Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliği, tədrisi  istiqamətində də layihələr həyata keçirirlər. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaqdır. Kurslar Qazi Universitetinin Mərkəzi Kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə üz-üzə olaraq keçiriləcək və dərslər  çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcəkdir.  Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə Azərbaycan dili kursları -dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik podaqoqu tərəfindən ödənişsiz olaraq aparılacaqdır. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına da daxil ediləcəkdir. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcəkdir. Qeyd edək ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaqdır.  Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcəkdir. Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər Universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri də iştirak edə biləcəklər. Seymur ƏLİYEV  

Hamısını oxu
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb. APA-nın məlumatına görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.  Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb. Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Xəlil Məmmədov: Azərbaycanın igid, Şuşanın əyilməz oğlu
Qəhrəmanlar unudulmur! Xəlil Məmmədov: Azərbaycanın igid, Şuşanın əyilməz oğlu

İkinci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq və fədakarlıq unudulmazdır. Müharibə dövründə yüz minlərlə azərbaycanlı cəbhəyə yollanaraq öz canları və qanları ilə Böyük Vətən müharibəsinin qələbəsinə töhfə veriblər. Azərbaycanlı döyüşçülərin və mütəxəssislərin fədakarlığı, həmçinin müharibə dövründə Bakı neftinin strateji rolu qələbənin təmin edilməsində əvəzsizdir. Bakı nefti təkcə Sovet İttifaqının silahlanmasını təmin etməklə deyil, həm də müttəfiqlərin cəbhə xəttindəki qüvvələrini gücləndirmək üçün həyati əhəmiyyət daşımışdır. Azərbaycanın milli atıcı diviziyalarının, xüsusilə "Qafqaz diviziyasının", Qafqaz dağlarının ətəklərindən tutmuş Berlinə qədər olan döyüş yolunu keçməsi həm də, əsl qəhrəmanlıq nümunəsidir. Bu diviziyalar bir çox döyüşdə xüsusi şücaət göstərmiş, düşmənə qarşı mübarizədə böyük zəfərlərə imza atmışdır. Ulu öndər Heydər Əliyevin “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixinin ən dəhşətli müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olmuşdur. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini artırmış, Azərbaycan xalqını dünyada tanıtmışdır. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək də olmalıdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli vətənpərvərlik ənənələrini davam etdirərək, Sovet İttifaqı Qəhrəmanlarının xatirəsini ehtiramla yad edir və müharibənin od-alovlarından keçmiş veteranlarla görüşür. Bu ənənə Azərbaycanın müstəqilliyi və xalqın milli mənlik hissinin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu tarix təkcə bir xalqın şərəfini deyil, bütün insanlığın azadlıq və ədalət uğrunda mübarizəsini təmsil edir. Ulu Öndərin vurğuladığı kimi, gənclər bu qəhrəmanlıq ənənələrini özlərində yaşatmalı, onların mirasını qorumağa çalışmalıdırlar. İkinci Dünya Müharibəsində al qanı ilə tarix yazan igid oğullarımızdan biri də Sovet İttifaqı Qəhrəmanı General-mayor Xəlil Məmmədovdur. Onun kimi qəhrəmanların xatirəsi Azərbaycan dövləti tərəfindən xüsusi qiymətləndirilir və yüksək hörmətlə yad edilir. Xəlil Məmmədov müharibə dövründə öz hünəri və igidliyi ilə qəhrəmanlıq nümunəsinə çevrilmişdir. O, xüsusi döyüş bacarığı və liderlik keyfiyyətləri ilə təkcə döyüşlərdə qələbə qazanmayıb, həm də Azərbaycanın milli qürurunu, kimliyini tanıtdırıb. Hər bir qəhrəmanın həyatı, onların öz vətəninə və xalqına olan sonsuz sevgisi və bağlılığı, gələcək nəsillərə örnəkdir. General-mayor Xəlil Məmmədov 5 may 1916-cı ildə Qarabağın incisi olan Şuşa şəhərində anadan olub. Onun həyat yolu və müharibə dövründəki qəhrəmanlığı, Azərbaycanın igidlər tarixinin əvəzsiz səhifələrindən birini təşkil edir. Xəlil Məmmədov 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edərək Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. O, yüksək döyüş bacarığı və liderlik keyfiyyətləri ilə tanınıb və bir çox mühüm döyüşlərdə iştirak edib. Xəlil Məmmədovun Şuşada doğulması da onun həyatına xüsusi bir məna qatır. Şuşa, həm mədəni, həm də tarixi baxımdan Azərbaycanın ən mühüm şəhərlərindən biridir və belə bir şəhərdən çıxmış bir qəhrəmanın döyüşlərdə göstərdiyi fədakarlıq və igidlik həm Azərbaycan xalqının, həm də bütün insanlığın azadlıq və müstəqillik uğrunda mübarizəsinə töhfə idi. Xəlil Məmmədovun həyat yolu çox məşəqqətli olmuşdur. O, gənclik illərində çalışqan və iradəli bir insan kimi tanınıb. Sənaye texnikumunu bitirdikdən sonra, ölkə üçün vacib olan dövrün tələbi ilə ordu sıralarına çağrılıb.İkinci Dünya Müharibəsi başlayanda öncə Qafqaz cəbhəsinə göndərilib. Müharibə illərində Xəlil Məmmədov sıravi tankçılıqdan mayor rütbəsinə, ardınca isə tank taboru komandiri vəzifəsinə qədər yüksəlib. Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Hərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Növbəti dəfə Xəlil Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub. Bu tapşırığı uğurla yerinə yetirən Xəlil Məmmədov “Aleksandr Nevski” ordeni ilə təltif edilib. Ukraynanın işğaldan azad edilməsində ən ağır döyüşlərdə iştirak edən Xəlil Məmmədovun sonrakı döyüş yolları Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. Xəlil Məmmədov Rumıniyanın Tırqu Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Xəlil Məmmədovun taboru sonra Macarıstanda qərarlaşıb. Növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib. Zərfin “məxfi” möhürlü olmasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub. Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. İkinci Dünya Müharibəsindən sonra ehtiyatda olan mayor Xəlil Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. 1955-ci ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. Xəlil Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirinin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. 1965-cı ildən Xəlil Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib, Xəlil Məmmədov “Berlinin alınmasına görə”, “Vyananın alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə; Qırmızı Ulduz (iki dəfə), Aleksandr Nevski, Lenin, 1-ci dərəcəli Vətən müharibəsi və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Xəlil Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə böyük hörmətə, nüfuza malik olmuşdur.Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmmədov 21 fevral 1989-cu ildə dünyasını dəyişib. Xəlil Məmmədovun adı doğma Şuşa şəhərində əbədiləşdirilib. Şuşa şəhəri, tarixi və mədəni əhəmiyyəti ilə yanaşı, Azərbaycanın qəhrəmanlıq tarixinin də mühüm bir mərkəzidir. Xəlil Məmmədov kimi şəxsiyyətlərin adlarının bu şəhərdə əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynamışdır.Bu gün Qarabağ savaşında Şuşa uğrunda savaşlarda şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlar Albert Aqarunov, Ramiz Məmmədzadə kimi igidlərin intiqamı döyüş meydanında alındı.44 günlük Vətən müharibəsində Qarabağın, Şərq Zəngəzurun xilaskarı kimi tarix yazan Azərbaycan bayrağını Şuşa qalasından asan cəsur döyüşçülər sübut etdilər ki, onlar həm də Şuşanın əyilməz oğlu Xəlil Məmmədov kimi qəhrəmanların yetirmələridirlər.                         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                         polkovnik   Cəlil Xəlilov

Hamısını oxu
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir. Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib. Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Hamısını oxu
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Dünyanın müxtəlif ölkələrindən olan təşkilatlar bəyannamə çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi üzrə səylərin birləşdirilməsinə dəstəklərini ifadə edirlər.  Veteran.gov.az xəbər verir ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayı artmaqdadır. Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər.  Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

Hamısını oxu
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...

Hamısını oxu
CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”
CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.” Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir: “Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.   “Ədəbiyyat və incəsənət” (06.02.2025)  

Hamısını oxu
“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”
“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirlməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla alır. Lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusyon quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik. Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar isə bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir təhlükənin, hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublkamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Binəqədi Rayon Veteranlar Təşkilatının hesabat tədbiri keçirilib, yeni sədr seçilib
Binəqədi Rayon Veteranlar Təşkilatının hesabat tədbiri keçirilib, yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının hesabat tədbiri keçirilib.  Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu öndərin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısında bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib. Cəlil Xəlilov qeyd edib ki, bu gün veteranlar ölkəmizin ictimai həyatında yaxından iştirak etməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə ciddi töhfə verməkdədir. Tədbirdə hesabatla çıxış edən Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov görülən işlər haqqında məlumat verib. Polkovnik Cəlil Xəlilov çoxillik xidmətlərinə görə Teyyub Həsənovu Fəxri Fərmanla təltif edib. Daha sonra Binəqədi Rayon Veteranlar Təşkilatının yeni sədri ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov tədbir iştirakçılarına təqdim olunub. Polkovnik Cəlil Xəlilov Raul Səfərova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  

Hamısını oxu
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir”
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir”

Varis: “Keçmişə güllə atanı gələcək topa tutar” Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı, şəxsiyyətləri də hədəf alınmaqdadır. Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri xüsusən Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar. Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə  Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə  stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar. Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni? Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur!  Mikayıl Ələkbərov kimi qəhrəmanların döyüş yolu gənc nəslin ideoloji-mənəvi tərbiyəsində mühüm amilə çevrilmişdir
Qəhrəmanlar unudulmur! Mikayıl Ələkbərov kimi qəhrəmanların döyüş yolu gənc nəslin ideoloji-mənəvi tərbiyəsində mühüm amilə çevrilmişdir

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində qələbənin qazanılmasında azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdirmişdir. Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstərmiş, Polşanın, Yunanıstanın, Çexiyanın kimi ölkələrin azad olunmasında iştirak etmişlər. Bu döyüşlərdə Azərbaycanın igid övladları Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dnepr ətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, Mikayıl Ələkbərov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov kimi cəsur oğullar Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüş və öz hərbi borclarını sona qədər şərəflə yerinə yetirirmişlər. Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun Rudka kəndində 309 döyüşçünün əbədi uyuduğu qardaşlıq məzarında Azərbaycanın igid oğlu qvardiya qızıl əsgəri, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılmışdır. 19 yaşında canını xalqı uğrunda fəda etmiş Mikayıl Ələkbərov kimi qəhrəmanların abidəsinin ucaldılması, keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Mikayıl Ələkbərov 1924-cü ildə Abşeron rayonunun Saray kəndində anadan olmuşdur. Stepnoy cəbhəsinin birinci qvardiya ordusu, 81-ci qvardiya atıcı diviziyasının 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyünün kəşfiyyatçısı kimi qəhrəmanlıq örnəyinə çevrilən Mikayıl Ələkbərova 1943-cü il oktyabrın 10-da ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Kəşfiyyatçı Dnepr çayının keçilməsində xüsusilə fərqlənmişdir. 1943-cü il sentyabrın 26-na keçən gecə Mikayıl Ələkbərov bir qrup kəşfiyyatçı ilə birlikdə düşmənin atəş sistemini öyrənmək üçün Borodayevka kəndinə getmişdi. Onlar gecə vaxtı hücum təşkil edərək bir saat ərzində düşmənin atəş nöqtələrinin yerini öyrənmişlər. Ertəsi gün bu kənd uğrunda döyüşdə Mikayıl iki alman əsgərini əsir götürmüş, daha dörd faşisti məhv etmişdir. Ələkbərov öz kəşfiyyatçı yoldaşları ilə birlikdə hitlerçilərin 14 əks-hücumunu dəf etmişdir. Sentyabrın 30-da ağır yaralanan Mikayıl Ələkbərov aldığı yaralardan 1943-cü il oktyabrın 13-də hərbi hospitalda vəfat etmişdir. Qvardiya qızıl əsgəri Mikayıl Məmməd oğlu Ələkbərova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşistləri ilə döyüşlərdə göstərdiyi mərdlik və rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1943-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseyinzadə, Qafur Məmmədov,Mikayıl Ələkbərovunda xatirəsi daima yad edilir, Azərbaycanın hərbi məktəblərində, hərbi muzeylərdə, mümkün olan tədbirlərdə təbliğ edilir, örnəyə cevrilən ömür yolundan qürurla, vüqarla söz açılır. Büten bunlar bir daha sübut edir ki, Mikayıl Ələkbərovun qəhrəmanlığı yalnız öz dövründə deyil, həm də sonrakı nəsillər üçün bir dərs və ilham mənbəyi olaraq qalır.                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“2025-ci il Konstitusiya və Suverenlik İli!”
“2025-ci il Konstitusiya və Suverenlik İli!”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını  qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra  1995-ci il noyabrın 12-də  Ulu Öndərin  rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.   Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın  vətəndaşlıq borcumuzdur.  Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.

Hamısını oxu