Ən son xəbərlər

Veteran.gov.az xəbər verir ki, Yevlax rayonundan olan 103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Abdulla Abdullayev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Abdullayevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalrına dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, 1921-ci ildə Xaldan qəsəbəsində anadan olan Abdulla Hacı oğlu Abdullayev 1941-1945-ci illərdə sovet qoşunlarının tərkibində alman faşizminə qarşı mübarizə aparıb, müharibədə göstərdiyi igidliklərə görə komandanlıq tərəfindən dəfələrlə təltif edilib. Allah rəhmət eləsin!
Hamısını oxu
Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır, etiramla anır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi... Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur. Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxuTədbirdə “Vətən” marşı klipinin təqdimatı olub Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə “Vətən” marşı klipinin təqdimatı keçirilib. Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub. Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev və adıçəkilən təşkilatın bir qrup nümayəndəsi Respublika Veteranlar Təşkilatının qonağı olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilarının sədri polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti, həyata keçirdiyi vətənpərvərlik layihələri haqqında ətraflı məlumat verilib. 44 günlük Vətən müharibəsində hərbçilərlə yanaşı, Azərbaycan həkimlərinin də böyük fədakarlıq göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, türk xalqları arasında əlaqələrin daha da genişlənməsinin vacibliyinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, bu məsələdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin fəaliyyəti xüsusilə təqdirəlayiqdir və bu fəaliyyət türk dünyası daxilində mənəvi birliyin möhkəmlənməsinə töhfə verir. Görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən akademik Sudeyf İmamverdiyev, Respublika Veteranlar Təşkilatının qonağı olmaqdan məmnunluq duyduğunu vurğulayıb, Təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Respublika Veteranlar Təşkilatı ilə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunub, bir sıra məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxundu. Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğuladı və tədbirə dəvətə görə minnətdarlığını bildirdi. O, Azərbaycanda bu il keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğuladı. Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirdi və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu dedi. Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Hamısını oxu
Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur. Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər. İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il
Hamısını oxu
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə: 1. Aşağıdakı şəxslər təltif edilsinlər: “Şöhrət” ordeni ilə Əliyev Fikrət Əhmədəli oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Seyidzadə Dilarə Bağır qızı Şadlinski Vaqif Bilas oğlu. 2. Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il
Hamısını oxu
Hörmətli konfrans iştirakçıları! Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram. Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir. Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir. Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir. Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir. Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Polkovnik Cəlil Xəlilov Afiqə Batıyevanı Təşkilatın fəaliyyəti ilə ətraflı tanış edib, bugünə qədər həyəta keçirilən vətənpərvərlik layihələri ilə bağlı DİM-in şöbə müdirini məlumatlandırıb. Daha sonra Afiqə Batıyevanın vətənpərvərlik sahəsindəki xidmətlərinə diqqət çəkən Təşkilat sədri, buna görə qonağa öz təşəkkürünü bildirib, gənclər arasında vətənprəvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə onu xüsusi mükafatla təltif edib. Məlumat üçün qeyd edək ki, hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafına, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə xüsusi önəm verən Afiqə Batıyeva Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il Sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif olunub.
Hamısını oxuAzərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir. Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır. Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir? Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir. Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir. Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı. Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı. COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir və onların rəşadətli döyüş yolunu gələcək nəsillərə ötürür. Bu qəhrəmanlardan biri də Çərkəz Baxşəli oğlu Qurbanovdur. 1918-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Çərkəz Qurbanov, gənclik illərini vətənin müdafiəsinə həsr etmiş və Böyük Vətən müharibəsinin ən çətin döyüşlərində iştirak edərək şücaətini göstərmişdir. Onun adı cəsur kəşfiyyatçı olaraq yalnız Azərbaycanda deyil, həm də Ukrayna, Rusiya və digər ölkələrdə məşhurdur. Çərkəz Qurbanovun döyüş yoluna nəzər saldıqda, onun həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu önə çıxır.1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başlandı. Müharibə təhlükəsi Vətənimizə getdikcə yaxınlaşırdı. Gənc Çərkəz Qurbanov 1939-cu ildə Finlandiya müharibəsində və Qərbi Ukraynanın azad edilməsində igidliklə vuruşaraq əsgərlərə nümunə olmuşdu. 1940-cı ilin əvvəlində o, cəbhədə ağır yaralanaraq Ukraynanın Kamenets-Podolsk şəhərindəki hərbi xəstəxanaya gətirilir. Burada müalicə olunduqdan sonra doğma kəndinə məzuniyyətə qayıdır. Lakin məzuniyyəti uzun sürmür.Böyük Vətən müharibəsinin başlanması ilə Sovet İttifaqının başı üstünü daha ağır təhlükə - Hitler Almaniyasının təcavüzü alır. Müharibənin ilk günlərində Çərkəz Qurbanov könüllü surətdə cəbhəyə yola düşür.1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək bir həftə sonra Mozdoku tuturlar. 223 saylı diviziyanın tərkibindəki 1037 – ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada – Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Çərkəz Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir. Bu şücaətə görə Çərkəz Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur, Georgiyevsk şəhərindəki Stepnaya küçəsinə Çərkəz Qurbanovun adı verilir. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır. Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan kəşfiyyatçı o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız? sualını verdilər. “Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam!” – deyə cavab verdim. Oradan qayıdıb gələndən sonra yerli əhali Sov.İKP MK –nın birinci katibi L.Brejnevə bir narazılıq məktubu göndərirlər. Məktubda deyilirdi: “ Nə səbəbə əsl qəhrəman çəkdiyi əziyyətə görə qəhrəmanlıq nişanı ilə təltif olunmayıb?”L.Brejnev bu məktubu Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Heydər Əliyevə göndərir. Heydər Əliyev təcili Bakıdan Georgiyevsk şəhərinə televiziya çəkilişi aparmaq üçün müxbirləri cəlb edir. Televiya əməkdaşları əsirlərin azad edilməsi faktına əsasən sənədli film hazırlayırlar. Bu film ayrı-ayrı vaxtlarda nümayiş etdirilir.Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir və öndə olur. Belə çətin döyüş və qəhrəmanlıq yolu Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə Elbada başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi 223-cü atıcı diviziyasına Belqrad diviziyası adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərlərinin Fəxri vətəndaşıdır. Azərbaycanın cəsur kəşfiyyatçısı Çərkəz Qurbanovun bir çox orden və medallar, Baş komandanlıqdan təşəkkürlər almışdır.Çərkəz Qurbanov 1946-cı il aprelin 29-da ordu sıralarından tərxis olunur. Bakı, Sumqayıt şəhərlərinin hüquq –mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Milis əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır. Polis mayoru rütbəsinə qədər yüksələn Çərkəz Qurbanov Sumqayıt şəhər Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır. Qeyd edək ki, Çərkəz Qurbanov 18 il qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə H.Z.Tağıyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.Qürur hissi ilə deyə bilərik ki, Çərkəz Baxşəli oğlu Qurbanov İkinci dünya müharibəsi zamanı şərəfli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların döyüş yolu daima gənclərimizə örnəkdir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib. Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib. Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.
Hamısını oxu