Ən son xəbərlər
Los-Ancelesdə azərbaycanlılara hücum etdilər, Brüsseldə soydaşlarımızı döydülər, Kiyevdə azərbaycanlı tələbələri güllələdilər, Moskvada həmvətənlilərimizə qarşı vandalizm davam edir.Bu, Ermənistanın azərbaycanlılara qarşı yeni etnik təmizləmə planının tərkib hissəsidir. Cari hədəf müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil etmək, soydaşlarımıza qarşı güc tətbiq etməklə onları qorxutmaq, əsas hədəf isə ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu” və dinc insanlara qarşı terror aktlarının yenidən təkrarlanması, dünyanın diqqətini “erməni məsələsinə”nə yönəltmək, hərbi və diplomatik cəbhədə əldə edə bilmədiklərinə “küçə müharibəsi” ilə nail olmaq, “azərbaycanlıların vandal, adam yeyən” olduğunu göstərməkdir.Kiyevdə 4 azərbaycanlı tələbəyə silahlı hücum da göstərdi ki, ermənilər artıq ASALA taktikasına keçid edir.Azərbaycana qarşı yeni etnik təmizləmə siyasəti iki istiqamətdə həyata keçirilir: birincisi, azərbaycanlılara hücumlar təşkil edir, qarşıdurma yaradır, ikincisi, “azərbaycanlılar erməniləri öldürür” təbliğatını aparır, “bütün bunları Azərbaycan təşkil edib” rəyini formalaşdırırlar. 1915-ci ildə, Sumqayıt hadisələrində, Xocalı soyqırımında etdiklərini yenidən təkrarlayırlar.Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.Dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın RBK telekanlına müsahibəsində eyni iddiaları səsləndirdi.Təəccüblü deyil, bu, “erməniliyin” xislətindən irəli gəlir. Burada əsas məqam azərbaycanlı kimliyinə bürünənlərin erməniliyidir.“Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.ABŞ-da yaşayan Sevinc Osmanqızı da deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”.Avropada yaşayan Arif Məmmədov deyir: “Səfirliklərin qarşısındakı qarşıdurmaları Azərbaycan hakimiyyəti təşkil edir, gənclər inanmayın, mən sizə deyirəm ki, bütün bunlar təşkil olunmuş proseslərdir”.Paşinyanın da, Osmanqızıların da, Məmmədov kimilərin də elədiklərinin adı məlumdur: ermənilik.Və hədəf Azərbaycanı, azərbaycanlıları vandal, “qaniçən”, erməniləri isə “sivil” göstərməkdir.Ermənistan: “Biz sivil mübarizə aparırıq”.Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur”.Ermənistan: “Hücumları Azərbaycan təşkil edir”.Osmanqızı: “Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.Ermənistan: “Azərbaycanlılar vandaldır, qaniçəndir”.Osmanqızı: “Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız?”.Ermənistan deyir, Osmanqızı, Məmmədov kimilər təkrarlayır. Bu, osmanqızıların, məmmədovların fərqli düşüncəsi, fərqli yanaşması deyil, eyni mərkəzlərin, eyni mətbəxin məhsuludur.Hadisələrin xronikası prosesi anlamağa imkan verir:İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu təşkil etdilər, Azərbaycan Ordusunun adekvat zərbələri düşmənin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə nəticələndi.Ermənistan hakimiyyəti “qələbə” görüntüsü yaratmaq üçün erməni KİV-i və sosial şəbəkələri səfərbər etdi. Ardınca erməni təbliğatına “azərbaycanlı kimliyinə” bürünənlər də qoşuldu.İyulun 20-də məlun Arif Yunus (Baqsaryanın uşaqları) Ermənistanın Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.İyulun 21-də Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum təşkil etdi, ardınca bu hücumlar bütün Avropa ölkələrində və MDB-də davam etdirildi.Hadisələrin inkişafı məqsədin nə olduğunu da anlamağa imkan verir: Ermənistan “azərbaycanlı”ların da qoşulduğu təbliğatla həm erməni ictimaiyyətində “qalib” rəyini yaradır, həm Azərbaycanın ictimaiyyətinə mesajlar ötürür, həm də beynəlxalq səviyyədə Azərbaycanı barbar göstərməyə çalışırdı.Diqqətçəkən detallardan biri iyulun 21-də Los-Ancelesdə soydaşlarımıza hücumlar ediləndə ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlinin - o Həsənli ki, hər gün Feysbuk səhifəsində Azərbaycana qarşı ittihamlar yağıdırır – heç bir paylaşım etməməsi idi. Hər-halda Los-Anceles hadisələri Həsənlinin hazırda yaşadığı torpaqlarda baş vermişdi və o, saat fərqinə görə soydaşlarımıza edilən hücuma daha tez reaksiya verməli idi. Milli Şuranın sədri susdu, bir gün sonra heç nə olmamış kimi Azərbaycana qarşı klassik ittihamlarını yağdırmağa başladı.İyulun 21-dən sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilərin etnik təmizləmə siyasəti daha da şiddətləndi, hətta güllələnmə hadisələri qeydə alındı. Hər gün “xalqın hüququndan” danışan Milli Şura rəhbərliyi və ətrafındakılar hücuma məruz qalan xalqı müdafiə etmədilər.İyulun 25-i Osmanqızı və Məmmədov canlı efirə çıxaraq, ermənilərə haqq qazandırdı və hər şeyi Azərbaycanın təşkil etdiyini bəyan etdilər.Azərbaycan torpaqlarını işğal edənlər bəllidir, bu işğala, soydaşlarımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinə züy tutanları tanıyın. Onlar üçün Vətən, millət, Qarabağ anlayışı Avropa paytaxtlarında lüks həyat yaşamaqdan başqa bir şeyil. Bu artıq aksiomadır...Asif Nərimanlı
Hamısını oxu
18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirov qısa, amma hər kəsə örnək olacaq ömür sürdü. AzTV şəhidimizlə bağlı maraqlı videosüjet hazırlayıb. Süjetin əvvəlində X.Daşdəmirovun anasına yazdığı məktub təqdim edilib: "Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”. Videosüjetdə danışan şəhidimizin anası Vüsalə xanım oğlunun vətənpərvərliyindən, mərdliyindən danışıb. Həmin videonu təqdim edirik:
Hamısını oxu
İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi. Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bəri başdan deyim ki, çox önəmli görüş oldu və mən səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm. Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır. Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də bu görüşün siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır. Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir. Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik. Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir. Anar Ələkbərovu uzun illərdir tanıyıram. O öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır. Anar Ələkbərovun indiyədək ona etibar edilmiş bütün ictimai və dövləti vəzifələrdə etimadı doğrultduğunu bilirik. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində ictimaiyyətə bəlli çalışmaları Anar Ələkbərova geniş şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş ən gənc insandır və bugün Prezidentin köməkçisi kimi çox mühüm bir vəzifə daşımaqdadır. Görüş, görüşdə müzakirə ediən mövzuları qısa şəkildə özətləyəsi olsaq, nələri deyə bilərik? Anar müəllim qlobal pandemiya elan olunandan bəri Nazirlər Kabineti yanında Operativ Qərargahda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrinə, tapşırıqlarına uyğun şəkildə aparılmış müzakirələr, atılan mühüm addımlar haqqında geniş məlumat verdi. Bildirildi ki, görülən məqsədyönlü işlər nəticəsində hazırda yoluxmaların sayının azalmasına nail olunub. Azərbaycan həkimi çox fədakar davranır; xarici ölkələrdən cəlb olunan mütəxəssislər də virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərir. Azərbaycan Prezidentinin köməkçisi, dövlətin çağırışlarına anındaca müsbət cavab verən, dəstək göstərən özəl sektorun rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bütün bu deyilənlər tezliklə bu qlobal problemin öhdəsindən gələcəyimizə inamı qüvvətləndirir. Əlbəttə, bunun üçün vətəndaş həmrəyliyi çox vacibdir və bu həmrəylik içində ən önəmli məqamlardan birini vətəndaş məsuliyyəti təşkil edir. Anar Ələkbərov xüsusi karantin rejimində, əmək münasibətlərində, icazə rejimi və s. sahəsində mərhələli yumşaldılmadan danışarkən, bu sahədə “yüz ölçüb, bir biçildiyi”ni, habelə, vətəndaş-dövlət münasibətlərində medianın, tanınmış ictimaiyyət nümayəndələrinin təbliğati dəstəyinin önəminə vurğu etdi. Görüşdə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr də müzakirə olundu. Etiraf edim ki, şəxsən mənimçün bu mövzu xüsusi önəm daşıyırdı; özüm Tovuzdan bir neçə saat öncə gəlmişdim, hərbçilərimizin, yerli əhalinin hansı ovqatda olduğuna şahiddim. Mümkün olduğunca, xarici və yerli medianın reaksiyalarından da xəbərdardım və işğalçı Ermənistanın növbəti hərbi həmləsi fonunda vətəndaşlarımızın yüksək vətənpərvərlik, mübarizlik ovqatı nümayiş etdirdiyini görüş iştirakçılarının ümumi qənaəti kimi görmək xoş oldu. Qeyd olunduğu kimi, həmrəyliyin yalnız respublika daxilində deyil, müxtəlif xarici ölkələrdə də yaşanması, soydaşlarımızın xalqımızın haqq səsini çatdırmaqçün birləşməsi təqdirəlayiqdir, yaxın dövr tariximizə düşəcək haldır. Bununla belə, sosial şəbəkələrdə insanlara qorxu, panika hissi aşılamağa çalışanlar da olmamış deyil və belə xoşagəlməz halların qarşısını almaqçün imkanlarımızı səfərbər etməliyik. Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, yazarlar, jurnalistlər, hüquqşünaslar, incəsənət xadimləri və biz millət vəkilləri belə vacib görüşlərin təşkilindən məmnunluğumuzu bildirdik. Hər birimiz vətəndaşları rahatsız edən məsələlərə toxunduq, öz fikirlərimizi, təkliflərimizi çatdırdıq. Belə bir ümumi fikir vurğulandı ki, sosial medianın bəzi iştirakçıları tərəfindən öncəbhə ilə bağlı aparılan təxribatlar bunun qarşısını almaq üçün səmərəli mexanizmlərin tətbiqini vacib qılır. Prezidentin köməkçisi bizlərin çoxsaylı suallarını cavablandırdı və səslənən fikirlərin əhəmiyyətli olduğunu və bütün uyğun təkliflərin nəzərə alınacağını bildirdi. Beləliklə, əlamətdar bir görüş oldu və günümüzə sözün müsbət anlamında damğa vurdu. Görüşün son görüş olmayacağına inanırıq, inanırıq ki, yeni görüşlər olacaq və cəmiyyətin səsinin dövlətin zirvəsinə çatdırılmasına, dövlət orqanlarının vətəndaşların qayğılarına daha çevik reaksiyası, ictimai nəzarətin gücləndirilməsi, icra orqanlarının, dövlətin sosial-siyasi islahatlar kursuna, yeni çağırışlara uyğun davranmasına töhfə vermək baxımından özünəməxsus faydasını göstərəcək. Bəli, fərqli düşünən insanların fikirlərini öyrənmək, tənqidi məqamlarla tanış olmaq, bütün tənqidlərin anlayışlı şəkildə qəbul edilməsi Prezident köməkçisi ilə görüşün məziyyətlərindədir. Bu dəfə daha çox (yaxud biləvasitə) pandemiya ortamında hökumətin çalışmaları, görülən işlər, nöqsanlar, durumun daha yaxşı olması üçün atılmalı yeni addımlar və son zamanlar Tovuz istiqamətində cərəyan edən hərbi hadisələr, bu hadisələr fonunda ölkəmizə informasiya hücumları və bəzi təxribatlar müzakirə olundu; inşallah, yeni görüşlərdə cəmiyyəti maraqlandıran digər mövzular da faydalı şəkildə müzakirə olunar və öz nəticəsini verər. Dövlətimiz var olsun! Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Hamısını oxu
Biz onunla "Əli və Nino" kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası - böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim: - Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün. Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: "Ümumiyyətlə mən nadir hallarda gülürəm". - "Nə üçün?" - "Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam". Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru - babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, "Hümmət" Partiyasının əsasını qoyanlardan biri, "Əkinçi" qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub. - Bu "Şamaxı qaçqını" hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. - Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib. Atası, onun dostları və o dövrün qorxusu barədə Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda - yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: "Sən ağarmış başını Solovkidə qoyacaqsan". - O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz - uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi. - O, Bakıdan köçüb getməyə hazırlaşırdı? - O, həbs olunmağa hazır idi. Bilirdi ki, növbəti "təmizləmə" siyahısında Səməd Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları var. ...O illərin repressiyaları barədə çoxlu proqram hazırlamışam və bir məsələ məni həmişə narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət etdim: "Nə üçün ağıllı adamlar onlara divan tutulmasını belə sakitcə gözləyirdilər? Nə üçün cəlladlardan qaçmırdılar?". - Hara qaçaydılar?! Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağı qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra... Bu nəsil romantiklər nəsli idi. Onlar öz Vətənini fədakarcasına sevirdilər. Heç nəyə baxmadan hakimiyyətə inanırdılar. - Lakin həm də ondan qorxurdular, eləmi? - Qorxurdular. Valideynlərimin yataq otağında hökumət telefonu vardı. Bu telefonla yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə, - bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə qaçırdıq. Qorxumuzdan pıçıltı ilə danışırdıq... (bir qədər susdu). İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: "Sən yenə səsini azaldırsan?" Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır. - Böyük adamın qızı olmaq çətin idimi? - Məsuliyyətli idi. Axı sən təkcə özünü təmsil etmirsən. Atamı hörmətdən salmamaq çox vacib idi. Çünki o da, biz də göz qabağında idik. Dövr isə sərt və təhlükəli idi. - Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər gəlirdi, onun dostlarından kimi xatırlayırsınız? - Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər Akademiyasının prezidenti olan dövrdə. Səməd Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə - bir sözlə, neft geologiyasının qızıl fondunun bütün qaymaqları. Çay süfrəsi sadə, münasibətlər təbii, şən olurdu. O vaxt intellektual diskussiyaları çox eşitmişəm. "Dünyanın yarısını ona tapşırmışdılar" - Necə oldu ki, siz şərqşünaslıq peşəsini seçdiniz? Yeri gəlmişkən, 1960-cı illərdə bu, Bakıda ən prestijli və dəbdə olan fakültələrdən biri idi. - Elədir, oraya çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım. Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub. ...Hafiz Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər - Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. Şair Nəriman Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: "Sənə dünyanın yarısını tapşırıblar". Yadımdadır, Hafiz Mircəlal oğlundan soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri üçün ən mürəkkəb sual nə idi? Səfir xatırlayırdı: O vaxt Vaşinqtonda az adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən mürəkkəb sual da lakonik səslənirdi: nədən başlamalı? "Vaşinqton Post" qəzetində dərc edilmiş bir yazı məni, sadəcə, şok etdi. Ağ Evdə Azərbaycana görə cavabdeh olan yüksəkrütbəli şəxs telefonda öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib. Məmur öz xanımından sakitcə soruşur: "Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?" Rəna xanım da ərinin sözlərini təkrar edir: - Bəli, 1990-cı illərin əvvəli olduqca mürəkkəb dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar çıxır. Hara getsən, hər yerdə soruşurlar: "Siz nə üçün onları öldürürsünüz?". Anamın dərdi barədə danışmaq istəyirəm, ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Heç kəs bunu eşitmək istəmir. Nə konqresmenlər, nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi söhbətlər zamanı da. Qarşımızda "Berlin divarı" dayanmışdı və Hafiz sözün hərfi mənasında bu divarı dəf etməyə çalışırdı. Mənim əllərim yanıma düşmüşdü. ...Kənardan baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər gün çox böyük səbir tələb edən yorucu işlə dolu həyatdır. Zahirən o qədər də effektli görünməyən bu həyat, əslində, dərin daxili temperament, fikir temperamenti ilə doludur. - Gecələr çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə Hafiz Paşayev xatırlayırdı, - özümün və xalqımın təhqir olunması fikri mənə dinclik vermirdi. Axı işğal edilmiş ərazilər, öz yurdundan silah gücünə qovulmuş insanlar mənim millətimə mənsubdur. Nə üçün? Nəyə görə? Hansı haqla? - Belə vəziyyət çoxmu davam etdi? - Üç-dörd il, - Rəna xanım dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım. ...Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur - Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir - filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı. - Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər ilə səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: "Siz kimsiniz? Hansı ölkədənsiniz?" Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: "Ah, Sizin o qız necə gözəl idi!". Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu... Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı "Əsrin müqaviləsi" imzalananda isə, əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar. "Raisa Qorbaçovanın brilyant üzüyü" Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, "qəşəng yalançı" idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı. Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern" jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür. Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü "odun, suyun və zəfərlərin içində" qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər. - Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik. - Siz dünyabaxışınıza görə necə adamlarsınız - optimist, pessimist, yoxsa romantik? - Çox güman ki, realistlərik. Hafiz yumor hissi olan realistdir, mən isə, sadəcə, realist. - Bu gün sizi qorxudan məsələlər varmı? - Bəli. Müharibə. Mən nəvələrim üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha yaxşıdır. - Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi? - Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən - istər Ağ Ev olsun, istər Baş Qərargah və Pentaqon - hər yerdə qadınlardır. Oradakı çalışanların 50 faizi qadınlardır. Bizdə bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə qadınlar nə qədər çox olsa, dünyamız bir o qədər xeyirxah və təhlükəsiz olar. - Rəna xanım, Siz həyatınızdan razısınızmı? - Bir dəfə qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə istirahət edir, çünki biz atalarımız qədər yüksək mövqelərə çatmamışıq. Cavabında mən dedim ki, nə üçün çatmamışıq? Biz, sadəcə, yaxşı insanlarıq. Məgər bu azdırmı? Məncə, çoxdur, lap çoxdur, çünki yaxşı insanlar azdır. ...Mən nə üçün məhz bu söhbəti xatırladım? Bu həftə Rəna xanım Paşayeva dünyasını dəyişdi... Məhz işğalçı ermənilər yenidən təxribat törətdikləri gün. Yenə atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə dammışdı. Əlvida, gözəl, qüssəli xanım, rahat yat. Nadejda İsmayılova Milli.Az
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
İyulun 24-də Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Modern.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirib. Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb. Həmçinin, Baş prokuror mayın 1-də Prezident cənab İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib. Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev göstərib ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır. Qeyd edilmişdir ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülmüş, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır. Vurğulanıb ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür. Çıxışının sonunda Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir. Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Milli.Az Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Bakı şəhəri Səbail rayonundan Fidan Abbaslı yazır: "Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər" Şuşadan məcburi köçkün Qalib Kazımov: "Cənab Ali Baş Komandanımız, cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk". Quba rayonu, Buduq kəndinin sakini Yaqub Həsənovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident". Polşa Respublikası, Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: "Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir. Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik". Ağdam rayonu, Çullu kəndi sakini Yavər Cəfərov: "Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun". Beyləqan rayonundan Rafiz İsmayıllı yazır: "Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk". Bakı şəhəri Sevda Rzalı: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan". Bakı şəhəri, Binəqədi rayonundan Yeganə Əsgərlinin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz". Laçın rayon Ağasif Ələkbərov: "Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük". Quba rayonu, Zərqova kəndindən Səfər Bayramov yazır: "Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni "Asan Xidmət" mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək". Goranboy rayon sakini Müslüm Mustafayev: "Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram. Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Sumqayıt şəhəri Ramal Bağırovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram". Bakı şəhərindən Cəmil Qurbanov yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm". Salyan rayonu, Kürsəngi kənd sakini Böyükağa Məmmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik. Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir". Bakı şəhəri Röyal Hacıyev: "Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkliyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qonşularımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilmiş, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilmişdir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabın almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq və hər zaman Sizin "hücuma" əmrinizə hazır vəziyyətdə gözləyirik". Samux rayonundan İlahə Qurbanova yazır: "Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq". Milli.Az
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Siyəzən rayonunda olublar. Siyəzən rayon Veteranlar Təşkilatının sədri Qələmşah Babayev ilə görüşən nümayəndə heyəti onun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatları Böyük Vətən Müharibəsi veteranlarına təhvil veriblər. RayonVeteranlar Təşkilatının sədri Qələmşah Babayev koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir
Hamısını oxu
Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib. Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir: “Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar. Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.
Hamısını oxu
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.
Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!
Hamısını oxu