Ən son xəbərlər
Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu Sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir. Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı. Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar. Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum Sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.
Hamısını oxu
Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O, bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir. 2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.” Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir. Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir. Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”. Məşhur Məmmədov,Milli Məclisin deputatı
Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İnstaqramda 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir: "Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!"
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar. Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər. Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib. Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.
Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Qaflan Ömərovun qızı Zeynalova Nazilə Qaflan qızı haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazilə Zeynalovanın vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun atası Qaflan Ömərova dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviç 7 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 7 may 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Yevdokimov Mixail Nikolayeviç faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, veteranlarla görüşüb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qələbəyə neft Bakısı və Azərbaycan döyüşçülərinin böyük töhfə verdiyini vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, faşizm üzərində qələbədən illər sonra – 2020-ci ilin 8 Noyabr tarixində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində qalib gəlməsi Azərbaycan gəncliyinin öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqliyini göstərir. Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov da Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfə verdiyini qeyd edib, bu şanlı tarixin hər zaman ehtiram hissi ilə xatırlanmasının vacibliyinə toxunub. Tədbirin sonunda İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim olunub.
Hamısını oxu
Udinenin dumanlı səhərlərində, Alp dağlarının köksündə, tarix bir adın sədası ilə titrəyirdi – Pyotto. Bəlkə də bu ad bu gün çoxlarının yadına heç nə salmır. Bəlkə də onun qəhrəmanlığını nə dərsliklər öyrədir, nə də abidələr yad edir. Amma hər əsirlikdən azadlığa, hər susqunluqdan üsyana qalxan ruhda Pyotto – Əli Baba oğlu Babayev yaşayır. 1910-cu ildə Naxçıvanda dünyaya göz açan bu uşağın gələcəkdə qitələri aşacaq, yad torpaqlarda azadlıq uğrunda savaşacaq, amma öz vətənində "xain" damğası ilə zindana atılacağını kim deyə bilərdi? Əli Babayev Sovet ordusuna 1940-cı ildə çağrıldı. 2 il boyunca vətəninə sədaqətlə xidmət etmişdi. Lakin 1942-ci ildə müharibənin sərt üzü ilə üz-üzə qalmış və əsir düşmüşdür. Qaranlıq düşərgə barakları, tel hasarlarla əhatələnmiş həyatlar və boğulmuş ümidlər arasında onun vicdanı hələ də azad idi. 1943-cü ilin noyabrında o, İtaliyanın şimalında Udine şəhərindəki əsir düşərgəsindən bir qrup yoldaşı ilə qaçdı. Bunu sadəcə adi bir qaçış adlandıra bilmərik. Bu bir insanın öz ruhunu əsirlikdən azad etməsi idi. Bu ideallara, azadlıq eşqinə, insan ləyaqətinə verilən and idi. İtalyan kommunistlərinin köməyi ilə Əli Babayev dağlara sığınmış, silaha sarılmış və yeni bir ad almışdı - Pyotto. Əli Babayev 25 mart 1944-cü ildə italyan partizan hərəkatına qoşulur. Pyotto adı altında Əli Babayev İtaliya partizan hərəkatının fəal iştirakçısına çevrilmiş və sovet əsirlərindən ibarət Çapayev batalyonunu yaradaraq onun komandiri olmuşdu. Bu batalyonda onunla yanaşı Oruc Əliyev – “Mixail-Moska” ləqəbli azərbaycanlı da döyüşürdü. Onlar Qaribaldi adına batalyonun tərkibində bir çox mühüm əməliyyatlarda iştirak etdilər. Onların ən möhtəşəm fəaliyyətlərindən biri Udinedəki həbsxanaya hücum idi. Bu əməliyyat nəticəsində heç bir itki vermədən 73 nəfər əsir azad edildi. Hücumun ön cəbhəsində Əli Babayev dayanmışdı. Bu igidlik ona İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalına təqdimat qazandırdı. O, artıq bundan etibarən təkcə azərbaycan əsilli döyüşçü deyildi, həmçinin İtaliya müqavimətinin siması, mübarizənin sarsılmaz rəmzi idi. Ancaq müharibə bitdi. Faşizm məğlub oldu, silahlar sustu. Amma Əli Babayevin mübarizəsi yeni mərhələyə keçdi. 1951-ci ilin yanvarında qələbə bayrağı qaldıran əllər bu dəfə zəncirləndi. Sovet rejimi onu "Azərbaycan legionunun üzvü" kimi təqdim edərək həbs etdi. Vətən uğrunda vuruşan Pyotto indi “xain” adlandırıldı. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi, əmlakı müsadirə olundu. Zindan illəri sərt idi – hər gün bir əsrə bərabər, hər gecə bir nisgil idi. Amma onun içindəki azadlıq alovu heç zaman sönmədi. Stalinin ölümü sonrası imperiyanın zəncirləri boşaldı və Pyotto əfv olundu. O, azadlığa çıxsa da, bu azadlıq illərlə itirilmiş həyatın əvəzini verə bilməzdi. Onun Qüdrət və Baba adlı iki övladı yadigar qaldı. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində adlarını böyük harflərlə yazdığımız Mehdi Hüseynzadə – “Mixaylo” və Əhmədiyyə Cəbrayılov “Xarqo” kimi Pyotto da unudulmamalıdır. Onların hər biri azadlıq ideyası naminə canından keçməyə hazır olmuş, yad torpaqlarda öz vətənlərinin ləyaqətini qorumuş igidlərdir. Tarix göstərdi ki, Azərbaycan torpağı təkcə şairlər, alimlər deyil, həm də qəhrəmanlar yetirir. Pyotto – Əli Babayev bu qəhrəmanların sükut içində ucalan səslərindən biridir. Bəlkə heykəli ucalmayıb, bəlkə küçələrə adı verilməyib, amma İtaliya dağlarında, Naxçıvanın elində, Udinenin sükutlu küçələrində onun izi qalır. O iz bir xalqın başı dik, alnı açıq tarixi deməkdir. Əli Babayev kimi insanlar üçün susmaq xəyanətdir. Onlar mübarizə ilə doğular, azadlıqla ölər. Əslində Pyotto heç vaxt ölmədi o, vicdanın adını daşıyan tarixə çevrildi. Bizim vəzifəmiz bu cür qəhrəmanları tanıtmaq, onların adlarını tarixdə layiq olduğu yerə qoymaqdır. Unutmayaq – qəhrəmanlıq coğrafiya tanımaz, onun dili, milləti, vətəndaşlığı yoxdur. O, insanlığın vicdanında yaşayır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Tarix səhnəsinə çıxan hər bir dahi şəxsiyyət, xalqının yaddaşında işıq saçan bir ulduza çevrilir. Elə ulduzlar var ki, onların nuru əsrlər keçsə də, yolumuzu aydınlatmağa davam edir. Azərbaycan tarixinin belə parlaq ulduzlarından biri də Ümummilli Lider Heydər Əliyevdir. O, təkcə müəyyən bir tarixi dövrün deyil, bütöv bir millətin və insanlığın yaddaşına həkk olunmuş böyük bir şəxsiyyətdir. Azərbaycan xalqı tarix boyu Cavanşir, Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəmanları ilə fəxr etmişdir. Onlar qəhrəmanlıqları, dövlətçilik ənənələrini qoruyub yaşatmaları ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Lakin XX əsr Azərbaycan xalqına elə bir lider bəxş etdi ki, o, yalnız müstəqil bir dövlət qurmaqla kifayətlənmədi, eyni zamanda milli ruhun və azadlıq ideyasının memarına çevrildi. Bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev zəmanəsini qabaqlayan, hadisələrin mahiyyətini dərindən dərk edən və zamanın çətin sınaqlarında sınmayan bir lider idi. O, yalnız Azərbaycanın deyil, beynəlxalq siyasi arenada da söz sahibi olan nadir simalardan biri idi. Onun böyüklüyü təkcə siyasi fəaliyyətində deyil, həm də xalqının ruhunu duymaq, ağrısını hiss etmək və arzularını gerçəkləşdirmək bacarığında özünü göstərirdi. Çünki o, xalqın içindən çıxmış və həmişə xalq üçün çalışan bir lider idi. Bəzən tarix bir millətə əsrlər boyu gözlədiyi lideri bəxş edir. Heydər Əliyev də məhz belə bir lider idi. O, böyük bir imperiyanın ən yüksək pillələrinə qalxmağı bacaran, lakin xalqından və vətənindən heç vaxt uzaqlaşmayan fədakar bir vətəndaş idi. Onun liderlik bacarığı, iti zəkası və unikal siyasi düşüncəsi dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunmuşdur. Heydər Əliyevin hər addımı, hər çıxışı düşünülmüş və zamanın tələblərini qabaqlayan qərarlarla müşayiət olunurdu. O, Azərbaycanın siyasətini formalaşdırdı, ona yeni məzmun verdi və dövlətin təməllərini möhkəmləndirdi. Müstəqil dövlət qurmaq, onu gücləndirmək və dünyaya tanıtmaq nadir liderlərə nəsib olan uğurdur. Heydər Əliyev bu uğura imza atanlardan biri oldu. Bu gün biz Heydər Əliyevin 102-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Onun qurduğu və müəyyənləşdirdiyi siyasi kurs əsasında daha böyük zəfərlərə imza atırıq. Lider odur ki, xalqını çətin anlarda xilas etsin. Heydər Əliyev də belə bir məqamda, dövlətçiliyimizin ciddi təhlükə altında olduğu bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıtdı. İlk növbədə daxili sabitliyi bərqərar etdi. Sabitlik olmadan inkişaf ola bilməzdi. Sabitliyin təminindən sonra dövlət idarəçiliyi sistemi quruldu, ordu formalaşdırıldı, beynəlxalq əlaqələr möhkəmləndirildi. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev az bir müddətdə ölkədə sabitlik yaratmış, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlara başlamış, iqtisadiyyatın dirçəlməsi və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası, transmilli enerji layihələrinin gerçəkləşdirilməsi, Qərbə inteqrasiya xəttinin müəyyən edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi onun uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi layihələr Heydər Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində reallaşmışdır. Heydər Əliyevin siyasi irsi yalnız idarəetmə institutları ilə məhdudlaşmırdı. Onun fəaliyyətində insan amili, vətəndaş cəmiyyəti, milli mənəvi dəyərlərin qorunması və inkişafı xüsusi yer tutmuşdur. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik modeli bu gün müasir Azərbaycanın uğurla inkişaf edən yolunun əsası kimi çıxış edir. Dövlətin əsas dayaqlarından biri olan ordu quruculuğu sahəsində Heydər Əliyevin xidmətləri həm tariximizdə, həm də xalqımızın yaddaşında xüsusi yer tutmuşdur. Onun "Güclü ordu – güclü dövlət" prinsipi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması və inkişafı hələ o dövrdə ölkənin gələcək zəfəri üçün təməl olmuşdur. 1994-cü ildə Bişkek protokolunun imzalanması Azərbaycan üçün müvəqqəti bir atəşkəsdən çox strateji bir addım idi. Heydər Əliyevin diplomatik cəsarəti ilə atılan bu addım həm dövrün gərgin şəraitində Azərbaycan üçün vaxt qazandırdı, həm də mübarizənin gələcəkdəki zəfərə doğru yönəlməsini təmin etdi. Bu, sadəcə siyasi deyil, həm də psixoloji baxımdan mühüm bir dönəmdi, çünki xalqın ümidini və inamını artırdı. Heydər Əliyevin "Biz mütləq Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya, Zəngilana, Qubadlıya qayıdacağıq" deməsi sadə bir arzu deyil, həm də Azərbaycanın gələcək zəfəri üçün atılmış mühüm bir strateji addımın mesajı idi. O, bu sözləri söyləyərkən sadəcə bir lider olaraq xalqını ruhlandırmaqla kifayətlənməyib, bu məqsədə çatmaq üçün konkret addımlar atmış və ölkəni həmin hədəfə doğru hazırlamışdı. Bu həm daxili, həm də beynəlxalq səviyyədə uzunmüddətli strateji planların bir hissəsi idi. Heydər Əliyevin təməlini qoyduğu bu planlar Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirildi. 2020-ci ildə Qarabağda əldə edilən qələbə Heydər Əliyevin strateji planlarının və inamının reallaşmasının təntənəsi idi. Bu qələbə yalnız torpaqların geri qaytarılması demək deyil, həm də bu hadisə Azərbaycanın milli qürurunun, əzminin və dövlətin gücünün simvolu oldu. Bu Ulu Öndərin Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin davam etdirərək inkişaf etdirdiyi uzunmüddətli dövlətçilik irsinin nəticəsi idi. Heydər Əliyevin uzaqgörənliyi, onun dövlətə, xalqına və torpaqlarına olan sarsılmaz sevgisi, həm də bu Zəfərin mümkün olmasında ən böyük amil oldu. Bu bir xalqın mübarizəsinin və liderin inamının tarixə düşən hekayəsidir. Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə uğurlu inkişaf davam etdirilir. Ali Baş Komandan İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə güclü lider kimi tanınır. O, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunu uğurla davam etdirərək Azərbaycanın milli maraqlarını qorumaq və müdafiə etmək istiqamətində mühüm və tarixi addımlar atmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxili inkişaf, həm də xarici siyasət sahəsində əhəmiyyətli uğurlara imza atmışdır. Onun Ali Baş Komandan olaraq rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri ölkənin güclü müdafiə potensialını təmin etmiş, hərbi və siyasi planlar düzgün və strateji baxımdan uğurla həyata keçirilmişdir. Xüsusilə 2020-ci il İkinci Qarabağ Müharibəsi onun liderlik bacarığının və Azərbaycanın ordu quruculuğundakı uğurlarının ən böyük təntənəsi oldu. Bu Zəfər həmçinin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirdi və ölkənin beynəlxalq siyasətini təzələyərək onu yeni bir mərhələyə daşıdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi inkişaf sürətlənmiş, sosial xidmətlər genişlənmiş, təhsil və səhiyyə sahələrində islahatlar həyata keçirilmişdir. Dövlət başçısı xalqının mənafeyini hər zaman özünün ən önəmli prioriteti olaraq müəyyən etmişdir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmağa başlamışdır. O, ölkənin strateji maraqlarını qorumaq məqsədilə uğurlu diplomatik addımlar atmış, həmçinin Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün güclü beynəlxalq əməkdaşlıq və ittifaqlar qurmuşdur. Xüsusilə enerji siyasətində əldə olunan uğurlar neft və qaz sahəsində həyata keçirilən iri həcmli investisiya layihələri Prezident İlham Əliyevin iqtisadi inkişaf istiqamətindəki strateji baxışının bariz nümunəsidir. Onun liderliyi altında Azərbaycan regionun ən güclü dövlətlərindən biri olmuşdur. Bu gün Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycan inkişaf edir, sabitlik və təhlükəsizlik möhkəmlənir və ölkəmiz dünya birliyində güclü və nüfuzlu dövlət kimi tanınır. Heydər Əliyev yalnız tarixdə deyil, xalqın qəlbində də əbədi yaşayacaqdır. Onun ideyaları, siyasi uzaqgörənliyi və dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün əsl örnəkdir və milli dövlətçilik ənənələrinin bünövrəsinə çevrilmişdir. Bu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan daha parlaq gələcəyə doğru inamla irəliləyir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu