Ən son xəbərlər
Post-müharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, post-müharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min şəxsə sosial ödənişlər ödənilib. Post-müharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib. Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib. Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Post-müharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s. Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir. Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov 17 iyun – Tibb işçilərinin peşə bayramı münasibəti ilə Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xətəxananın həkim kollektivi ilə görüşüblər. Qonaqları salamlayan Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva, peşə bayramı günündə həkimləri yad etdiklərinə görə tibb işçiləri adından Fatma Səttarovaya öz təşəkkürünü bildirib. Uzun illərdir ki, sözügedən xəstəxanada veteranların yüksək səviyyədə müalicə aldığınına diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, veteranlara göstərdikləri qayğıya görə xəstəxananın rəhbərliyinə və tibb heyətinə öz təşəkkürünü bildirib, onları Təşkilatın Fəxri Fərmanları ilə təltif edib. Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov veteranların müalicəsində Müharibə Veteranlarının Respublika Xəstəxanasının həkim kollektivinin böyük əməyi olduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, məhz həkimlərimizin fədakarlığı sayəsində istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində minlərlə döyüşçünün həyatını xilas etmək mümkün olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin də iştirak etdiyi tədbirdə dövlətin tibb işçilərinə olan diqqət və qayğısından məmnunluqla bəhs olunub, bu sahədə həyata keçirilən islahatların cəmiyyətdə təqdirlə qarşılandığını vurğulanıb.
Hamısını oxu
Festival Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub Veteran.gov.az xəbər verir ki, iyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbə" İdman Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, "Qələbə" Ağır Atletika İdman Klubu və "Makkabi" Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivala bilet satışından əldə ediləcək gəlir “Yaşat” Fonduna köçürüləcək. “Qələbə” İdman Festivalının proqramına ağır atletika, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxildir. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunun 109 saylı tam orta məktəbində “Nəsillərin görüşü” adlı tədbir kecirilib. Tədbirdən öncə Dövlət himnimiz səslənib, daha sonra bütün şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən məktəblilər İkinci Dünya Müraribə iştirakcısı Məhərrəm Əliyevin həyatından, müharibədə gösdərdiyi şücaətlərdən bəhs ediblər. Məktəblilərin çıxışlarıdnan sonra söz Məhərrəm Əliyevin böyük oğlu “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadəyə verilib. Tofiq Əlizadə azərbaycanlıların birliyindən, vətəni, dövləti necə qorumaq, onu necə müdafiə etmək lazım olduğundan, o cümlədən, atasının onlara verdiyi tərbiyədən söhbət acıb. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının nümayəndəsi, AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Eldar Rüstəmov çıxışında Məhərrəm Əliyevin 100 illik həyatından danışıb. Eldar Rüstəmov Məhərrəm Əliyevin kiçik oğlu, Vətən müharibəsi iştirakçısı Sahib Əliyevə Birliyin sədri Füzulı Rzaquliyevin adından AVMVİB-nin xatirə medalını təqdim edib. Eldar Rüstəmovun vətənpərvərliklə bağlı suallarına düzgün cavab verən şagirdlərə maraqlı kitablar hədiyyə olunub. Tədbirdə çıxış edən məktəbin kecmiş məzunu, vətən uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Zakir Cəfərovun anası Kəmalə Cəfərova şagirdlərə ürək sözlərini çatdırıb, məktəbin kollektivindən, dövlətin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısından məmnunluğunu ifadə edib. Məktəbin direktoru Gülnaz Bədəlova da tədbirdə çıxış edib, bu cür tədbirlərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətinə diqqət çəkib. Tədbirin hazırlanmasında əməyi keçən tarix müəllimi Xoşqədəm Mirzəyevaya da kitab hədiyyə edilib, xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir. Milli Qurtuluş Gününə həsr edilmiş növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 14-də Gədəbəy və Ağstafa rayonlarında təşkil olunub. Bu toplantılarda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, rayon idarə və təşkilatlarının rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Konfranslarda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən hər iki rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının əhəmiyyətindən, ölkəmizin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsindən, bütün sahələrdə aparılan mühüm islahatlardan bəhs edən natiqlər Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf prosesindən danışıblar. Öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı önəmli fəaliyyətlərinin, gənclərlə apardıqları maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayan Natiq Nağıyev və Seymur Orucov onlara gələcək işlərində uğurlar arzulayıblar. Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkliatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Koronovirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvəlik ruhunun aşılanmasından, xüsusilə narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıblar. Xalqımızın qurtuluşu missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən bəhs ediblər. Gələcəkdə, koronovirus pandemiyasının zəiflədiyi bir dövrdə daha səmərəli və aktiv şəkildə fəaliyyət göstərəcəklərini bildiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən söz açan natiq məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin Ulu Öndərin titanik fəaliyyəti sayəsində aradan qaldırılmasından, Azərbaycanının taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bayram müəllim ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs edib. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında respublika ağsaqqallarının əhəmiyyətli rolundan danışan Bayram Yusifov onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğulayıb. Qeyd edib ki, ağsaqqalın hər bir sözü, davranışı onun fəaliyyətidir və ağsaqqal nəsihəti, məsləhəti xalqımız üçün həmişə böyük dəyər kəsb edib. “Dahiləri kənarda axtarmamlıyıq” deyən natiq Azərbaycan, Türk millətinin böyük millət olduğunu, güclü tarixi şəxsiyyətlər yetişdirdiyini tədbir iştirakçılarına xatırladıb. O, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini də yada salaraq bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin respublikamızı regionun lider, dünyanın tanınan və qəbul edilən ölkəsinə çevirdiyini qürurla vurğulayıb və əlavə edib ki, bu gün biz böyük fəxrlə deyə bilərik: “Var millətimin imzası imzalar içində...” Rayon təşkilatlarının fəaliyyətlərini təqdirəlayiq hesab edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov onlara gələcək işlərində uğurlar arzulayıb və qeyd edib ki, əgər ağsaqqal yerindədirsə, hər şey öz qaydasında olacaqdır. Allah heç bir ailəni, eli, obanı, cəmiyyəti ağsaqqalsız etməsin. Daha sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, xalq arasında ağsaqqalların hər zaman böyük hörməti və nüfuzu olubdur. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğı və diqqətin bütün təzahürləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində özünü aydın şəkildə göstərir. Habelə vurğulanıb ki, ölkəmizin hər bir regionunda olduğu kimi Gədəbəy və Ağstafa rayonlarında da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə ağsaqqallar yaxından iştirak edərək, öz zəngin təcrübələrini və biliklərini əsirgəmirlər. Səmimi şəraitdə keçən hər iki konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlərin görüləcəyi qeyd olunub. Sonda yerli təşkilatlara yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatların iş otaqları, yaradılan şəraitləri və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq öz məsləhət və tövsiyələrini verib. Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun Gədəbəyin mərkəzində ucaldılan tunc abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsini ehtiamla yad ediblər. Qeyd edək ki, Məzahir Rüstəmovun atası, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, professor İzzət Rüstəmov hazırda Xətai Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir.
Hamısını oxu
Cəlil Xəlilov: “Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi” “15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi: “15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi. Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”. Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi: “1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki, heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək. 1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Tariximizin ən parlaq səhifəsi olan 15 İyun-Milli Qurtuluş Gününün 29 illiyi ərəfəsindəyik. Arxada qalan 29 il bu tarixi günün əhəmiyyətini daha dərindən dərk etmək imkanı qazandırır. Bu baxımdan ki, baş verən hadisə ilk anlarda adi görünsə də zaman keçdikcə mahiyyəti, onu doğuran səbəblər, ölkəmizin taleyində rolu daha dərindən təhlil edilir və düzgün dəyərləndirilir. Bir mühüm məqamı da vurğulayaq ki, elə tarixi günlər var ki, ölkələrin, xalqların həyatında dönüş nöqtəsi kimi xarakterizə edilir. 29 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günü də Azərbaycan dövlətinin, xalqının həyatında dönüş nöqtəsi oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşananlar məlumdur. Ölkəyə səriştəsiz, idarəçilikdən xəbərsiz, dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban verən ünsürlərin rəhbərliyi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti zor gücünə ələ keçirməsi vəziyəti daha da çətinləşdirdi, ölkədə vətəndaş qarşıdurması yaşandı, qardaş qanı axıdıldı. Digər tərəfdən də Silahlı Qüvvələrimzin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb olmuşdur. Getdikcə ağırlaşan vəziyyət xalqın səbr kasasını doldurdu və ayağa qalxmasını şərtləndirdi. Xalq Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Çünki xalqımız bilirdi ki, yalnız Heydər Əliyev kimi zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edə bilər. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xilası, xalqın qurtuluşu oldu. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olaraq tərəqqi yoluna çıxdı, dünya birliyində müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı. Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən beynəlxalq aləmdə tanınmasını vacib amil kimi önə çəkirdi. Bu baxımdan onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyini yaratması bugünümüz üçün mühüm addımlardan oldu. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoydu. Sonrakı dövrdə hər beş ildən bir Dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu il Şuşada dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələrək Zəfər qurultayının keçirilməsi keçilən yolun təhlilində, hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın diplomatik mübarizədə qələbəsində diasporumuzun roluna işıq salınmasında əhəmiyyətli rol oynadı. Zəfər qurultayı, eyni zamanda, birliyimizin, həmrəyliyimizin azad Qarabağdan, azad Şuşadan dünyaya bəyan edilməsi oldu. Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkənin müstəqilliyini qorudu, dayanıqlı inkişafın təməlini qoydu. Ölkədə sabitliyin yaradılması bütün istiqamətlərdə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycanın öz təbii sərvətlərindən səmərəli istifadəsini təmin etmək məqsədilə Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatın inkişafında neft amlinə xüsusi önəmin verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin göstəricisi idi. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi çəkisinin artmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. İkitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi fonunda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına nail olundu. O illərdə hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, Azərbaycanın təkmil inkişaf modelini dünyaya təqdim edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini reallığa çevirdi. Ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Zəfər tarixini yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması qürurumuzdur. Hazırda bu torpaqlarda bərpa-quruculuq işləri geniş miqyas alaraq Böyük Qayıdışın tezliklə reallaşmasına səy göstərilir. Qurtuluşdan Zəfərə çatan inkişaf yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan Heydər Əliyev ideyalarının işığında inamla irəliyə doğru addımlayır. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məşhur Məmmədov Milli Məclisin deputatı
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 07-08 iyun 2022-ci il tarixlərində Təhsil Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş 3x3 basketbol üzrə 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birincili keçirilib. Gərgin idman mübarizəsi şəraitində davam edən şəhər birinciliyində oğlanlar və qızlar arasında müvafiq olaraq 2 və 18 nömrəli tam orta məktəblərin komandalarıı fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar. Yekunda yarışın qalib və mükafatçılarına baş idarə tərəfindən kubok, fəxri fərman, medal və hədiyyələr təqdim olunub.
Hamısını oxu
Elmar Əhmədov 2000-ci il iyunun 28-dəTovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “Füzulunin azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentı İlham Əliyevi 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyevin yaxın qohumu Çingiz Mirzəyev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu acı xəbərdən təəssüfləndiyini bildirir, Rasim Mirzəyevə və mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyevin bacısı Qəmər xanım dünyasını dəyişib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Qəmər xanımın vəfatı ilə bağlı mərhumun bütün doğmalarına, o cümlədən qardaşı Adil Haqverdiyevə dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!
Hamısını oxu
Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir. Azərbaycanda qazi və şəhid ailələrinə dövlət dəstəyi, onların problemlərinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, həll edilməsi prioritet məsələlərdəndir. Bunu Azərtac-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, ki, dövlətin şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlara qayğısı ildən-ilə genişlənməkdədir: “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərildiyi hər kəsə məlumdur. Beynəlxalq mediada da bununla bağlı çoxlu sayda məlumatlar yer almaqdadır. Dünyanın bir çox ölkələrində Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihələr maraqla öyrənilir, bu sahədə dövlətimizin təcrübəsindən yararlanmağa çalışırlar. Ümumiyyətlə, insan faktoru, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu istər ölkəmizdə həyata keçirilən layihələrdən, istər şəhid ailələri və qazilərə verilən imtiyazlardan, istərsə də dövlət büdcəmizin sosialyönümlü təşkilindən aydın görmək mümkündür. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğının əhəmiyyətli tərəflərindən biri də həssas kateqoriyaya olan bu yanaşmanın cəmiyyəti də eyni əhvali-ruhiyyəyə kökləməsi ilə bağlıdır. Bu qayğıya şahid olan hər kəs, o cümlədən gənc nəslin nümayəndələri anlayır ki, şəhid ailələri və qazilərə qayğı və ehtiram hər kəsin mənəvi borcudur. Bundan başqa, qazilərə olan dövlət qayğısı vətəni qoruyan, onun müdafiəsində dayanan hər kəsin xidmətlərinə verilən yüksək qiyməti göstərir və vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verir”. Cəlil Xəlilov indiki məqamda qazilərin də üzərinə xüsusi missiyanın düşdüyünü vurğulayıb: “Şəhidlərimiz, qazilərimiz 44 günlük Vətən müharibəsində düşməni doğma torpaqlarımızdan qovmaqla öz tarixi missiyalarını yüksək səviyyədə yerinə yetiriblər və xalqımız hər zaman buna görə onlara əbədi minnətdar olacaq. Bu, birmənalıdır. Lakin bu günün reallıqlarına nəzər salsaq görərik ki, bu gün erməni faşizmi ilə hərbi müstəvidə mübarizə başa çatsa da, hələ də bəzi təxribatçı qüvvələr ölkəmizdəki sabitliyi pozmağa, dövlətlə vətəndaşlar arasında süni gərginlik yaratmağa cəhd edirlər. Azərbaycanın tarixi qələbəsini, sosial-iqtisadi inkişafını, xalqın birlik və bərabərliyini həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə təxribatlar yaratmağa cəhd edir ki, bu da həm dövlət, həm də xalqımızın maraqlarına ziddir. Buna görə də iki il əvvəl düşmənə qarşı ön xətdə mübarizə aparan əsl qazilərimiz bu gün sosial mediada, gündəlik həyatlarında şahidi olduqları neqativ hallara, antimilli düşüncə və addımlara qarşı mübarizə aparmalı, bu sahədə də ciddi aktivlik sərgiləməlidirlər”. Polkovnik qeyd edib ki, bu gün qazilərin özündən təxribatçı məqsədləri istifadə etməyə çalışan qüvvələr mövcuddur: “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həm paytaxtda, həm də respublikamızın müxtəlif bölgələrində keçirdiyimiz tədbir və konfranslarda mövcud təhlükələrlə bağlı həyəcan təbili çalır, təxribatçı qüvvələrə qarşı birgə mübarizənin önəmini qeyd edirik. Həmin tədbirlərdə də qeyd edirik ki, bu gün əsl qazilərin özündən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə etməyə çalışan, onları öz məkrli niyyətlərinə alət etməyə cəhd edən qüvvələr mövcuddur. Onlar qaziləri keşiyində dayandıqları dövlətlə üz-üzə qoymağa çalışır, süni şəkildə gərginliklər yaratmağa çalışırlar. Qazilərimiz belə hallara qarşı diqqətli olmalı, öz hüquqlarını, tələb və arzularını əlaqədar dövlət qurumlarına müraciət etməklə, qanuni şəkildə qorumalı və diqqətə çatdırmalıdırlar. Hər bir qazi öz əməli və davranışı ilə, ortaya qoyduğu dövlətçilik mövqeyi ilə cəmiyyətə nümunə olmalıdır. Biz yalnız bu halda birliyimizi qorumaqla yanaşı, davamlı inkişafımızı təmin edə, ölkəmizin daha da çiçəklənməsinə nail ola bilərik”.
Hamısını oxu