Ən son xəbərlər
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az
Hamısını oxu
Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"
Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir: "Əsası "Əkinçi" ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb". Milli.Az
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Fərhad Şeydayev Xaçmaz rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Xaçmaz rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova ilk öncə qonaqları salamlayıb , Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu
İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya Müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Hamısını oxu
İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. APA-nın məlumatına görə, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib. Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi. Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Əziz qardaşlar və bacılar! Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm. Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan? Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir. Əziz dostlar! Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun! Sevgilərlə, Sizin MEHRİBAN”.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir: "Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alıram: 1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".
Hamısını oxu