Ən son xəbərlər
Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan xalqının mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunur. 17 mart 2022-ci il tarixdə xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Şirvan şəhər Komitəsinin dəstəyi ilə şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsi ziyarət olunub, onlara bayram sovqatı verilib və gündəlik qayğıları ilə maraqlanılıb. Şəhid ailələri ilə görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qeyd olunub ki, bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlər Şirvan şəhərində də davam etdirilir. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir. Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər. İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini tədris etmişdir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir. Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq. Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Fatma Səttarovanı 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edən icra başçısı, Təşkilat sədrinə Novruz bayramı münasibəti ilə də xoş arzularını çatdırıb, Təşkilatın fəaliyyəti ilə yaxından tanış olub. Gəlişinə görə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirən Fatma Səttarova, icra başçısını Novruz bayramı münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Nərimanov Rayon İcra Hakimiyyəti arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Hamısını oxu
Postmüharibə dövründə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Bu, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycan indiyə qədər vacib strateji layihələr reallaşdırıb, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn edib. 44 günlük Vətən müharibəsindən sonra bölgədə kommunikasiyaların bərpası da Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Azərbaycanın strateji gündəliyinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu səpkidə böyük önəm daşıyır. Memorandumun imzalanması həm geosiyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Çünki bununla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri yaradılır. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Layihənin icrası Naxçıvan MR-in blokadadan çıxması, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılması baxımından da olduqca önəmlidir. Bu isə Azərbaycanın əsas strateji məqsədlərindən birinə nail olacağını göstərir. Bütün bunlar deməyə əsas verir ki, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın yeni diplomatik nailiyyəti və tarixi hadisədir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan qətiyyətli mövqe sərgiləsə və müvafiq addımlar atsa da, Ermənistan bir sıra öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışıb. Xüsusilə də, regionda kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar İrəvan bu günə qədər vaxtı uzatmağa çalışıb, konkret mövqe ortaya qoymayıb. Azərbaycan isə təsdiqləyib ki, bütün hallarda, hər cür şəraitdə alternativ seçimləri və imkanları var. Ölkəmizin bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısının yaradılmasına nail olması da bunun əyani təsdiqidir. İndi zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir. Ölkəmiz öz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Məğlub ölkənin isə regional təcrid vəziyyəti dərinləşir. Azərbaycan strateji seçimini edib – rifah və inkişafa yönəlik yeni regional nizam yaradır. İndi söz sırası İrəvandadır. Ya konstruktiv davranıb yeni reallıqlardan faydalanacaq, ya da siyasi xaos və iqtisadi tənəzzül şəraitində çırpınışlarını davam etdirəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
15 mart 2022-ci il tarixdə Torpaq çərşənbəsi ilə əlaqədar olaraq Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin təşkilatçılığı ilə gənclər və könüllülər Şirvan şəhərində tənha yaşayan və xüsusi qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Səkinəxanım Ələkbərovanın və Natalya Balaşovanın evində qonaq olan könüllülər ahıl vətəndaşları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib və bayram xonçasını onlara təqdim ediblər. Evdə təmizlik işləri aparan, səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Vətəndaşlarla söhbət zamanı bildirilib ki, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Qeyd olunub ki, ölkə Prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı əsasında, könüllülərin iştirakı ilə "Könüllü qonaq" layihəsi uğurla davam etdiriləcək. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını, onlara mənəvi dəstək göstərilməsini nəzərdə tutur.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Təşkilatın sədri Fatma Səttarova Novruz bayramı münasibəti ilə bütün veteranları, o cümlədən şəhər və rayon veteranlar təşkilatlarının kollektivini təbrik edib. Təbrikdə deyilir: “Qarşıdan gələn Novruz bayramı münasibəti ilə ölkəmizdəki bütün veteranları, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərini, şəhər və rayon veteranlar təşkilatlarının sədrlərini, onların rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Novruz bayramı hər bir veteranın həyatına əsl bahar təravəti, bahar gözəlliyi gətirsin, onların hər bir istək və arzusunu reallığa çevirsin. Novruz bayramınız mübarək olsun!”
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq böyük kinodramaturq, ölməz sənət əsəri olan “Günəşdən usanmışlar” filmi ilə ölkəmizə “Oskar” qazandıran Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı veririk. Azərbaycan kinosunda özünəməxsus iz qoyan Rüstəm İbrahimbəyov fiziki olaraq aramızdan ayrılsa da, onun filmləri həmişəlik sadəcə ölkəmizin deyil, bütövlükdə dünya kino xəzinəsinin ən dəyərli nümunələrindən biri olaraq qalacaq, insanları düşündürməkdə, onları ülviliyə, nəcibliyə, xeyirxahlığa səsləməkdə davam edəcəkdir. Bir daha böyük sənətkarımıza rəhmət diləyir, doğmalarına səbr arzulayırıq. Allah rəhmət eləsin!”
Hamısını oxu
Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır. Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir. Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər. Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər. Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər. Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.
Hamısını oxu
Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Hamısını oxu
Bakı, 11 mart, AZƏRTAC Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a daxil olan bəyanatda Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialar kəskin şəkildə tənqid edilib və pislənilib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti olaraq, Avropa Parlamentinin heç bir araşdırma aparmadan, real faktlara söykənmədən hazırladığı qətnaməni pisləyir, bunu qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik. Bildiririk ki, Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, məhv edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bu cür iddialar mövcud reallığı əks etdirmir. Əksinə, Azərbaycan dövləti və xalqı tolerantlıq və multikultural dəyərlərinə sadiq qalaraq ölkə ərazisində dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidəni həssaslıqla qoruyur, həmin abidələrin zəngin tariximizin bir hissəsi olaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərir. Bu baxımdan Azərbaycanın guya işğaldan azad edilən torpaqlarımızda ermənilərə məxsus abidələrə, mədəniyyət nümunələrinə zərər vurması ilə bağlı iddialar reallıqdan uzaqdır və beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətdən uzaqlaşdırmağa xidmət edir. Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı həyata keçirib. Vaxtilə erməni işğalı altında qalan rayonlarımızda ümumi sayı minlərlə hesablanan məscidlərin, dini abidələrin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi abidələrin tamamilə dağıdılması faktı buna ən böyük nümunədir. Hansı ki, Azərbaycan tərəfinin əlində bütün bunları sübut edən saysız-hesabsız foto və video faktlar mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə səfər etməyə, bu ərazilərdə faktaraşdırma missiyalarında iştirak etməyə səsləyib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti, o cümlədən bu qurumda təmsil olunan dövlətlər bu prosesdə aktivlik sərgiləmək, həqiqəti öz gözləri ilə görmək imkanından yararlanmaq istəmirlər. Halbuki, işğaldan azad edilən Azərbaycan torpaqlarına bu cür səfərlərin təşkili hər bir səfər iştirakçısına əsl gerçəkliyin nədən ibarət olduğu, kimin-kimə qarşı mədəni soyqırımı həyata keçirdiyini şərhsiz-izahsız göstərə bilər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”.
Hamısını oxu