Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

“Almaniyanın üzrxahlığı Prezidentimizin və diplomatiyamızın gücündən xəbər verir”
“Almaniyanın üzrxahlığı Prezidentimizin və diplomatiyamızın gücündən xəbər verir”

Məlum olduğu kimi, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Bunun ardınca Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.    Mövzu ilə bağlı Veterann.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan dövlətinin prinsipiallığının nəticəsi kimi dəyərləndirib: “Almaniyanın üzrxahlığı diplomatiyamızın gücündən, dövlətimizin prinsipiallığından xəbər verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan diplomatiyası həqiqətən də çox güclüdür və dövət maraqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Bildiyiniz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmışdı. Bu isə haqlı olaraq Azərbaycanın ciddi etirazına səbəb olmuş, bu etiraz ən sərt şəkildə Almaniyanın ölkəmizdəki səfirinin diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi Almaniyadan baş verənlərlə bağlı ictimai şəkildə üzrxahlıq edilməsini tələb etmişdi. Hansı ki, Azərbaycanın bu tələbi ən qısa zamanda yerinə yetirildi, Almaniya yaşanan məlum olayla bağlı ölkəmizdən üzr istədi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan diplomatiyası ölkəmizin maraq və mənafeyi ilə bağlı məsələlərdə heç kimə, heç bir dövlətə güzəştə getmək niyyətində deyil və bu məsələlərdə sona qədər prinsipiallıq sərgiləyir. Artıq məlum insident öz məntiqi sonluğa çatsa da, baş verənlər bizim hər birimizdən ayıq-sayıq olmağın, dövlətimizə, onun Prezidentinə daim dəstək verməyin son dərəcə önəmli olduğunu göstərir. Biz Vətən müharibəsindəki həmrəyliyimizi günümüzdə də davam etdirməli, hər bir böhtan və təxribatın qarşısını qətiyyətlə almalı, bu haqsızlıqları birlikdə ifşa etməliyik. Unutmayaq ki, yalnız birlik, bərabərlik bizi hər bir mübarizədən qalib çıxara, bizi öz hədəflərimizə çatdıra bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu
Dəmir yumruqla intiqamımızı aldıq
Dəmir yumruqla intiqamımızı aldıq

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi. Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri  ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi. Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir. Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı. Rasim Nazimoğlu AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimiTarix və siyasi elmlər üzrə araşdırmaçı        

Hamısını oxu
1915-ci il təvəllüdlü Hilal İbrahimov vəfat edib
1915-ci il təvəllüdlü Hilal İbrahimov vəfat edib

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib. Veteran.gov.az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat verib. 1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.  H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı.  2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib.  Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Hilal İbrahimovun vəfatı ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Dəli
Dəli

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən IV yazı   Aşiq mənəm… Eşqlə doğuldum… Qəlbim alov... Bədən ələnqə. Mən özümü sevgiyə gömdüm, Bürüməyin indi kəfənə.   Məşuq mənəm… Hər dəfə sərhoş, Onun adın şərabtək içdi. Baxışına sığındım hər dəfə, Ayağına yıxıldım… Öpdüm…   Derviş mənəm… Məkansiz... Yersiz... Ürək tikdim! Ona gizləndim. Biri satdı məni bəlkə də, Qəlbdən çıxdım… Sevdim, qırıldım.   Məğlub mənəm… Və qalib mənəm… Çox qazandım, çoxca uduzdum. Bisatimda – ürəyim idi… Mən onu da sənə tutdurdum!   Unutamazsan   İllər keçəcəktir, keçir mövsümlər, Taqdir deyəməzsən, yox, qəbul etəməzsən. Əlindən də gəlməz, ürək ağrıyır, Məni unutmazsan, unutamazsan.   Qucaqlarsan dizini, kirpik tərpədəməzsən, Göyə baxarsan, heç öyrəşə bilməzsən, Gözündən yaş süzər, xəyal dizginsiz, Məni unutmazsan, unutamazsan.   Keçmişi düşünür, məni axtarırsan, Xəyal ağacını yıxa bilməzsən, Təəssüf, qayıdamazsan, qayıda bilməzsən, Məni unutmazsan, unutamazsan!   Yuxuların dalaşır adım çağıraraq, Günlərin səhv düşür izimdən gələrək, Bağışla, qəlbini geri verəmədim, Məni unutmazsan, unutamazsan!   Şairə Lətafət ƏMİROVA Özbəkistan Respublikası Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Hamısını oxu
Şəhidlərə ehtiram, Qarabağın bərpasına töhfə...
Şəhidlərə ehtiram, Qarabağın bərpasına töhfə...

Novxanıdakı iftar sürəsində yeni və təqdirəlayiq ənənənin əsası qoyulub... Martın 22-də Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. (https://veteran.gov.az/az/news/2840-novxani-mescidinde-merasim-evinin-acilisi-olub-iftar-sufresi-verilib-qarabag-dircelis-fonduna-iane-olunub ) Şəhid ailələri, veteranlar və həssas kateqoriyadan olan digər vətəndaşların iştirak etdiyi 250 nəfərlik iftar süfrəsində gözəl bir ənənənin əsası qoyulub. Belə ki, iftar süfrəsində dövlətimizin Qarabağın bərpası istiqamətində həyata keçirdiyi böyük quruculuq işlərindən bəhs olunub, hər bir vətəndaşın bu müqəddəs missiyada iştirakının vacibliyi vurğulanıb. Təşkilatçı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə olunub. Azərbaycanda Ramazan ayında iftar süfrələrinin təşkili, bu süfrələrə şəhid ailələrinin, veteranların, sosial baxımdan aztəminatlı şəxslərin dəvət edilməsi kimi gözəl bir ənənə çoxdandır ki, mövcuddur və bu, xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyindən xəbər verir. Lakin iftar süfrəsi ilə yanaşı, həm də Qarabağ Dirçəliş Fonduna ianənin edilməsi yeni və təqdirəlayiq bir yenilikdir. Qarabağın bərpasının xalqımız və dövlətimiz üçün həyati əhəmiyyət kəsb etdiyini nəzər alsaq, bu yeniliyin ənənə halını alması, nümunəyə çevrilməsi arzuediləndir. Belə olarsa, iftar süfrələri xalqımızın birlik, bərabərlik göstərici olmaqla yanaşı, həm də dövlətimizin inkişafı, milli maraqlarımızın təminatı istiqamətində vətəndaşlarımızın birgə fəaliyyətini daha effektiv şəkildə stimuallaşdırar. Bu, həmçinin,  vətəndaşlarımızın Qarabağın bərpasına yönəlik əməli addımlara təşviq edilməsi, dövlətçilik şüurunun inkişaf, Müzəffər Ali Baş Komandanın çağırışlarının dəstəklənməsi baxımından da mühüm addım deməkdir. Ona görə də Novxanıda əsası qoyulan bu ənənənin yaxın gələcəkdə genişlənəcəyini ümid edir, insanlarımızı bütün imkan və vasitələrlə doğma Qarabağımızın bərpasına dəstək verməyə səsləyirik. Unutmayaq ki, Qarabağın dirçəldilməsi, erməni faşizminin törətdiyi vəhşiliklərin ağır nəticələrinin ortadan qaldırılması yanız dövlətimizin deyil, vətəndaş olaraq hər birimizin vəzifəsidir. Və biz istənilən şərtlər altında bu borca sadiqlik sərgiləməli, dövlətimizə dəstək olmalı, Qarabağın inkişafına töhfə vermək üçün bütün imkanlarımızdan maksimum istifadə etməliyik. Dirçəlmiş Qarabağ, qüdrətli Azərbaycan naminə! Seymur ƏLİYEV

Hamısını oxu
“Separatçıların həbs edilərək məhkəmə qarşısına çıxarılması DTX-nın tarixi uğurlarından biridir”
“Separatçıların həbs edilərək məhkəmə qarşısına çıxarılması DTX-nın tarixi uğurlarından biridir”

“Uzun illər xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçılarının lokal anti-terror əməliyyatından sonra həbs edilərək məhkəmə qarşısına çıxarılması dövlətimizin, onun təhlükəsizliyinin əsas təminatçılarından biri olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  tarixi uğurlarından biridir”. Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki,  DTX xalqımızın, dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, suverenliyimizin bərpasına da böyük töhfələr verib:  “DTX müstəqillik tariximizin bütün mərhələlərində dövlət təhlükəsizliyimizi uğurla qoruyub, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə ardıcıl addımlar atıb. DTX-nın son illərdəki fəaliyyəti isə xüsusislə təqdirəlayiqdir. Biz həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı DTX-nın peşəkarlığının bir daha şahidi olduq. DTX həm müharibə, həm də post-müharibə dövründə dövlətimizə qarşı terror və təxribat cəhdlərini uğurla ifşa etdi, anti-Azərbaycan qüvvələrinə ağır zərbələr vurdu. Lokal anti-terror tədbirlərindən sonra Qarabağın müxtəlif yerlərində gizlənən separatçıların de-şifrə edilərək saxlanılması və Bakıya gətirilməsi isə DTX-nın xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biridir. DTX böyük ustalıqla həyata keçirdiyi bu əməliyyatlarla cinayətkarların gizlənməsinə, məsuliyyətdən yayınmasına imkan vermədi. Həmin şəxsləri həbs edərək onların məhkəmə qarşısına çxıarılmasını təmin etdi. Bununla hər kəsə sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər cəzadan yaxa qurtara bilməyəcək, gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar. Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanları əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, onlar bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın, dövlətimizin düşmənlərini məyus etməkdə davam edəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, 23 mart tarixində Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palas” otelində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib. Tədbir xeyriyyəçi iş adamı Səfər Əlirzayevin dəstəyi ilə Novruz bayramı münasibətilə həyata keçirilib. Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək onun əziz xatirəsini yad ediblər. Daha sonra Naxçıvan şəhərindəki I Qarabağ müharibəsi və Azərbaycan-Türkiyə qardaşlığı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarının yerləşdiyi şəhər qəbiristanlığı ziyarət olunub. Ziyarət çərçivəsində Ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin məzarı da ehtiramla yad edilib. Həmçinin, Güznüt kəndindən olan şəhid Ramil Əliyevin mövlud günü münasibətilə onun məzarı başında dualar oxunub. Sonra Şıxmahmud kəndində şəhid Emin Sadiqovun ev-muzeyi ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdən sonra 500 dən artıq aztəminatlı, şəhid və qazi ailəsinə bayram sovqatı təqdim olunub. Tədbir iştirakçıları müqəddəs yerləri də ziyarət ediblər. Onlar Əshabu Kəhf ziyarətgahını, Nehrəm qəsəbəsində yerləşən İmamzadə türbəsini ziyarət edərək şəhidlərin ruhuna dua ediblər. Tədbir çərçivəsində Səfər Əlirzayev şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyə görə "Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin" fəxri üzvü seçilib. Bu mükafat onun vətənpərvər fəaliyyətinin və xeyriyyəçilik təşəbbüslərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib. Tədbir iştirakçıları Səfər müəllimə gördüyü bu nəcib və xeyirxah işlərə görə dərin təşəkkürün  bildirib, xalqımızın birliyi, əmin-amanlığı və rifahı naminə həyata keçirdiyi fəaliyyətlərdə ona uğurlar arzulayıblar.    

Hamısını oxu
Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub
Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.  Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”
“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”

“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən  müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib. DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib. DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq. Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı  - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Nəsimi!
Nəsimi!

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən III yazı  Qurbanlığa soyun məni, Topuğumdan asın dara. Və sonra duzlayın məni, Büründüm qapqara qara.   Hansı casusa nəsibdir tac, Səltənət de zəng çalacaq, zəng. Mən zindanda ödəmişəm bac – Saç ağardı, ağarmadı səhər.   Bu alnıma basılmış damğa: Nəsiminin beytləri küfr. Cəllad, artıq eləmə nəğmə, Şeirə deyil, üzümə tüpür.   Ağrımaz tən, Edərəm huzur, Siz dərimi soyduğunuz an. Mən haqqına girməyim, üzr, Azan, ya təkbir söyləyin, aman.   Günəş üfqə qoyduğutək baş, Qəlbin hüftan oldu mu, ey Şərq? Yeri altını parlatsa Günəş – Yer üzü də çeçəkləyəcək.   Qurbanlığa soyun məni, Və dağıtın bütün Bəşərə...   Bu dünya…   Bu günəş anamtək qocalmış, Anamtək qocalmış yer üzü. Mən batdım günəşin altına, Gündüzü, gündüzü, gündüzü.   Bu külək Cənubdan əsdimi, Cənubdan əsdimi sabalar? Qaranquş, qanadın kəsdimi, Səvdalar, səvdalar, səvdalar.   Ağ yağış qarlara dönüşdü, Qarlara dönüşdü leyləklər. Bu dünya darlara dönüştü, Sarlara dönüşdü leyləklər.   Nələrdən xəbərdir bu təsvir, Yuxulu gözlərin süzülüb. Gələn bu müsibət müsəvvir, Gedərəm ip kimi mən qopub.   Müsəvvir, gümanla tapdınmı, Sən məni adım ya ismimdən? Təndirə çörəktək yapdınmı, Ulduzlar tökülsə cismimdən?   Ağlasan, doğru ağla, gül süni, Adın var keçmişə adanan. Bu dünya bir dəstə gül süni, Mən də bir dünyayam xətərli.   Axtarış   Axtarışda qalan insantək, Özümü axtarıram səsdən. Adımdan ta bədəniməcən Müharibə elan etdim qəsdən.   Dörd bir yandan alıb nişanə, Atılacaq kamandan yaylar. Soyguncuya dönüşüb dünya, Durbin ilə addımım sayar.   Dağ qoynunda qapqara şərpə, Qanad çırpan bir şahin kimi. Mən izinsiz yox oldum, əfsüs, Elə düşməz intiqam kimi.   Özümü axtarıram hələ, Axtarıram mağara, dərədən. Yadımda yox hətta simam da, Əfsüs, min il keçdi aradan.   Ayın on beşi zülmət olsa, Mən axtardım günəşlərindən. Damladım anamın son nəfəsi Və sonuncu göz yaşlarından.   Ağı   Bu sözlərə çəkiç dəyməmiş, Balta ilə doğranıb amma. Qılınc gəlsə başın əyməmiş, Pərdə kimi örtülüb amma.   Burda bülbül oxuyar səssiz, Təfəkkürü çaxır əqrəb də. Yaşayıram qürub, gecəsiz, Yaşayırsan hansı tərəfdə?   De, haradan alınıb torpağın, Torpağına qarışıb laşım. Qarışqalar öpmüş ayağın, Onlar mənim gözüm və qaşım.   Bax ki, mənim gözlərim kordur, Çiynin tutar nədənsə dul-dul?! Alnımdan bir ayə oxuyar, Yenə həmin dili yox bülbül.   Sinəm yırtar kipriyinin tığı, Bir Söz hələ ki can istəyər. Mən dünyaya yetəcək ağı, Dünya isə bir qan istəyər.   Dənə kimi səpilmişdir…   Dənə kimi səpilmişdir bədənim, Gözümdəki gölməçə də Nilə dönər. Doğuluş… Doğuluş – mən ölən tarıx, Bu tarıx, bəlkə də, bir gülə dönər.   Dənə kimi səpilib dilə gəlir, Basdığım o izlər, tutmuş əllərim. Yanımda səssizcə kimsə dayanır, Sonra… Boş qalacaq sağım, sollarım.   Dənə kimi səpilib nalələrim də, Şərab içən kimi yenə sərxoşum. Qasırğada qırıldı budaqlarım, Kökünü qurd yemiş elə ağacım.   Dənə kimi səpilib bütün soyum, Soyuq ölkələrdə qartallara yem. Yaram yeniləndi, ağrıyır yaram, Kaş bu ağrı olsa bədənə məlhəm.   Bir gün başıma yetəcək dünya, Babaqəndlər gəlir, gəlir Mirzalar. Dənə kimi səpilir o zaman dünya, Sonra közə dönər dəstxət, imzalar.   Sonra dənə kimi səpilirim mən...   Babaqənd MİRZƏ Özbəkistan Respublikası Nəvai şəhər Xalq Deputatları Şurasının deputatı, “Dustluq bayrağı” və “Знамя дружби” qəzetlərinin baş redaktoru  Özbək dilindən uyğunlaşdıran: Rəhmət Babacan

Hamısını oxu