Please ensure Javascript is enabled for purposes of website accessibility
Организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики
Мы всегда должны использовать опыт ветеранов
Гейдар Алиев

Последние новости

Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği
Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı

Читать далее
Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı
Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı

Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı.  28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və  Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Читать далее
Polkovnik Cəlil Xəlilov Moskvadakı beynəlxalq konfransda çıxış edib
Polkovnik Cəlil Xəlilov Moskvadakı beynəlxalq konfransda çıxış edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib.   Çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi tarixi töhfədən ətraflı bəhs edən Təşkilat sədri, Bakı neftçilərinin fədakar əməyindən, azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, faşizm üzərində zəfərədə həlledici rol oynayıb.   Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsinin vacibliyinə toxunub. Təşkilat sədri qeyd edib ki, azərbaycanlılar sadəcə keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb. Bu baxımdan onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi, mənəvi borcun yerinə yetirilməsi baxımından zəruridir.   Məlumat üçün qeyd edək ki, polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının  İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixləri müddətində növbəti plenumu,  “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda beynəlxalq konfransda çıxış etməklə yanaşı, Moskva şəhərinin veteran fəalları ilə də görüşləlr keçirib.   Seymur ƏLİYEV

Читать далее
Qəhrəmanlar unudulmur! Yaraları Sararaq Qazanılan Qələbə: Klavdiya İvanovna Kuvayeva
Qəhrəmanlar unudulmur! Yaraları Sararaq Qazanılan Qələbə: Klavdiya İvanovna Kuvayeva

Tarixin yaddaşında iz buraxan insanlar vardır. Onların adları bəzən çəkilmədən qalır, lakin etdikləri fədakarlıq millətlərin taleyində silinməz izlər qoyur. Klavdiya İvanovna Kuvayeva Böyük Vətən Müharibəsində öz yoluyla döyüşmüş azərbaycanlı hərbi tibb bacısı məhz bu qəhrəmanlardan biridir. Onun həyatı, mərdliyi və sədaqəti bu gün bizə yalnız keçmişi deyil, həm də insanlığın və vətənpərvərliyin əbədi dəyərlərini xatırladır. 1923-cü ilin sentyabrında Bakı şəhərində dünyaya göz açan Klavdiya İvanovna, 1942-ci ildə tibb institutunu bitirərək Şamaxıya işləməyə göndərilir. Lakin 1944-cü ilin yanvarında Vətən onu mübarizəyə çağırır. O, tərəddüd etmədən Birinci Ukrayna Cəbhəsinə yola düşmüş və ondan sonra müharibənin qanlı səhnələrində əsgərlərlə çiyin-çiyinə mübarizə aparmağa başlamışdı. Klavdiya İvanovna sadəcə tibb bacısı deyildi. O, həm də döyüş meydanında həyatla ölüm arasındakı incə xətti qoruyan bir mələk idi. Yaralı əsgərlərin həyatını xilas etməklə yanaşı, onların ruhunu da yaşatmağa çalışırdı. Cəbhədə ponton körpülərdən keçərkən Oder və Elba çaylarının sahillərində, ağır döyüşlərin içində tibb batalyonlarında əsgərlərə şəfa verir, onlara güc verirdi. Qafqazın və Ukraynanın azad olunmasında iştirak etmiş, baş serjant kimi Drezdenə qədər irəliləmişdi. Qələbə xəbərini də məhz orada, sevincli insanların arasında qarşılamışdı. 1945-ci ildə müharibə başa çatdı. 27 milyondan çox insanın həyatına son qoyan Böyük Vətən Müharibəsi Sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində əbədi iz buraxdı. Azərbaycan müharibəyə 100 minlərlə oğul və qız göndərdi, onların yarısı geri qayıtmadı.  Ön cəbhədə vuruşanlarla yanaşı, arxa cəbhədə çalışan həkimlər, tibb bacıları, mühəndislər və fəhlələr də bu qələbəyə böyük töhfələr verdilər. Müharibədən sonra Klavdiya İvanovna doğma Bakıya qayıtdı və 24 il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında katib kimi çalışdı. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. Lakin onun ən böyük mükafatı sağaltdığı əsgərlərin, xilas etdiyi həyatların minnətdarlığı idi. Bu gün Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev müharibə veteranlarının xidmətlərinə yüksək qiymət verir. Veteranlara sosial dəstək proqramları, müavinətlər, mənzillərlə təmin olunma və dövlət tədbirlərində onların xüsusi ehtiramla qarşılanması bu diqqətin bariz nümunəsidir. Prezidentin təşəbbüsü ilə hər il 9 May Qələbə Günü münasibətilə tədbirlər keçirilir, sağ qalan veteranlar təltif edilir, dünyasını dəyişənlərin xatirəsi isə dərin hörmətlə yad olunur. Bu siyasət bir millətin öz tarixinə sahib çıxmasının təzahürüdür. Klavdiya İvanovna Kuvayeva bir tibb bacısının timsalında minlərlə adsız qəhrəmanın təmsilçisidir. Onun həyatı sübut edir ki, bəzən qəhrəman olmaq üçün silah tutmaq yox, yaraları sarmaq, ümid vermək və insan canını qorumaq yetərlidir. O, yalnız döyüş meydanında deyil, insanlıq tarixində də qalib gəlmiş bir qadındır. Bugün bizlər üçün onun bircə arzusu qaldı: “İnsanların və sağ qalanların şücaətini mümkün qədər tez-tez xatırlayın.” Bu sözlər gələcək nəsillər üçün bir çağırış, bir vəzifədir.  Tarixi unutma, qəhrəmanı tanı, sülhə sahib çıx! Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Читать далее
Geosiyasi çağırışlara uğurlu cavab
Geosiyasi çağırışlara uğurlu cavab

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş, prinsipial siyasət yürüdən dövlət kimi təsdiq edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsində həlledici rol oynayır.2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.Son səfər və müsahibə göstərir ki, iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu görüş 2024-cü ilin iyul ayında baş tutub və bu görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Həmin görüşdə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Aprel səfəri çərçivəsində isə iki ölkə arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" imzalanıb. Bu sənədin imzalanması, eyni zamanda müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin qəbul edilməsi, əməkdaşlığın hərtərəfli və dərin olduğunu təsdiqləyir. Milli maraqlara hörmət və qarşılıqlı dəstək də əsas diqqət çəkən məqamlardır.Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir.Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu "Çinin yaxın dostu" adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub.Çin modeli və Azərbaycanda islahatlar barədə də bəzi nüansları qeyd etmək yerinə düşər.Çinin modernləşməsi və iqtisadi tərəqqisi bir çox ölkələr üçün olduğu kimi Azərbaycan üçün də ilham mənbəyi olub. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın daxili sabitliyi qorumaq, iqtisadi islahatlar aparmaq və sosial rifahı artırmaq siyasəti Çinin inkişaf təcrübəsindən bəhrələnərək həyata keçirilib. Azərbaycanın bu gün malik olduğu möhkəm iqtisadi təməl və aşağı səviyyədə xarici borc, yoxsulluğun və işsizliyin azalması, yaşıl enerji strategiyası da bu müsbət təsirlərin bariz nümunəsidir.Bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.İqtisadiyyatla yanaşı humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi prioritetdir.İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda Çin dili və mədəniyyəti ilə bağlı layihələrin icrası, həmçinin Çində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması bu siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev Çində Çin-Azərbaycan Universitetinin yaradılmasını da vacib perspektiv kimi qeyd etdi.Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında viza rejiminin tamamilə aradan qaldırılması oldu. Azərbaycan bir il əvvəl birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə hər iki ölkə arasında qarşılıqlı vizasız gediş-gəliş tətbiq edilir. Bu addım turizm, xalqlar arasında əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açır. Statistikaya baxanda görünür ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Prezident İlham Əliyev qeyd etdi ki, Çin hazırda Azərbaycanın idxal baxımından birinci, ümumi ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Azərbaycanın Çində açdığı 6 Ticarət Evi isə məhsulların Çinə ixracını təşviq edir.Hesab edirəm ki, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səslənən fikirlər Azərbaycanın yeni dünya düzənində layiqli yer tutduğunu və beynəlxalq əməkdaşlıqda balanslı siyasət yürütməyə davam etdiyini göstərir. Azərbaycanın prinsipial mövqeyi — suverenlik, müstəqillik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər — ölkəmizi yeni imkanlar qarşısında daha da gücləndirir.Nəticə etibarilə, dövlətimizin başçısının bu müsahibəsi, Azərbaycanın xarici siyasətinin düzgün, uzaqgörən və dinamik olduğunu bir daha təsdiq edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək. Məşhur MəmmədovMilli Məclisin deputatı

Читать далее
Qəhrəmanlar unudulmur! Bir Ömürlük Qəhrəmanlıq: Ruşan Məhərrəmovun İbrətamiz Həyat Yolu
Qəhrəmanlar unudulmur! Bir Ömürlük Qəhrəmanlıq: Ruşan Məhərrəmovun İbrətamiz Həyat Yolu

Tarixi yaddaş qəhrəmanların həyat yolu ilə yaşayır. Müharibələr millətlərin ən çətin sınağıdır və bu sınaqdan keçənlər tarix boyu unudulmaz iz qoyurlar. Azərbaycan xalqı da Böyük Vətən Müharibəsində öz fədakarlığı, igidliyi və qətiyyəti ilə seçilmiş, minlərlə soydaşımız cəbhəyə yollanaraq ümumi qələbəyə töhfə vermişdir. Bu qəhrəmanlardan biri də Ruşan Məhərrəmovdur. Onun həyatı və döyüş yolu təkcə şəxsi şücaətin deyil, eyni zamanda xalqımızın ümumi xidmətlərinin güzgüsüdür. 1922-ci ildə Beyləqanda doğulan Ruşan Məhərrəmov gənclik illərində arzu və ümidlərlə dolu idi. Lakin 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu bu arzuları yarımçıq qoydu. Minlərlə azərbaycanlı gənc kimi o da könüllü olaraq cəbhəyə yollandı. Müharibə zamanı Ruşan Məmmədov 416-cı Taqanroq diviziyasının 73-cü motoatıcı polkunda pulemyotçu olmuşdur. Mazdok və Taqanroq şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərlə yüzlərlə alman hərbçisi və texnikasını sıradan çıxarmışdır. Sambel təpələri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 22 yanvar 1943-cü ildə ağır yaralandıqdan sonra yeddi gün düşmən səngərinə yaxın döyüş sahəsində qalmışdır. Nəticədə 21 yaşında ikən hər iki ayağını itirmişdir. 1943-44-cü illərdə Qroznı, Mahaçqala və Bakıdakı hərbi hospitallarda müalicə almışdır. Müalicəsi tamamlandıqdan sonra bir müddət hərbi əlillər evində qalmışdır. Yaralandıqdan doqquz il sonra 1950-ci ildə ata yurduna qayıtmışdır. Bu qayıdış həm də mənəvi iradənin, xalqın ruhunun qələbəsi idi. Ruşan Məhərrəmov Müharibədəki fəaliyyətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Bu medallara nümunə kimi 1-ci dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni və “Mı Pobedili” (“Biz Qalib Gəldik”) medalı xüsusi yer tutur. Ruşan Məhərrəmovun həyatı sübut edir ki, qəhrəmanlar unudulmur. Onların adı tarixdə, əməlləri isə ürəklərdə yaşayır. Ruşan Məhərrəmov 2008-ci ildə 86 yaşında Beyləqanda vəfat etmişdir. Əsrin dahi siyasi liderlərindən biri olan Ümummilli lider Heydər Əliyev müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioriteti kimi saxlamışdır. Onun təşəbbüsü ilə müharibə iştirakçılarının sosial təminatı yaxşılaşdırılmış, onlara yüksək ehtiram göstərilmiş və gənc nəslin onları tanıması üçün müxtəlif təşəbbüslər həyata keçirilmişdir. Heydər Əliyev deyirdi:“Keçmişinə sahib çıxmayan xalqın gələcəyi olmaz.” Bu düşüncə ilə o, Azərbaycanın qəhrəman oğullarının xatirəsinin əbədi yaşadılmasına çalışırdı. Ruşan Məhərrəmovun həyatı və qəhrəmanlığı bizə bir daha sübut edir ki, igidlər təkcə döyüş meydanında deyil, həm də həyatın çətinlikləri qarşısında sınanmaqla qəhrəman olurlar. O, həm ön cəbhədə, həm də müharibədən sonra göstərdiyi iradə ilə əsl xalq qəhrəmanına çevrildi. Bu gün biz onu və onun kimi minlərlə igidin adını hörmətlə anırıq. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq salnaməsi, o cümlədən xalqımızın müharibədəki ümumi xidmətləri Heydər Əliyevin diqqəti nəticəsində unudulmadı. Ruşan Məhərrəmovun adı sadəcə tarixdə deyil, hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır. Onu xatırlamaq isə bu gün keçmişə ehtiram, gələcəyə ümid deməkdir.

Читать далее
Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər
Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətləri əsrlərin sınağından çıxmış dostluq,qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur.Bu münasibətlər tarixdən gələn ortaq mədəni dəyərlərə,dini yaxınlığa, etnik və coğrafi bağlılığa əsaslanmaqla yanaşı, müasir dövrdə hər iki ölkənin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər bu münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan-İran münasibətləri qarşılıqlı etimada və bir-birinin suverenliyi, ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.Bu səfər çərçivəsində imzalanmış sənədlər, aparılan danışıqlar və geniş fikir mübadiləsi göstərdi ki, hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək əzmindədir.Əldə olunmuş razılaşmalar təkcə ikitərəfli formatda deyil, həm də regional və çoxtərəfli əməkdaşlıq müstəvisində böyük əhəmiyyət kəsb edir.Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı və onun region ölkələri üçün iqtisadi səmərəsinin artırılması məqsədilə Azərbaycan tərəfindən reallaşdırılan infrastruktur layihələri bu əməkdaşlığın strateji dəyərini daha da artırır. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan artan yük həcmini qarşılamaq məqsədilə nəqliyyat və logistika imkanlarını genişləndirməkdədir. Humanitar, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də səfərin əsas gündəm mövzularından biri olmuşdur.Qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkili ilə bağlı qəbul edilmiş qərar xalqlarımız arasında mədəni dialoqun davamlılığını təmin edəcəkdir.  Prezident Pezeşkianın sözlərinə görə, ortaq dini, etnik və tarixi dəyərlər Azərbaycan-İran münasibətlərinin təməlini təşkil edir və bu birliyi heç bir xarici güc poza bilməz. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.İran Prezidenti də çıxışında “Özümüzü Azərbaycanda yad ölkədə yox, sanki Təbrizdə, Ərdəbildə hiss edirik” deməklə bu mənəvi yaxınlığın nə qədər real və dərin olduğunu bir daha göstərdi. Səfər çərçivəsində həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir-birinə dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda iki ölkənin nümayəndələri ənənəvi olaraq bir-birini dəstəkləməkdədir.Prezident Pezeşkian bəyanatında Azərbaycanın regional və beynəlxalq siyasətdə göstərdiyi əzm və iradəni yüksək qiymətləndirmiş, gələcəkdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat və təhlükəsizlik sahələrində daha əhatəli strateji planların hazırlanacağını qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, gələcək nəsillər bu gün əsası qoyulan əməkdaşlıqdan qürur duyacaqdır. Azərbaycan və İranın strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı iqtisadi rifahın təmin edilməsi və mədəni yaxınlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tərəfdaşlıq bir daha göstərdi ki, bölgənin gələcəyi bölgə ölkələrinin öz əlindədir və dialoq, qarşılıqlı hörmət, birgə layihələr bu gələcəyin ən etibarlı təminatıdır. Azərbaycan-İran münasibətlərinin bu tarixi görüşlə yeni mərhələyə qədəm qoyması təkcə dövlətlərin deyil, xalqların da könül bağlarını biraz da möhkəmləndirdi. Bu, sadəcə diplomatik sənədlərin imzalanması deyil, qəlblərin yaxınlaşması, tarix boyu birgə addımlamış iki xalqın yenidən bir cərgədə dayanması anlamına gəlir. Təcrübəli dövlət adamlarının bu uzaqgörən siyasətinə veteranlarımız, ziyalılarımız da xüsusi dəyər verir. Ölkənin hər yerində bu səfər, səmimi çıxışlar və verilən mesajlar böyük rəğbətlə qarşılandı.  İran prezidenti Məsud Pezeşkianın görüş zamanı belə bir fikir səsləndirdi: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.” İran Prezidenti Məsud Pezeşkianın Qarabağ məsələsində verdiyi qəti və prinsipial mövqe sadəcə cari siyasi jest deyil, həm də strateji mahiyyət daşıyan, uzunmüddətli dövlət iradəsinin bəyanı kimi dəyərləndirilməlidir. 30 il işğal siyasəti yürütmüş Ermənistana müxtəlif mərhələlərdə birbaşa və ya dolayısı ilə dəstək verən qüvvələrin mövcud olduğu bir vaxtda bu cür açıq və qəti mövqe təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır. Prezident Məsud Pezeşkian bu bəyanatı ilə yalnız şəxsi və ya hökumətinin mövqeyini deyil, həm də İran dövlətçiliyinin gələcək xəttini müəyyənləşdirən bir siyasi yanaşmanı göstərdi. Onun sözləri gələcəkdə İranda hakimiyyətə gələcək istənilən rəhbər üçün sözün əsl mənasında “miras” rolunu oynayacaq. Belə ki, bu bəyanat İranın ərazi bütövlüyü prinsipinə söykənən, qonşuluq və regional sabitlik əsaslı siyasətinə sadiqliyinin bariz ifadəsidir. Bu həm də bölgədə çoxmillətli oyunçuların, böyük güclərin və ikili standartlar siyasəti yürüdən dairələrin nəzərinə çatdırılan ciddi mesajdır ki, “Azərbaycanın ərazi bütövlüyü danışılası və ya müzakirə predmeti deyil” mənasına gəlir. İranın bu cür açıq və qəti bəyanatı regionda sülh prosesinin davamlılığına, erməni revanşizminin qarşısının alınmasına və gələcəkdə sərhədlərin toxunulmazlığı prinsipinin möhkəmlənməsinə mühüm töhfədir. Veteranlar bu qardaşlıq mesajlarını sabitliyin və sülhün zəmanəti kimi qiymətləndirir. Onlar yaxşı bilirlər ki, əgər bölgədə sülh varsa, sərhədlərimiz möhkəmdirsə bu həm də siyasi uzaqgörənliyin nəticəsidir. Bu görüş bir daha sübut etdi ki, sərhədlər qovuşdurur nəinki ayırır. Qonşuluq, tarix, ortaq mədəniyyət və etimad zamanın sınaqlarından çıxaraq xalqları daha sıx bağlayır. Bu gün Azərbaycan və İran arasında qurulan strateji tərəfdaşlıq körpüsü, sadəcə iqtisadi və siyasi maraqlar üzərində deyil qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında ucalmaqdadır. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın bu siyasi iradəsi gələcək nəsillərə miras qalacaq dostluq abidəsinin təməl daşıdır ki, o təməl daşı üzərində yeni uğurlar, ortaq layihələr və daha sabit, daha firavan bir region ucalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Читать далее
Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı
Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən birini dünya miqyasında güc mərkəzlərindən olan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi işi təşkil edir. Bu siyasətin təməlində suverenlik, müstəqillik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə hörmət dayanır.  Çinlə ikitərəfli münasibətlərdə bu dəyərlərin qarşılıqlı qəbul olunması əməkdaşlığımızı daha da dərinləşdirir. 2023-cü il iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də Çinin aparıcı informasiya agentliyi Sinxuaya verdiyi müsahibədə bu Bəyannamənin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkilmiş, əməkdaşlığımızın gələcək inkişafı üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində bir sıra vacib prinsiplər önə çəkilmişdir. Bunlara qarşılıqlı hörmət, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq daxildir. Tərəflər vurğulamışlar ki, diplomatik münasibətlərin qurulmasından bəri yəni 1992-ci ildən etibarən əldə olunan nailiyyətlər yalnız başlanğıcdır və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi əsas hədəfdir. Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yeridən, regional və qlobal sülhə, sabitliyə töhfə verən mühüm tərəfdaşlardır. Bu baxımdan Astana görüşü zamanı iki ölkə liderlərinin qarşılıqlı səfərlər üçün dəvətləri, yüksək səviyyəli siyasi dialoqun davamlı olmasının göstəricisidir. Eyni zamanda nəqliyyat, logistika, enerji kimi sahələrdə əməkdaşlıq gündəlikdə xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz layihəsi, Çinlə Avropa arasında təhlükəsiz, sürətli və səmərəli birləşdirici marşrut kimi diqqətəlayiqdir. Bu infrastruktur təşəbbüsləri hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun inteqrasiyasına da ciddi töhfə verir. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməkdə maraqlıdırlar. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan etmiş, bu prinsiplərin pozulmaz olduğunu vurğulamışdır. Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən model bir münasibətdir. Mövcud razılaşmalar və qarşılıqlı etimada əsaslanan bu əlaqələr gələcək onilliklərdə daha da inkişaf edəcək, ortaq maraqlara xidmət edəcəkdir. Bu münasibət təkcə ikitərəfli əlaqələrin deyil, həm də Asiya ilə Qafqazı, Şərqlə Qərbi birləşdirən böyük bir sülh və əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilməkdədir. Bu tərəfdaşlıq dərin geosiyasi dəyişikliklərin fonunda müstəqilliyini qoruyub saxlayan, öz yolunu azad şəkildə seçən Azərbaycanın dünyaya açılan mühüm pəncərələrindən biridir. Əminliklə demək olar ki, mövcud razılaşmalar, iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahəsində əldə edilən uğurlar gələcək onilliklər ərzində də davamlı inkişaf üçün zəmin yaradacaq, xalqlarımız arasında dostluğu daha da dərinləşdirəcək. Bu strateji xəttə xalqımızın müxtəlif təbəqələri böyük dəyər verir. Onlar yaxşı bilirlər ki, davamlı sülh, güclü diplomatiya və sağlam beynəlxalq tərəfdaşlıqlar yalnız silah gücünü deyil, siyasi müdrikliyi və xalqın rifahını önə çəkən dövlətin gücünü göstərir. Veteranlarımız bu münasibətləri qazanılmış sabitliyin, qorunan ərazi bütövlüyünün, uğurla aparılan xarici siyasətin parlaq təzahürü kimi qiymətləndirir. Onlar üçün bu tərəfdaşlıq – sülhün, iqtisadi tərəqqinin və gələcək nəsillərə ötürüləcək etibarlı mirasın bir hissəsidir. Azərbaycan-Çin münasibətləri bu gün artıq model bir əməkdaşlıq nümunəsinə çevrilmişdir. Bu münasibət nəinki keçmişin təmkinli baxışını, bu günün uğurlu nəticələrini, eyni zamanda gələcəyin güclü təməlini əks etdirir. Bu tərəfdaşlıq körpüsünün hər bir sütunu dostluq, qarşılıqlı fayda və strateji sabitliklə ucaldılır ki, bu körpüdən gələcək nəsillər inamla keçəcəklərdir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Читать далее
Sərhəd məsələlərinə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir
Sərhəd məsələlərinə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir

Aprel ayının 25-də Respublika Veteranlar Təşkilatında tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycanın sərhəd məsələləri (1918–1920-ci illər)” kitabının təqdimatı keçirilmişdir. Təqdimat tədbirini giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məruzə ilə çıxış edən filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli müəllifin elmi, publisistik, bədii əsərləri və həyat yolu barədə qısa məlumat vermişdir. Tədbirdə Milli Məclisin deputatları – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, iqtisad elmləri doktoru Rövşən Muradov, tarix elmləri doktorları – Solmaz Tovhidi, Mehman Süleymanov, tarix üzrə fəlsəfə doktorları – Nigar Maksvell, dosent Firdovsiyyə Əhmədova, Məmməd Cəfərli, dosent Kamran İsmayılov, yazıçı Azad Qaradərəli, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü ehtiyatda olan polkovnik Adil Haqverdiyev, sərhədçi veteran ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, təhlükəsizlik orqanlarının veteranı ehtiyatda olan polkovnik Mahir Cavadlı çıxış etmiş kitabın aktuallığı, elmi və praktik əhəmiyyəti haqqında fikirlərini bölüşmüş, Azərbaycan sərhədlərinin müəyyən olunması sahəsində bu gün aparılan işlərdən danışmışlar. Məruzəçi və çıxış edənlər müəllifin ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə sərhədlərinin müəyyən edilməsi və mühafizəsi, ərazi-sərhəd məsələlərinin həlli istiqamətində hökumətin və parlamentin həyata keçirdiyi ardıcıl və səmərəli fəaliyyəti hərtərəfli təhlil edərək düzgün elmi nəticələr çıxardığını xüsusi vurğulamışlar. Həmçinin kitabın Dövlət Sərhəd Xidmətinin Akademiyasında, eləcə də digər hərbi təyinatlı təhsil ocaqlarında gələcək hərbçi kadrların hazırlanması işində və mütəxəssislər tərəfindən gərəkli vəsait kimi istifadə olunacağı bildirilmişdir. Tədbirdə çıxış edən Lətif Babayev bütün dövrlərdə aktual olan bir mövzunun işlənməsində dəyərli tövsiyələri ilə ona dəstək olmuş alim və mütəxəssislərə minnətdarlığını bildirmiş, Cümhuriyyət irsinin araşdırılmasının hər bir tədqiqatçı üçün şərəfli və məsuliyyətli iş olduğunu qeyd etmişdir. Təqdimatın sonunda tədbir iştirakçılarına müəllifin imzalı kitabları təqdim olunmuşdur.

Читать далее
Zakir Fərəcov beynəlxalq mükafata layiq görülüb
Zakir Fərəcov beynəlxalq mükafata layiq görülüb

Veteran.gov.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu “Türk Dünyasında ilin adamı” Beynəlxalq Diplomu və “Türk Birliyi” Medalı ilə təltif edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 mart 2025-ci il tarixli, 03 saylı qərarı ilə “Türk Dünyasında ilin adamı” (İlin icra başçısı) seçilmişdir. Eyni zamanda “Türk Birliyi” (Turan) medalı ilə təltif edilmişdir.  

Читать далее
Qəhrəmanlar unudulmur! Qələbənin 80 İlliyi və Azərbaycan Qadınlarının Cəsarəti
Qəhrəmanlar unudulmur! Qələbənin 80 İlliyi və Azərbaycan Qadınlarının Cəsarəti

2025-ci il tarixə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi kimi daxil olur. Bu əlamətdar tarix təkcə bir müharibənin sonunu deyil, eyni zamanda minlərlə insanın o cümlədən Azərbaycan qadınlarının göstərdiyi qəhrəmanlıq və fədakarlığın rəmzidir. Bu gün biz təkcə silahla döyüşənləri deyil, həm də döyüş bölgələrində, hospitallarda, arxa cəbhədə çalışan cəsur qadınlarımızı minnətlə xatırlayırıq. Azərbaycan qadını tarix boyu mərdliyi, əzmkarlığı və vətənə sədaqəti ilə seçilmişdir. Böyük Vətən Müharibəsi dövründə isə bu xüsusiyyətlər bir daha parlaq şəkildə özünü göstərdi. Müharibənin başlanması ilə minlərlə azərbaycanlı qadın silaha sarıldı, cəbhəyə könüllü şəkildə yollandı, hospitallarda tibb bacısı və həkim kimi çalışmağa başladı, ərzaq təminatı, vətənpərvərlik ruhunun qorunması kimi mühüm işlərdə iştirak etdi. Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sərt sınaq yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində öz imzalarını atdılar. Onların arasında Katyuşa Mixaylova, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Simruk Hacıyeva, Pakiza Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Ahmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Azərbaycandan ilk hərbi həkimlər arasında isə Aliyə Rüstəmbəyova yer alırdı. Cəbhə bölgəsində olan bütün çətinliklərə o, cəsarətlə sinə gəlirdi. Bu cəsur qadınlardan biri də II Dünya Müharibəsi dövründə böyük fədakarlıq göstərmiş qəhrəman həkim Səfurə Məlikyeqanovadır. Səfurə xanım 1920-ci il aprelin 25-də Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusunda insanlara kömək etmək, onların sağlamlığının keşiyində durmaq istəyi var idi. Bu istəyin arxasınca gedərək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alır. Lakin o illər müharibə illəri idi. 1942-ci ildə artıq faşist Almaniyası SSRİ torpaqlarına hücum etmiş, döyüşlər qızğın bir mərhələyə keçmişdi. İnstitutunu bitirdikdən dərhal sonra Səfurə Məlikyeqanova könüllü olaraq cəbhəyə yollanır. 21 yaşında olmasına baxmayaraq, o, igidliklə döyüş bölgələrində xidmət edir. Müharibə dövründə tibb xidməti baş leytenantı hərbi rütbəsinə yüksəlmişdir. Onun döyüş yolu İkinci Ukrayna cəbhəsinin 94-cü qvardiya diviziyasının piyada batalyonundan başlayır. Diviziya komandanının əmri ilə batalyona həkim təyin olunan Səfurə xanım, döyüş bölgələrində kişilərə xas cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını xilas edir, onlara yerindəcə tibbi yardım göstərir. Kursk, Xarkov, Podolsk və Belqorod uğrunda gedən ağır döyüşlərdə iştirak edən Səfurə Məlikyeqanova bir dəfə yaralansa da, tezliklə qayıdır və fəaliyyətinə davam edir. Öz xatirələrində yazırdı: “Döyüşlər o qədər amansız idi ki, nə soyuğu, nə yorğunluğu, nə də yuxusuzluğu hiss edirdik.” Bu sözlər onun fədakarlığının, peşəsinə və vətənə bağlılığının bariz nümunəsidir. 1944-cü ildə o, Xarkov şəhərindəki hərbi hospitalda ordinator olaraq fəaliyyət göstərir. Müharibə bitmədən az əvvəl bir qrup qadın həkimlə birlikdə Moskva Hərbi Dairəsinə göndərilir. Daha bir il xidmət etdikdən sonra təxris olunur və doğma vətəni Bakıya qayıdır. Müharibə illərində göstərdiyi xidmətlərə görə Safura Məlikyeqanova “İgidliyə görə”, “1941-45-ci illər Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbəyə görə”, “Döyüş xidmətinə görə”, medalları ilə təltif olunmuşdur.  Bunlardan əlavə müharibədən sonrakı dövrdə  1947-ci ildə “döyüş xidmətlərinə görə” medalı, 1967-ci ildə “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı, 1980-ci ildə “2-ci dərəcəli Qırmızı Əmək Sancağı” ordeni, 1985-ci ildə “1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi” yubiley medalı və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeniylə təltif edilmişdir. Səfurə Məlikyeqanovanın müharibədən sonrakı fəaliyyəti də uğurlarla yadda qalmışdır. Bakıya döndükdən sonra Binəqədi rayonundakı 6 saylı tibb məntəqəsinə baş həkim təyin olunmuşdur. Ardından isə 39 saylı poliklinikada baş həkim vəzifəsində çalışmışdır. Yaşadığı rayonun siyasi həyatında da fəal şəkildə iştirak edən Səfurə Məlikyeqanova Şəhər Sovetinə bir neçə dəfə deputat seçilmişdir. Binəqədi Rayon Qadınlar Şurasının sədri kimi fəal iş aparmışdır. Səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar həkim” fəxri adlarıyla təltif edilmişdir. Səfurə xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü, iradəli və vətənpərvər olduğunu bir daha görürük. Qələbənin 80 illiyi münasibətilə biz bu igid qadınların adlarını qürurla xatırlayır, onların fədakarlığını ehtiramla yad edirik. Bu tarix həm də gənc nəsil üçün bir çağırışdır. Vətən sevgisi, cəsarət və əqidə hər bir dövrdə aktuallığını qoruyan əbədi dəyərlərdir. Bu gün müstəqil Azərbaycanın inkişafında, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə fəal iştirak edən qadınlarımız, keçmişin qəhrəman qadınlarının varisləridir. Səfurə Məlikyeqanova kimi qəhrəman Azərbaycan qadınının izi bu gün də yaşayır və yaşadılır. Qələbənin 80 illiyi bizim üçün yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də xalqımızın əzmini, birliyini və Azərbaycan qadınının misilsiz cəsarətini bir daha xatırladan qürurverici gündür. Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Читать далее
Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!
Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi.  Tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb. Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır. Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Читать далее