadiqliyini əməli fəaliyyətlə sübut edir. Hər bir yeni ev açarı, hər bir dəstək proqramı sanki dövlətin şəhid analarına bir pıçıltısıdır: “Sənin oğlun Vətənin zirvəsindədir.” Sosial dəstək, psixoloji yardım, təhsil və məşğulluq imkanları – bütün bu tədbirlər mənəvi yaralara da məlhəm olur. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən 2030-cu ilə qədər şəhid ailələrinin və müharibə əlillərinin mənzil və ya fərdi evlə təmin olunması prosesi davam etdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-2030-cu illəri də əhatə edən tədbirlər planı hazırlamalı və bu plan Prezidentlə razılaşdırılmaqla həyata keçirilməlidir. Bu qərar 2014-2023-cü illər ərzində yaşayış sahəsinə ehtiyacı olan kimi qeydiyyata alınmış şəxslərlə yanaşı, həm də 2020-2023-cü illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxsləri və onların ailələrini də əhatə edir. Əlavə olaraq Çernobıl qəzasının ləğvində iştirak etmiş əlillər də bu proqramdan yararlanacaqlar. Verilmiş sərəncama əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaiti hər il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri bölməsində öz əksini tapsın. Beləliklə, bu təşəbbüs dövlətin məsələni yalnız prinsip səviyyəsində deyil, eyni zamanda real büdcə dəstəyi ilə prioritet kimi dəyərləndirdiyini göstərir. Bu da onu deməyə əsas verir ki, iqtisadi təminat və sosial rifah məsələləri gələcəyə aparan yolda dövlət siyasətinin ən ali istiqamətlərindən birinə çevrilmişdir. Dövlətin bu addımı müharibə və təhlükə ilə üzləşmiş bütün insanlara olan borcumuzun təzahürüdür. Hər bir şəhidin, hər bir qazinin ailəsi, bizim milli dəyərlərimizin və vətən sevgimizin əbədi bir parçasıdır. Bu qərar yalnız sosial dəstək deyil, eyni zamanda ədalət və insanlıq adına atılmış böyük bir addımdır. Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycan dövlətinin şəhidlərə, qazilərə və onların ailələrinə olan hörmətini bir daha təsdiqləyir və müstəqil Azərbaycanın parlaq gələcəyini daha da möhkəmləndirir. Bu siyasət hər bir vətəndaşın içində dərin bir minnətdarlıq və vətən sevgisi oyadır. Azərbaycan xalqı tarix boyu igidlik və mübarizə ruhu ilə tanınır. Hər zaman öz torpağını və azadlığını qorumaq üçün döyüşən, düşmənə qarşı cəsarətlə vuruşan bir xalqdır. Bir millət düşünün ki, daim vuruşan, hər zaman ayıq-sayıq, hər zaman mübarizənin önündə duran igidlərə borcludur. Bu igidlər öz həyatlarını torpaqlarımızın azadlığına və millətimizin gələcəyinə həsr ediblər. Onlar, öz qanları ilə yazdıqları qəhrəmanlıq dastanları ilə xalqımızın tarixində əbədi iz qoydular.Bu igidlər ki, hər bir qəlbdə minlərlə “Sağ ol, Prezident!” kəlməsini ucaldanlardır. Onların sayəsində bu gün biz azad, müstəqil və güclü bir dövlətin vətəndaşlarıyıq. Prezidentimizin liderliyi və dəstəyi sayəsində bu qəhrəmanların mübarizəsi və qələbələri tam mənasıyla dəyərləndirilmiş, xalqımıza və dövlətimizə xidmət edənlərin əziz xatirəsi unudulmamışdır. Bu səs, sadəcə veteranların deyil, həm də bütün Azərbaycan xalqının səsidir “Sağ ol, Prezident!”Azərbaycan Müharibə Veteranları Təşkilatının verdiyi bəyanat, bu səslərin bir simfoniyasını çalır. Təşkilat, Prezident İlham Əliyevin verdiyi qərara qarşı olan minnətdarlığını ifadə edərkən, sadə bir ifadə ilə yalnız təşəkkür etməyi deyil, həm də tarixən bu xalqa verilmiş ən böyük borcun təntənəsini bəyan edir: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir.”Vətənə xidmət edənlər, canlarından keçənlər, yurdlarının uğrunda şəhid olanlar… Hər biri öz həyatını və hərəkətlərini bir rəmzə çevirərək, ölkənin gələcəyinə işıq salan ulduzlara çevrilir. Amma bu işıq, bir gecənin ulduzları kimi yox, gündəlik həyatda, cəmiyyətin hər anında parlayan, onun istinad nöqtəsi olan, onun canından qanından yaranmış bir işıqdır.Cəmiyyət, bu işığı görəndə, şəhid və qazilərə verilən yüksək qiymətə dəyər verərək bir daha yadına salır ki, həyatın ən qiymətli möcüzəsi, insanların həyatlarını əzab-əziyyətlə deyil, şəxsiyyətlə yaşamağa nail olmalarıdır. Cəmiyyətin hər bir fərdi, bu qərarın nəticəsində öz şəhidlərinin və qazilərinin adlarını bir dəfə daha qəlbində ucaltmaq imkanı tapır. Onlar yalnız dövlətin deyil, hər bir vətəndaşın təntənəsidir. Onlar sadəcə döyüş meydanlarında deyil, bu torpaqlarda yaşayan hər kəsin ruhunda bir qəhrəmandır.“Sağ olun, cənab Prezident!” bu söz, bir təşəkkürdən çox, bir hissiyatın təzahürüdür. Bu, bir xalqa verilmiş hörmətin, mübarizəyə, əzmkarlığa və şəhidlərin ruhlarına olan dərin hörmətin ifadəsidir. Bu, yalnız bir cümlə deyil; bu, torpaqlarımızı qorumaq üçün mübarizə aparan hər bir insanın qəlbində yaşayan bir yaşam tərzinin bir mərhəmətin, bir vətən sevgisinin ən yüksək ifadəsidir.Beləliklə, Prezident İlham Əliyevin verdiyi bu qərar yalnız bir siyasət qərarı deyil, həm də xalqın ən ali arzularını, ən dərin ehtiyaclarını birləşdirən bir qərardır. Vətənin igidləri, indi yalnız döyüş meydanlarında deyil, həyatın hər anında, hər bir köşəsində öz hüquqlarını tanıyan və yüksək qiymətləndirən bir cəmiyyətdə var olurlar. Bu, yalnız onlara verilən qiymət deyil, həm də cəmiyyətin özünün şəxsiyyətinin təsdiqidir.Onlar “Sağ ol, Prezident!” deyərkən, bu sadə sözlərdə nə qədər böyük mənalar gizləndiyini, nə qədər böyük mübarizənin və zəhmətin olduğunu bir daha göstərirlər. Bu, Prezidentin yalnız bir qərarı deyil, onun xalqına verdiyi ən böyük hədiyyəsidir: ədalət, qiymət və diqqət.Azərbaycan Müharibə Veteranları Təşkilatı və digər vətənpərvər ictimai qurumlar bu qərarı minnətdarlıqla qarşılayaraq Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Təşkilatın bəyanatında vurğulanır: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir. Sağ olun, cənab Prezident, bu ali diqqət və qayğıya görə! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu