Ən son xəbərlər
Azərbaycanın torpaqlarına 33 il əvvəl vurulan yara nəhayət ki, sağaldı. Azərbaycanın tarixində, ruhunda və mədəniyyətində xüsusi yerə malik olan müqəddəs Şuşa şəhəri azadlıq uğrunda aparılan mübarizənin şanlı zəfəri ilə azad edildi. Bu qələbə bütün bir millətin əzmini, iradəsini və azadlıq ideallarını təcəssüm etdirən tarixi dönüş nöqtəsi idi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin "Şuşa azaddır!" ifadəsi milyonlarla azərbaycanlının qəlbində silinməz izlər buraxdı. Bu sözlər yalnız qələbə müjdəsi deyil, 30 illik həsrətin, mübarizənin və sarsılmaz inamın təntənəsi idi. Şuşanın azad olunması ilə xalqımızın ürəyindəki ən böyük nisgil sonsuz sevincə çevrildi. Bir zamanlar Ümummilli lider Heydər Əliyevin dilə gətirdiyi böyük arzu - Şuşanın azadlığı bu gün reallığa çevrilib. 1992-ci il 8 may tarixində işğal olunan Şuşa düz 28 il sonra 2020-ci il 8 noyabrda öz azadlığına qovuşdu. Bu zəfər böyük bir hərbi uğur olmaqla yanaşı, həm də Azərbaycanın milli iradəsinin, dövlətçilik prinsipinə sadiqliyinin və xalqın birliyinin bariz nümunəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl hərbi-strateji əməliyyat bu uğurun əldə edilməsinin başlıca səbəbi idi. Şuşanın qurtuluşunun əhəmiyyətini yalnız onun hərbi-strateji mövqeyi ilə deyil, həm də mədəni və mənəvi dəyəri ilə ölçmək lazımdır. Əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının və memarlığının beşiyi olmuş bu şəhər dahi sənətkarlarımızın doğulub boya-başa çatdığı müqəddəs məkandır. Məhz buna görə də Şuşanın işğaldan azad olunması xalqımızın tarixi və mədəni kimliyi ilə yenidən qovuşması anlamına gəlirdi. Prezident İlham Əliyevin illər boyu apardığı məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyinin tanıdılması və ölkəmizin dünya miqyasında artan nüfuzu bu qələbənin siyasi əsaslarını formalaşdırdı. Bu həm də Azərbaycanın müstəqil və prinsipial dövlət kimi dünyada öz hüquqlarını müdafiə etmək gücündə olduğunu sübut etdi. Şuşaya bayrağımızın sancıldığı gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarından birini yaşadı. Hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımız dalğalandı, xalqın qəlbində sevinc və qürur hissi coşdu. Bu bayraq təkcə bir qələbənin yox, həm də Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrildi. Lakin bu tarixi hadisələrin və görüləcək işlərin sonu deyildi, əksinə yeni bir başlanğıcın simvolu idi. Şuşanın azad edilməsindən dərhal sonra digər kənd və qəsəbələrin də işğaldan azad olunması xəbəri gəldi. Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəklik nöqtəsinin azad edildiyini elan etdi. Ermənistan acı məğlubiyyətlə barışaraq kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, diplomatik arenada da öz təsdiqini tapdı. Bu zəfər yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqaz regionunda ədalətin, beynəlxalq hüququn və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan əsassız iddiaların qarşısını alaraq bölgədə hüquqi və geosiyasi reallıqları təsdiqlədi. Bu qələbə bir millətin varlığını, tarixini və gələcəyini qorumaq uğrunda apardığı mübarizənin təntənəsidir. Şuşanın azad olunması Azərbaycan xalqının birliyinin, əzminin və milli ruhunun parlaq təzahürüdür. Bu müqəddəs şəhər sadə bir coğrafi məkan deyil, xalqımızın simvoludur. O, bir yurdun, bir mədəniyyətin və bir millətin varlığını təcəssüm etdirən canlı tarixdir. O, öz sahibinə qayıtdı və bu qayıdış Azərbaycanın müstəqillik tarixində əbədi bir qürur səhifəsinə çevrildi. İndi Şuşa təkcə keçmişin acı xatirələri ilə deyil, həm də gələcəyin ümidi, dirçəlişi və azadlığın rəmzi kimi anılır. Bir zamanlar susan bu şəhər bu gün azadlıq nəğməsi oxuyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Şuşada yollar çəkilib, məktəblər və mədəniyyət ocaqları fəaliyyətə başlayıb. Burada görülən işlər yalnız bir şəhərin bərpası deyil, eyni zamanda milli yaddaşın yenidən dirçəlişi və Azərbaycanın mədəniyyətinin, sənətinin, tarixinin yenidən canlanmasıdır. Şuşa öz zəngin ənənələrini, musiqisini və mədəniyyətini bir daha dünyaya təqdim edir. Bülbülün səsi yenidən Şuşanın dağlarında əks-səda verir. Onun sənəti və arzuları bu şəhərin ruhunda yaşayır. “Xarıbülbül” musiqi festivalı bu qədim şəhərin dirçəlişini və mədəni həyatının yenidən bərpasını simvolizə edir. 32 ildən sonra Cıdır düzündə keçirilən bu festival Şuşanın geri dönüşünün təntənəsidir. Hər notada, hər musiqidə və hər səslə Azərbaycan xalqının həsrəti, mübarizəsi və zəfəri əks olunur. Əlbəttə ki, Şuşanın azadlığı ilə nəticələnən bu tarixi qələbə Azərbaycan xalqının mübarizə iradəsinin və milli həmrəyliyinin ən uca nümunəsi olmaqla yanaşı, öz canından keçərək Vətən uğrunda şəhid olan qəhrəmanların qanı və qazilərimizin rəşadəti hesabına qazanılmışdır. Bu gün Azərbaycan xalqı Şuşaya qovuşubsa, bu məhz şəhidlərimizin müqəddəs qanı, onların göstərdiyi şücaət və fədakarlığın nəticəsində mümkün olmuşdur. Vətən müharibəsində həyatlarını itirən minlərlə igid oğul Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda etdilər. Onların hər biri tariximizin əbədi qəhrəmanına çevrilərək xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, ailələrinə sonsuz hörmət və ehtiram ifadə edirik. Həmçinin qazilərimiz - bu torpaqlar uğrunda sağlamlıqlarından keçən vətənpərvər döyüşçülər bu qələbənin canlı simvoludurlar. Onların rəşadəti, döyüş meydanında göstərdikləri qəhrəmanlıq Azərbaycan Ordusunun peşəkarlığını və xalqımızın əyilməz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Şuşada dalğalanan bayraq şəhidlərimizin ruhuna hörmət, qazilərimizin fədakarlığına dərin ehtiram, xalqımızın mübarizə əzminə verilmiş dəyərdir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu da dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin bariz nümunəsidir. Unutmayaq ki, Şuşaya gedən yol şəhidlərin və qazilərin qanı ilə yazıldı. Bu torpaq, bu bayraq, bu qələbə onların bizə mirasıdır. Onları daim yad etmək, xatirələrini yaşatmaq, ruhlarını uca tutmaq hər birimizin vətəndaşlıq borcudur. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim. Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib. Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi… O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib. 8 may 1992-ci il. Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu... Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir. A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib. Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin! Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Hamısını oxu
6 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Sovet Şükürov qeyd edib ki, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiram hissi ilə yad ediləcək. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov, 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutan müharibələrdən biridir. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı bütün dünyada dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan Bakıya “Qəhrəman şəhər” adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib. Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində də təkrarlamış, respublikamızın ərazi bütövlüyünü təmin etmişdir. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etmişdir ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir. Biz Vətən müharibəsində olduğu kimi bu gün də dövlət və prezident ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıb. Biz bütün bu tövsiyyələrini daim diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq. Mən tədbirin təşkilində göstərdiyi köməkliyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, eləcə də Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatına təşəkkür edir, hər birinizə öz minnətdarlığımı bildirirəm”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: “Öncə bütün tədbir iştirakçılarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından salamlayır, sizləri qarşıdan gələn bayramlar münsibətilə təbrik edirəm. Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Məhz bütün bu qəhrəmanlığın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi übtövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin formalaşmışdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan xalqı, Azərbaycan gəncliyi respublikamızın təhlükəsizliyi və tərəqqisi naminə bundan sonra da böyük uğurlar əldə edəcək, yeni-yeni müvəffəqiyyətlərə imza atacaq”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixi ilə bağlı maraqlı faktlara diqqət çəkib, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu
Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində həmin Birliyin üzvü, yazıçı, hərbi jurnalist, polkovnik İlqar Quliyevin “Məndən sonra” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə professor Bədirxan Əhmədli açaraq, kitabın məziyyətləri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra mərasimdə çıxış edən tanınmış yazıçı Mustafa Çəmənli, yazıçı-publisist Mahir Cavadlı, yazıçı Seymur Şeydayev, professor Məmmədağa Baxışov və digərləri diqqətə çatdırmışdır ki, “Məndən sonra” kitabına müəllifin Vətən müharibəsinə həsr olunmuş povesti, həmçinin müxtəlif illərdə qələmə aldığı məqalələr daxil edilmiş, povestin əsas ana xəttini doğruluq və vətənə bağlılıq təşkil etməklə, bir naşirin oğlunun Vətən müharibəsindəki iştirakı və bu prosesin ailə bağlarına, şəxsiyyətinə və gələcək taleyinə təsiri əks etdirilmiş, kitab oxucunu həm şəxsi dramın, həm də milli mübarizənin bir parçası olmağa dəvət etmişdir. Qeyd olunmuşdur ki, kitabın digər diqqətçəkən tərəflərindən biri də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən şair, publisist, hərbi jurnalist, polkovnik Ramiz Duyğun, yazıçı, publisist, tədqiqatçı, polkovnik Elşad Qoca və peşəkar hərbçi, istedadlı alim, polkovnik Cəlil Xəlilov haqqında yazılmış dəyərli məqalələrdir ki, bu yazılarda da müəllif təkcə bioqrafik məlumatlarla kifayətlənmədən, adıçəkilən şəxslərin yaradıcılığına və şəxsiyyətinə dərindən nüfuz edərək, onların ədəbi irsinin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha xatırlatmışdır. Sonda kitabın müəllifi, polkovnik İlqar Quliyev kitabın yaranma ideyasından, yazılma prosesindən və onunla bağlı yaşadığı şəxsi təəssüratlardan danışmaqla, eyni zamanda onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirmiş və kitabın imzalanması ilə mərasim başa çatdırılmışdır.
Hamısını oxu
Azərbaycan torpağı əsrlər boyu igidlər,söz ustadları və mənəviyyat fədailəri yetişdirib.Bu torpaq bəzilərini döyüş meydanlarında qəhrəman, bəzilərini isə qələm başında müdrik bir söz adamı kimi tanıdıb.Lakin hər biri eyni məqsədə xidmət edib:Vətənin ruhunu yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək. Cəbhədə döyüşən bir əsgərin əllərində silah, gözlərində qeyrət olur.O, səngərin susqun gecələrində düşmənə qarşı təkcə güllə ilə yox, ruhu ilə də savaşır.Masasının arxasında oturmuş bir yazıçı isə sözlərlə savaşır, millətin yaddaşını yazır, tarix yaradır, kimliyini yaşadır.Onlar fərqli yollarla, lakin eyni amal uğrunda mübarizə aparırlar:Azərbaycanın varlığını qorumaq.Bu mübarizənin rəmzinə çevrilmiş iki qardaş var: biri Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, digəri Xalq yazıçısı Sabir Əhmədli.Cəmil Əhmədov Vətənin azadlığı uğrunda canını fəda edən igidlərdən biri idi. Onun adı döyüş meydanlarında yazıldı, qanı ilə tarixə həkk olundu. Qardaşı Sabir Əhmədli isə qələmi ilə Vətənin hayqırtısını dünyaya çatdırdı.Onun yazıları sadə bir ədəbi mətin deyildi. Onlar bir millətin yaddaşı, şəhidlərin ruhunun təcəssümü idi.Bu ailənin Vətən sevgisi təkcə bu iki qardaşla bitmir. Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədov da əmisinin yolunu davam etdirdi. O da torpağın harayına biganə qalmadı, silaha sarılıb bir millətin qüruruna çevrildi.I Qarabağ müharibəsində şəhid olan Məhəmməd də bu müqəddəs ailənin Vətən uğrunda verdiyi qurbanlardan biri oldu. Bu ailənin keçdiyi yol bütöv bir xalqın həyat hekayəsidir.Bu Azərbaycanın hekayəsidir. Silahın və sözün birləşdiyi, səngərlə səhifənin eyni amal uğrunda döyündüyü müqəddəs bir yolun dastanıdır. Hamımıza məlumdur ki, 1941-1945-ci illər insanlıq tarixinin ən qanlı və amansız müharibəsi olan II Dünya Müharibəsi ilə yadda qalmışdır.Bu müharibədə milyonlarla insan həyatını itirmiş, dünya siyasi, iqtisadi və mənəvi baxımdan dərin dəyişikliklərə məruz qalmışdır.Azərbaycan xalqı da bu sınaqdan böyük əzmkarlıqla keçmiş, həm ön, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Bu qəhrəmanlıq salnaməsinin parlaq simalarından biri də Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədovdur.Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, vətənpərvərliyi və şəhidliyi Azərbaycan xalqının milli ruhunun təcəssümüdür.Azərbaycan müharibənin ilk günlərindən etibarən həm döyüş cəbhələrinə minlərlə oğul və qızını səfərbər etmiş, həm də arxa cəbhədə neft sənayesi və hərbi təchizat baxımından Sovet İttifaqının dayaqlarından birinə çevrilmişdi. 600 mindən çox azərbaycanlı müharibəyə getmiş, onlardan təxminən yarısı geri dönməmişdir.123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan biri də Cəmil Əhmədov olmuşdur.Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov1924-cü ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olmuşdur.1942-ci ildə cəbhəyə yollanmış, hərbi məktəbdə təhsil alaraq leytenant rütbəsi ilə qvardiya bölməsində xidmət etmişdir.1944-cü ilin yayında Belorusiya ərazisində aparılan strateji əməliyyatlarda onun göstərdiyi şücaət xüsusi qeyd olunmalıdır. 25 iyul 1944-cü ildə Tremlya çayını birinci keçən bölməyə rəhbərlik etmiş, düşmən müqavimətinə baxmayaraq mövqeyini qoruyub saxlamış və əməliyyatın uğurla nəticələnməsində həlledici rol oynamışdır.Cəmil Əhmədovun rəhbərliyi və şəxsi nümunəsi döyüşçülərdə yüksək döyüş ruhu yaratmışdı. Lakin qəhrəman zabitimiz 2 sentyabr 1944-cü ildə Polşa ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi Varşavada Sovet əsgərləri üçün ayrılmış hərbi qəbiristanlıqda dəfn edilmişdir. 1945-ci il 24 mart tarixində ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.Cəmil Əhmədov təkcə düşmənə qarşı deyil, qorxuya, ümidsizliyə və təslimiyyətə qarşı döyüşürdü. Onun timsalında Azərbaycan gəncinin müharibəyə münasibətini, torpağa, xalqa və azadlığa olan sədaqətini görmək mümkündür. Azərbaycan tarixində adını qızıl hərflərlə yazdıran Cəmil Əhmədov həyat yolu, mübarizəsi və şəhidlik zirvəsinə ucalması təkcə ailəsi üçün deyil, bütöv bir xalq üçün fəxr və qürur mənbəyidir.Bu gün Cəmil Əhmədovun həyatı və qəhrəmanlığı məktəblərdə, muzeylərdə, ədəbi əsərlərdə yaşadılır. Azərbaycan xalqı bu qəhrəmanları unutmayacaq, onların göstərdiyi fədakarlığı daim yad edəcəkdir.Cəmil Əhmədovun həyat yolu, qəhrəmanlığı və şəhidliyi müasir nəsillər üçün tükənməz bir ilham mənbəyidir. Müharibənin 80 illiyi qeyd olunan bir zamanda belə igidlərin adlarını anmaq, onları tanıtmaq həm borcumuzdur, həm də gələcək nəsillərə tarix dərsi verməyin ən təsirli yoludur. Onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, Azərbaycanın vətənpərvərlik ənənələri üçün örnək olacaqdır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Məlum olduğu kimi, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bunu Birinci vitse-prezidentin planetimizin ən müxtəlif bölgələrində, eləcə də Rusiyada mədəni-humanitar sahədə həyata keçridiyi uğurlu fəaliyyətlə əalqələndirib: “Heç kimə sirr deyil ki, hörmətli Mehriban xanım yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da mədəni-humanitar baxımından geniş fəaliyyət ortaya qoyur, bəşəri dəyərləri rəhbər tutaraq mühüm layihələrin həyata keçirilməsinə dəstək verir. Bu baxımdan Birinci vitse-prezidentimizin, həmçinin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyada humanitar xarakterli mühüm işlər gördüyü, böyük yeniliklərə imza atdığı məlumdur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev Fondu Rusiyanın paytaxtı Moskva şəhərində, eləcə də bu ölkənin 10-dan çox regionunda uşaq evlərinin, məktəblərin təmirindən tutmuş, tarixi-mədəni və dini abidələrin bərpasına qədər bir çox sahədə uğurlu layihələr həyata keçirib, xalqlararası mədniyyət və dostluğa böyük töhflər verib. Bu baxımdan Mehriban xanımın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsi təqdirəlayiqdir və hər birimizdə qürur hissi doğurur”. Polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsini bütövlükdə Azərbaycan xalqının humanizminə, xeyirxahlığına verilən qiymət kimi xarakterizə edib: “Azərbaycan dövləti hər zaman öz milli maraqları ilə yanaşı, həm də ümumbəşəri maraqları, bütün insanlığın və planetin maraqlarını əsas götürüb, atdığı hər bir addımda məhz bu prinsipə istinad edib. Prezidentimizin pandemiya dönəmində Afrika və Asiya ölkələrinə verdiyi dəstək bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da, onun rəhbərlik etdiyi Fond da məhz ümumbəşəri dəyərlər və maraqlar aspektində böyük nailiyyətlərə imza atıb. Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının ən ali keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirib. Bu mənada hörmətli Mehriban xanıma verilən bu təltifi bütövlükdə Azərbaycan xalqına, xalqımızın sonsuz humanizmi və xeyirxahlığına verilən qiymət hesab edir, bu münasibətlə Birinci vitse-prezidentimizin timsalında, həm də Azərbayacn xalqını təbrik edirəm”. Seymur ƏLİYEV
Hamısını oxu
"Hörmətli İlham Heydər oğlu. Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər. Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq. Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm".
Hamısını oxu
Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı
Hamısını oxu
Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı. 28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu