Последние новости

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.
Читать далее
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Читать далее
İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb. Axar.az xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar. Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb. Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir. Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.
Читать далее
Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Читать далее
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib. Bununla bağlı ƏƏSMN məlumat yayıb. Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımızın sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər. Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib. Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib. Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Читать далее
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.
Читать далее
Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir. Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:
Читать далее
“Silah yoldaşım yanımda snayper gülləsindən yaralandı. Əlini sıxdım ki, qorxma, çıxacağıq, yaşayacaqsan. Son nəfəsində mənə evlərinin nömrəsini verib, ailəmə xəbər verərsən deyib qollarımda şəhid oldu...İnsan o görüntüləri yaddaşından silə bilmir, bu gün də mən gözlərimi yumub rahat yuxu yata bilmirəm...” Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir. 44 günlük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2783 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Elə bu dəfə ki, müsahibimiz kimi. Müharibə başlayandan orduya can atan Mehdiyev Samir Nizami oğlu səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. Zabit kimi Vətən müharibəsində iştirak edən Samir deyir ki, döyüşlərə tağım komandiri kimi başlayıb. - Döyüşlərə hansı istiqamətdə başladınız? - Füzuli istiqamətindən döyüşlərə başladıq. Bizim tabor bu istiqamətdə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi. Biz Füzuliyə girəndə ermənilər döyüşmək yerinə silahlarını, mövqelərini qoyub qaçırdılar. Bəlkə də bir neçə saatın içində Füzulini ermənilərdən təmizlədik. Daha sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Hadrut istiqamətində də çox gərgin döyüşlər oldu. Düşmənin döyüş meydanında qoyub-qaçdığı zirehli texnikaları, silah-sursatları qənimət kimi götürürdük. Onların mövqelərini tuta-tuta irəliləyirdik. Boşaldılan kəndləri gördükcə insanın ürəyi ağrıyırdı. Bizim torpaqlarımızı, ata-baba evlərimizi darmadağın ediblər. - Yaralandığınız istiqaməti xatırlayırsızmı? - Xocavənd istiqamətindəki döyüşlərdən sonra Şuşa uğrunda döyüşlərə qoşulduq. Səngərlərdə mövqelərimizi tuturduq. Hər səngərdə demək olar ki, 3-4 nəfər olurduq. Şuşanın girişinə çox az qalmışdı. Düşmən minaatandan atəş açdı. Çox təəssüf ki, mərmi səngərdə dayanan əsgərin üzərinə düşdü. Bir anlıq hər kəs yerində dondu qaldı. Gözümüzün önündə yox oldu... Qanı üzərimizə sıçradı. Mən və zabit yoldaşım isə qəlpə yarası aldıq. Ayağımdan bir neçə yerdən qəlpə yarası aldım, mərminin dalğası isə aşağı ətrafları yandırdı. Şokdan çıxa bilmirdik. Əsgərlər bizi yaralı halda sürüyə-sürüyə təhlükəsiz mövqelərə gətirdilər. Oradan təcili tibbi yardım maşını ilə Füzuli rayon xəstəxanasına gətirildim. İlkin yardım edildikdən sonra Bakıya göndərdilər. - Bəs o səngərdə şəhid olan əsgər...? - Özümə gələn kimi, o əsgərin ailəsini ziyarət edəcəm. O gənc qəhrəman özü bilmədən digərlərinin həyatını xilas etdi. O qədər cəsur, mərd əsgər idi, sizə onu ifadə edə bilmirəm. Ömür boyu bu hadisə mənim hafizəmdən çıxmayacaq. Hər gözümü yumanda o gəlir gözümün önünə. Artilleriya atəşindən bir neçə dəqiqə qabaq isə əsgərlər çay istəmişdi. Həlak olan əsgər birinci dedi mən dəmləyərəm. Sonra bilmirəm nə oldusa, fikrini dəyişdi. Digər əsgər yoldaşı getdi, o qaldı. Bəlkə də o da əsgər yoldaşları ilə birlikdə getsəydi, indi sağ olardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyədə idi, can atırdılar ki, irəli getsinlər. Danışdıqca özümə yaxşı hiss etmirəm. O uşaqların üz-gözü yadımdan çıxmır. Səhər bir yerdə olduğun əsgərin bir neçə saat sonra nəşini daşımaq çox ağırdır...Bunu izah etmək olmur. Hər saniyənin öz hökmü olduğunu çox acı şəkildə yaşadıq... - Azad edilən ərazilərdə düşmən tərəfindən yerləşdirilən minalar çox idi? - Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüz, nə də əsgərlərimizi onların tələlərinə düşməyə icazə vermədik. Əraziləri, evləri minalayır, müxtəlif partlayıcı qurğular qoyurdular. Bəzən zirehli jiletlərini, bir neçə silahlarını ortalıq yerdə atıb, altına partlayıcı qoyurdular. Kəndlərdə isə küçəyə diqqət çəkmək üçün müxtəlif zinət əşyaları, avadanlıqlar qoyurdular. O qədər dilənçi millətdir ki, zənn edirdilər ki, bizim əsgərlər onları götürüb tələyə düşəcək. Əvvəla biz irəlidə əsgərlərin getməsinə icazə vermirdik. İkincisi isə heç kim ərazi təmizlənməmiş heç nəyə toxunmurdu. - Özünüzün qarşılaşdığınız və zərərsizləşdirdiyiniz partlayıcı olubmu? - Bir dəfə Cəbrayılda bir kəndə girdik. Kənddəki evlərdən birinin qapısında əl qumbaralarından ibarət “sürpriz” hazırlanmışdı. Biz onlardan daha ehtiyatlı davranıb hazırlanan qurğunu işə düşməmiş zərərsizləşdirdik. Şükür ki, heç bir itkimiz olmadı. Evlərin içərisində ermənilər gizlənə bilərdi, mülki əhali qala bilərdi. Ona görə biz bütün evlərə girib boş olduğunu yoxlayırdıq. - Sosial şəbəkələrdə evlərin anbarında şorabalardan, kompotlardan yeyən-içən əsgərlərin videoları paylaşılırdı. Hər kəs onlara görə narahat olurdu ki, zəhərli olar. Bəs siz istifadə edirdinizmi o qidalardan? - Xeyr, bizim qida ehtiyatımız var idi. Bütün hallarda müharibədir, çətinlik ola da bilərdi, amma bütün hallarda əsgərlərin o qidalara toxunmasına, yeməsinə icazə vermirdik. Onların təhlükəsizliyi naminə bu məsələdə qəti qərar verilmişdi. Siz təsəvvür etməzsiz, əhalidən bizə nə qədər qida, isti corab, papaq, əlcəklər göndərirdilər. Analarımız öz əlləri ilə yun corablar toxuyub göndərirdi. Onların əsasən, qoyunlarından, toyuqlarından kəsib kabab edirdik. Əsgərlərə şərait yaradırdıq ki, yorğunluqlarını belə atsınlar. - Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu? - Füzuli istiqamətində hücuma keçəndə bunker deyilən yerə hücuma keçdik. 28 ildə hazırladıqları bunkerlər artilleriya davamlı olduğu üçün silah-sursatları orada saxlayırdılar. Snayperlər, qumbaraatan qurğular orada saxlanılırdı. Biz hücuma keçəndə onlar gözlədilər. Bunkerlərə yaxınlaşdıqdan sonra düşmən bizi artilleriya atəşinə tutdu. Bir neçə əsgər, zabit yoldaşlarımız şəhid oldu. Təxminən 3-4 saat davam edən ağır döyüşlərdə təəssüf ki, itkilərimiz oldu. Yaralılarımızı təhlükəsiz mövqelərə çəkdik. Düşmən isə öz yaralılarını elə orda qoyub qaçırdı. Gecə isə şəhid olan yoldaşlarımızın nəşlərini neytral ərazidən götürdük. Füzulinin Əsləsgərli kəndinə hücuma keçərkən tabor komandirimiz mayor Azayev şəhid oldu. Düşmənin snayper atəşi ilə həlak olan mayor Azayev 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etdi. Ermənilər bizi mühasirəyə almağa cəhd etdilər, amma buna nail ola bilmədilər. Döyüş tapşırıqlarını yerinə yetirib, mövqelərimizi dəyişirdik. Düşmənin mövqelərində çox qalmaq olmurdu, çünki onlar ilk olaraq tərk etdikləri səngərləri atəşə tuturdular. - Ən uzun çəkən döyüş hansı oldu? - Hadrut istiqamətindən qızğın döyüşlər getdi. Yüksəklik olduğu üçün düşmən hər cür mənfur addımı atırdı. Lakin, sonunda haqq qazandı, biz qazandıq. Onları iti qovan kimi qovub, torpaqlarımızdan çıxardıq. - Şuşanın azad olunması xəbərini xəstəxanada aldınız? - Bəli. Ayın 5-i mən artıq xəstəxanada idim. Onda eşitdim ki, bizim tabor Şuşaya girib. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, əsgər yoldaşlarımız bizim yoxluğumuzda belə düşmənə Azərbaycan Ordusunun gücünü göstərdi. Kədərlənməyim isə Şuşaya girmək, azadlığı uğrunda döyüşdə iştirak etmək şərəfinə nail olmamağıma görədir. Amma Ali Baş Komandana təşəkkür edirəm ki, Vətən müharibəsində iştirak etmək şərəfinə layiq görülənlərdən biri oldum. - Yaralandığınızla bağlı ilk xəbəri kimə dediz? - Biz ailədə beş qardaşıq. Ortancıl qardaşıma mesaj yazdım. Anam xəstədir, qorxdum ki, narahat olar. Elə Füzulidə xəstəxanada qardaşıma mesaj yazdım ki, “Horadizdə hospitala düşmüşəm, heç kimə demə. Yaram yüngüldü”. Sonra zəng elədim ki, kənara çəkilər yəqin. Qardaşım da elə bilib ki, mən deyiləm, kimsə mənim adımdan yazıb. Qorxub. Söhbətimizə qoşulan qazımızın qardaşı Füzuli Mehdiyev deyir ki, səsini eşidənə qədər qardaşının şəhid düşdüyünü zənn edib: “Ağlıma o qədər fikirlər gəldi ki, narahat oldum. Düşündüm ki, ciddi nəsə olub. Mənə demirlər. Sonra səsini eşitdikdən sonra ürəyim yerinə gəldi. Düşündüm ki, atama necə deyim ki, qorxmasın. Bizim öz aramızda qərargah adlandırdığımız otağımız var. Həmişə orda oturub söhbət edirdik. Atamı otağa çağırdım, gələn kimi soruşdu ki, “Samirə nə olub?”. Dedim yaxşıdı, sadəcə yaralanıb. Elə həmin gün də Füzuliyə yola düşdük. Evə gələnə qədər anama demədik ki, Samir yaralanıb”. Qazimizin atası Nizami Mehdiyev isə oğlu ilə fəxr etdiyini deyir: “Beş oğlum var hamısını vətənpərvər ruhda böyütmüşəm. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibəyə könüllü olaraq yardım edənlərdən biri olmuşam. O vaxt 26 şəhidi daşımışdım, oğlum üçün bir anlıq həyəcan keçirdim. Şəhidlik ən uca zirvədir, təəssüflənməzdim. Amma atayıq, valideyn olduğumuz üçün ani olaraq sağ-salamat olduğunu eşitmək istəyirsən... Birinci mənə dedilər ki, Samirin ayağını çəkmə sürtüb, həkimə aparıblar. Özüm də ehtiyatda olan zabitəm, dedim məni aldatmayın. Nəhayət səs yazısını mənə dinlətdilər, canı üstündədir dedilər ürəyim sakitləşdi”. - 44 gün ərzində ailəniz ilə danışa bilirdinizmi? - Çalışırdım hər gün danışım. Lakin, imkan olmurdu. Orada dalğa tutmurdu. Elə olurdu günlərlə evi yığa bilmirdim. Ailəmdən, övladlarımdan ötrü darıxırdım. Həm də mən cəbhədə olanda qızımın ad günü oldu. Burda əlimdən gələn heç nə yox idi. Bu döyüşlərə gəlmişik ki, müharibə sabaha qalmasın, övladlarımıza qalmasın. Qızıma bir məktub yazdım. Xahiş etdim ki, ona çatdırsınlar. Qismətdir, bəlkə bir də görmək nəsib olmaz. Bilsin ki, atası harda olursa olsun onu da, qardaşını da bir an belə yadından çıxarmayıb. Sağ olsun qardaşım, məktubu qızıma çatdırıb. Onun da görüntülərini çəkib mənə göndərdi. Hisslərimi ifadə edə bilmirəm. Allah bütün əsgərləri ailələrinə, əzizlərinə qovuşdursun. Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm. Könül CəfərliFoto: Ramil Zeynalov
Читать далее
Prezident İlham Əliyev Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.
Читать далее
Prezident İlham Əliyev Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıbSərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Читать далее
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zirvəsi"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.
Читать далее
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Mustafayev Təhmasib Sərməst oğlu Vətən müharibəsinin şəhidlərindədir. Nazirlikdən Publika.az-a verilən məlumata görə, 31 yaşlı T.Mustafayev Cəbrayıl rayonunda doğulub. O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.
Читать далее