Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib. Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib.    

Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir
“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib
İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı İsmayılov Bəhmən Teymur oğlu vəfat edib. Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində anadan olub. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olan Bəhmən İsmayılov, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini başa vurub. 1942-ci ilin sentyabrında cəbhəyə yollanan Bəhmən İsmayılov Xarkov uğrunda gedən döyüşlərdə yaralanmış, 1943-cü ildə II qrup əlili kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Bəhmən İsmayılov çoxlu sayda orden və medalla təltif edilmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteramları Təşkilatının Rəyasət Heyəti Bəhmən İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib
Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti millət vəkili Anar İsgəndərova başsağlığı verib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti millət vəkili Anar İsgəndərova başsağlığı verib

Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərovun qardaşı Hacı Əsəd Camal oğlu İsgəndərov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından millət vəkili Anar İsgəndərova qardaşının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
İlham Əliyev – xalqın etimadını doğruldan Lider
İlham Əliyev – xalqın etimadını doğruldan Lider

Dünyanın ictimai-siyasi və sosial-iqtisadi mənzərəsi həm rəngarəng, həm də ziddiyyətlidir. Bir sıra ölkələrdə və regionlarda xaos-anarxiya, qarşıdurma-toqquşma, tənəzzül-böhran hökm sürür, mürəkkəb şərait və çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunə - inkişaf və tərəqqi örnəkləri də var. Cənubi Qafqazın lideri – regional güc mərkəzi olan Azərbaycan kimi.     Müstəqillik dövrünün, eləcə də son zamanların prosesləri və reallıqları göstərir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib.   Ümumiyyətlə inkaredilməz həqiqətdir ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub.   Şübhəsiz ki, Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.   11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqləyib, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərib. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd edib ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ən mühüm məqamlardan biri bölgələrin tarazlı inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanılıb, əsas infrastruktur layihələrinə start verilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.   Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlanıb, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atılır. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik.   Digər məsələ milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib, Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan qlobal taleyüklü məsələlərdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi isə ölkəmizə, şəxsən Prezident İlham Əliyevin olan etimadın bariz nümunəsidir.   Heç şübhəsiz, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Və bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır.   Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!   Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
“Cənab Prezidentin xalqa verdiyi elə bir vəd yoxdur ki, onu yerinə yetirməsin”
“Cənab Prezidentin xalqa verdiyi elə bir vəd yoxdur ki, onu yerinə yetirməsin”

Mahir Abbaszadə: “Azərbaycanın son dörd ildəki uğurları dövlət başçımızın uğurlu siyasi fəaliyyətinin təsdiqidir”   Sabah 2018-ci ilin prezident seçkilərinin dördüncü ili tamam olur. Düz dörd il bundan öncə - 2018-ci ilin 11 aprel tarixində 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu qələbə ilə xalqın həqiqi lideri olduğunu, məhz xalqın gücünə, xalqın sevgisinə arxalanaraq fəaliyyət göstərdiyini sübut etdi.   Veteran.gov.az xəbər verir ki, bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, 2018-ci ildən bu günə qədər Azərbaycan dövlətinin çoxsaylı uğurlara, tarixi nailiyətlərə imza atdığını vurğuladı:   “2018-ci ildə möhtərəm Prezident yenidən xalqın dəstəyini qazandıqdan, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezident dövlətimizin gələcəyi və inkişafı ilə bağlı aydın və uğurlu siyasət həyata keçirməyə başladı. Cənab Prezident seçkilərdən sonra xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aaprılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatları genişləndirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, digər tərəfdən uzun illərdir müddətində işağl altında qalan torpaqların azad ediləcəyi ilə bağlı vədlər verdi. Biz sonrakı dönəmdə gördük ki, cənab Prezident xalqa verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Dövlət başçısının sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarə edilməsinə gənclər gətirildi. Bununla yanaşı, dövlət başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə ölkəmiz üçün prioritet məsələlər oldu. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsindən səmərəli istifadəsi nətiəsində ildən-ilə dövlət büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artmasına şahid olduq.   Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində dövlətimizin beynəlxalq aləmdəki imici də möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi-nəzərindən aparılan islahlartlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi dövlətimizin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu.   Cənab Prezidentin rəhbərlii ilə Azərbaycan ordusunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmlənməsi, orduda xidmət edən hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahlarla təchiz edilməsi sayəsində də böyük işlər görüldü. Bunun sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz işğal altındakı torpaqlaırmızın hamısını geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa etdi. Ermənistanla da bütün sərhədlər bərpa olundu. Bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu, müstəqil üzvü kimi fəaliyyətini uğurla davam etdirir.   Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə miqyası sözlə ifadə edilə bilməəcək qədər böyük quruculuq işlərinə başlamışıq. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da bərpasını həyata keçirəcəyik. 30 ildir ki, öz dədə-baba yurdundan ayrı düşən insanlar yenidən öz torpaqlarına qayıdıb bu torpaqlarda firavan yaşayacaqlar.   Cənab Prezidentin rəhbərliyi altında bu illər ərzində ölkəmizdə siyasi islahatlar da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasında ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və partiyanın nizamnaməsində dəyişikliklər edildi. Yeni İdarə Heyəti seçildi, rayon təşkilatlarının fəaliyyəti gücləndirildi. Bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissəsidir və hesab edirəm ki, bundan sonrakı illərdə də biz cənab Prezidentin rəhbərliyi altında siyasi-iqtisadi, mədəni və digər sahəsində islahalatların uğurla davam etdiriləcəyinə, Azərbaycan daha böyük uğurlara imza atacağına şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Brüsseldə növbəti diplomatik nailiyyət
Brüsseldə növbəti diplomatik nailiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.    Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür etdi
Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür etdi

“Vətən müharibəsi iştirakçılarının daxili işlər orqanlarında xidmətinə yaradılan şərait dövlətimizin veteranlara olan qayğısına bariz nümunədir” Cari ilin 7 aprel tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib, ümumilikdə 277 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun, onun timsalında dövlətimizin veteranlara olan diqqət və qayğısı kimi dəyərləndirib:   “Şübhəsiz, daxili işlər orqanlarında xidmət etmək istəyən şəxslər sırasından seçim turunun növbəti mərhələsinə buraxılanlar içərisində  61 nəfər Vətən müharibəsi veteranının olması faktı qürurverici və təqdirəlayqidir. Bu, hər şeydən öncə dövlətimizin, o cümlədən bu dövlətin təhlükəsiziliyinin, sabitliyinin keşiyində dayanan Daxili İşlər Nazirliyinin, onun rəhbəri general-polkovnik cənab Vilayət Eyvazovun veteranlara olan diqqət və qayğısının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, dövlətimiz veteranlara, onların məşğulluq probleminin həllinə, sosial rifahının yüksəlməsinə xüsusi diqqət və həssaslıqla yanaşı, bunun üçün bütün imkan və resurslarından istifadə edir. Mən buna görə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova öz təşəkkürümü bildirir, daxili işlər orqanlarında xidmət edəcək veteranlarımıza uğurlar arzulayıram. İnanıram ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı cəsarətlə mübarizə aparan veteranlarımız, ölkəmizdə daxili asayişin qorunmasına da öz töhfələrini verəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu