Ən son xəbərlər
5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi Veteran.gov.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsi qazilərlə bağlı nümunəvi addıma imza atıb. Belə ki, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələnib ki, bu da onların yeni həyata uyğunlaşması, məşğulluq probleminin həlli baxımından mühüm əhəmiyyətə malikdir. “Araz” supermarketlər şəbəkəsinin sosial şəbəkədəki rəsmi hesabında da bu barədə məlumat verilib. Məlumatda deyilir: “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazimiz İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi! Fəxr hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər. Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər. “Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlarını təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq qazilər “Araz” supermarketlər şəbəkəsinin HR komandasında təcrübə proqramı keçəcəklər. Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır. Belə bir layihənin bir parçası olmaqdan qürur duyuruq! Siz harada, “Araz” orada”. Seymur ƏLİYEV
Hamısını oxu
Xoş missiya "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib Veteran.gov.az xəbər verir ki, Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb. Xoşməramlı tədbir "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib. Məlumat üçün qeyd edək ki, istər "Benilüks Azərbaycanlıları Konqresi", istərsə də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı mütəmadi şəkildə şəhid və qazi ailələrinə diqqət göstərməkdə, oxşar layihələr həyata keçirməkdədir. Məlum aksiyalar şəhid və qazi ailələrinə diqqət və qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqda, təqdir olunmaqdadır. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu əməkdaşlıq xalqımızın və dövlətimizin maraqları baxımından son dərəcə əhəmiyyətlidir” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında məlum Forum və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” öz miqyas və mahiyyətinə görə mühüm əhəmiyyətə malikdir. Forumda ağsaqqallar və veteranlar arasında birgə əməkdaşlığın genişləndirilməsi, müxtəlif problemlərin həllində veteranların və ağsaqqalların səylərinin birləşdirilməsi qərara alındı ki, bu da milli maraqlarımızın müdafiəsi, dövlət maraqlarımızın qorunması baxımından olduqca önəmlidir. Həmçinin, Forumda bu da qərara alındı ki, bu məqsədlə birgə İşçi Qrupu yaradılsın, görüləcək işlərlə bağlı plan və proqram tərtib edilsin. Paytaxt və rayonlarda birgə tədbirlərin keçirilməsi, ağsaqqallar və veteranlarla gənclər arasında görüşlərin təşkil edilməsi də yaxın gələcəkdə atılması gərəkən addımlar sırasındadır. Hesab edirəm ki, Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək. Nəsillər arasında əlaqə bütün dövrlərdə aktual olub. Bu əlaqə nə qədər sıx, nə qədər ardıcıl olursa, qarşıya çıxan problemlər də o qədər azalır, xüsusi ilə ölkə öz gələcəyi baxımından daha etibarlı əllərdə olur, onun inkişafı, tərəqqisi üçün daha geniş imkanlar yaranır. Azərbaycan bu mənada həmişə fərqli bir məkan olub. Xalqımızın adət-ənənələri, keçdiyi tarixi yol Azərbaycanda nəsillər arasında bağlılığın qırılmaz bir proses olmasının sübutudur. Böyüyə hörmət, ağsaqqal-ağbirçək sözündən, öyüdündən nəticə çıxarmaq, gənclərə inam və etibar xalqımızın mentalitetini müəyyənləşdirən başlıca xüsusiyyətlərdən sayılıb. Dünən də, bu gün də belədir. Azərbaycan Silahlı Qüvvələrinin 30 il ermənilərin işğalı altında qalan əzəli dədə-baba torpaqlarımızın iğaldan qurtarılmasının başlıca mənbələrindən biri kimi, bizim gənclərin milli mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, öz ata-babalarının döyüş, qələbə yolunu davam etdirmək əzmində görürəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə vahid yumruğa çevirdiyi yenilməz Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələrdə bu ruh, bu əzm aydın duyulurdu. Azərbaycan əsgərinin qazandığı böyük Zəfərdə, göstərdiyi yüksək qəhrəmanlıqda babalarımızdan, atalarımızdan əxz etdiyi mərdlik, cəsarət, onların döyüş ənənələrindən gələn mənəvi güc vardı. Bu gün veteranlarımızın sıralarında olan İkinci Dünya Müharibəsinin qocaman iştirakçıları da bütün bu dəyərləri öz sələflərindən, imperiyalar, böyük dövlətlər, Cümhuriyyət quran babalarında əxz etmişdilər. Birinci və İkinci Qarabağ müharibəsinin veteranları isə həmin döyüş ruhunu və yenilməzliyi onlardan, alman faşizmini diz çökdürən balarından öyrənmişdilər. 44 günlük Vətən müharibəsi bu həqiqətlərin sübuta yetirildiyi bir müqəddəs savaş, Qarabağın xilası naminə bir mübarizə meydanı oldu. Biz bu bağları bu gün daha da möhkəmləndirməli, hazırda yetişən gəncliyi hər üç nəslin döyüş və qələbə təcrübəsi əsasında tərbiyə etməli, həyata hazırlamalıyıq. Əlbəttə, bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanın möhtəşəm tarixi Qələbəsi başlıca stimul və ilhamverici təcrübə olmalıdır. Çünki bu qələbə xalqımızın başını ucaltmış, onu məğlub durumdan qalib xalq mövqeyinə yüksəltmiş, özünə inamını bərpa etmişdir. Biz bu gün gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə daha sədaqətli, həqiqi vətənpərvər insanlar kimi yetişmələrinə xüsusi əhəmiyyət verməliyik. Çünki hazırda dünyada və bizə yaxın regionlarda baş verən hadisələr, yaşanan ciddi dəyişikliklər bunu daha da aktuallaşdırır. Gizli deyil ki, gənclər yad, nəticə etibarı ilə zərərli təsirlərə daha çox məruz qala, ümumxalq və ümumdövlət mənafelərinə, milli maraqlarımıza zidd olan təbliğata meyl edə bilərlər. Əslində, müxtəlif ideologiyaların gənclər arasında yayılmasında maraqlı olan qüvvələrin məqsədləri eynidir, psixoloji baxımdan ən həssas qruplar arasında özlərinə tərəfdarlar toplamaq, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə etmək. Azərbaycan Respublikasının Prezidentinin öz çıxışlarından birində bu məsələyə xüsusi diqqət yetirməsi, gənclərin belə yad, zərərli təsirlərdən mümkün vasitələrlə qorunmasının son dərəcədə vacib olduğunu qeyd etməsi təsadüfi deyildi. Biz cənab Prezidentin bu istiqamətdəki tövsiyələrini öz fəaliyyətimizdə proqram məqsədlər kimi nəzərə almalı, gənclərin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, sələflərinin yolunu layiqincə davam etdirməyə qadir insanlar kimi yetişməsinə nail olmalıyıq. Biz Təşkilat olaraq veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olmaqla, onların gənc nəsilin vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması sahəsindəki zəngin təcrübələrinin öyrənilməsinə və yeni şəraitə uyğun tətbiq edilməsinə də xüsusi əhəmiyyət veririk. Gənclərlə sıx və ardıcıl əlaqələrin vacibliyini prioritet iş istiqaməti kimi nəzərdə tutmağımız da məhz dəyişən dünyada onların rolunun və fəaliyyətinin atması ilə bağlıdır. Bu istiqamətdə Təşkilatımız bu gün dövlət orqanları və ictimai təşkilatlarla da daha sıx əlaqəli işləməkdə maraqlıdır. Bunu bizdən həm də müasir dünyanın artan çağırışları tələb edir. Biz nəsildən-nəsilə maddi, mənəvi dəyərlərimizlə yanaşı, doğma Azərbaycanımızı etibarlı müdafiə etmək, onu dinamik inkişaf edən, ildən-ilə qüdrətlənən bir dövlətə çevirmək ənənəsini də ötürməyi və yeni təcrübələrlə zənginlşdirməyi bacarmaıyıq”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”. V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir. Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib. Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib. Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar. Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.
Hamısını oxuZaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 2 iyul tarixində “Sağlamlığın Qorunması” ictimai birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı II konfransını keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - Hepatit” adlı video çarx nümayiş etdirilib. Konfransda Dr. Afət Məmmədli tərəfindən “Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Dr. Təranə Bağırova tərəfindən“Pediatriyada Hepatit B”, Dr. Akif Həsənov “Hepati B-dən qorunma üsulları”, Hepatit B virusu” mövzuları məruzə edilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib. Sonda sual və təkliflər səsləndirildi.
Hamısını oxu
Dinlə bağlı düşündükdə ilk ağlıma gələn suallardan biri belədir: Din cəmiyyətdən nə istəyir və cəmiyyət dindən nə istəyir? Dini mətnlərə, dinin bu günə kimi olan seyrinə nəzər saldıqda bu sualın cavabı və ya cavabları sadədir. Din qəlizliyi sevmir. Mahiyyətindən uzaqlaşdırıldıqda zərər görür və ya zərər üçün vasitəyə çevrilir. Dinlərə görə dəyişsə də, dinin mahiyyəti Yaradanın varlığı və buyuruqları, yaradılanın səadəti, məsuliyyəti və hüdudları, digər yaradılmışlarla münasibəti və sairdən ibarətdir. Dini radikallığa, fanatizmə, aqressiyaya və s. yönləndirməyin nəticələrini hamı bilir. Bununla yanaşı onu əsas məqsədindən uzaqlaşdırıb sadəcə akademik həyata həbs etmək də dinə kənardan baxış deməkdir. Müasir dövrdə dinin akademik sahəyə yox, bu dövrün özü ilə gətirdiyi fərdi və ictimai problemlərlə mübarizəyə yönəldilməsi zəruridir. Fəzlur Rəhmanın da dediyi kimi əks təqdirdə cəmiyyətlər psixoloji dəstək dərmanlarına getdikcə daha çox ehtiyac duyacaq və bunları ovuc-ovuc içəcəkdir. Əsas hədəfi şəxsiyyət, bəşəri münasibətlər, metafizika və s. olan dini başqa istiqamətlərə çəkmək müasir dövrdə daha da əhəmiyyətsizləşib. Danimarka və Hollandiya kimi kiçik ölkələrin dünya kənd təsərrüfatındakı payı ortada ikən, " Hicri I əsrdə kənd təsərrüfatı" adlı bir araşdırma aparmaq türklər demiş "abesle iştiqal"dan başqa bir şey deyildir. İstehlak tarixi bitən mövzuları "elmi çərçivə"yə salaraq yeni kimi təqdim etməyin istehsalata bir faydası yoxdur.Mehman İsmayılov- Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Hamısını oxu
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlunun 100 yaşı tamam olması münasibətilə evində görüşüb. Veteran.gov.az bu barədə İmişli Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir. Görüş zamanı icra başçısı və digər iştirakçılar Nəbi kişini doğum günü münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıblar. 100 yaşlı veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra Nəbi kişi 100 illik yubileyi münasibətilə RİH başçısı tərəfindən Fəxri Fərmanla təltif edib. Xatırladaq ki, Nəbi kişi 1942-ci il fevral ayının 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev elin, obanın igid oğullarından biri kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. O, burada da qəhrəmanlığını və cəsurluğunu göstərib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib. Nəbi Nuriyevin təltifləri sırasındakıbir sənədi əvvəlkilərindən daha dəyərli yadigar kimi əzizləyir. Bu, ümummilli lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamdır. Həmin Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub. Görüşün sonunda 100 yaşlı veteranımız bir daha təbrik edilib, ona möhkəm cansağlığı arzulanılıb və xatirə şəkilləri çəkilib.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Belarus Respublikası tərəfindən xüsusi medalla təltif olunub. Veteran.gov.az xəbər verir ki, dünən Mühasribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olan Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov sözügedən medalı polkovnik Cəlil Xəlilova təqdim edib. Polkovnik Cəlil Xəlilov Azərbaycan və Belarus xalqları arasında əlaqələrin möhkəmlənməsi, habelə Belarus ərazisinin faşizmdən azad edilməsində iştirak edən soydaşlarımızın təbliğindəki xidmətlərinə görə bu etimada layiq görülüb. Təltifə görə konsul Aleksandr Arxipova öz təşəkkürünü bildirən sədr müavini, ötən əsrin 40-cı illərində faşizmə qarşı birgə mübarizə aparan Belarus və Azərbaycan xalqları arasında bu gün də tarixi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu əlaqələrin inkişafı üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının öz səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Azərbaycan və Belarus xalqlarının faşizmə qarşı apardığı tarixi mübarizədən bəhs olunub, bu mübarizənin ümumbəşəri əhəmiyyəti vurğulanıb. Belarus konsulu Təşkilata İkinci Dünya müharibəsi dönəmində Belarusun azadlığı uğrunda döyüşən və bu gün də həyatda olan soydaşlarımıza gətirdikləri hədiyyələri təqdim edib. Görüşdə ikitərəfli əmədkaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Təşkilatla səmərəli əməkdaşlığa görə Fəxri Fərmanla təltif edilib. Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin hər zaman veteran tədbirlərində aktiv iştirak etdiyini bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bundan sonra da ikitərəfli əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir” “Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son bugünlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi göstərir: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Hansı ki, ötən il dekabrın 24-də dövlət başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak etmiş, yeni yaranan bu hərbi qüvvələrin önəmindən bəhs etmişdi. 44 günlük Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, xüsusi təyinatlı qüvvələrimizin qeyri-adi bacarığını da bütün dünyaya göstərdi. Müharibə bir daha göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı çıxışında vətənpərvərlik tərbiyəsinin önəminə toxunub, 44 günlük Vətən müharibəsində ordumuzun qələbə qazanmasında bu amilin çox böyük rol oynadığını qeyd edib: “Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışında çıxışı zamanı dövlət başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkdi. Ali Baş Komandan vurğuladı ki, torpaqlarımız işğal altındda qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi önəm verilib, bu məsələdə hər zaman diqqət mərkəzində saxlanılıb. Ölkə başçısı açıq şəkildə qeyd etdi ki, “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”. Dövlət başçısının bu açıqlaması gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından nə qədər mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları aktiv olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, hər bir veteran və veteranlar təşlilatı Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə aktiv iş aparmalı, onları doğru yola yönəltməlidir. Biz 8 Noyabr zəfərinin nəticələrini, o cümlədən, ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu tələb edir”.
Hamısını oxu