Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib. Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.
Hamısını oxu
Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC 31.01.2025-ci il tarixdə xidməti fəaliyyətin yekunlarına dair hesabat-məruzə keçirmişdir. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, bu dövr ərzində rəhbəri olduğu təşkilatın uğurlarından, nailiyyətlərindən söz açmış, dövlət əhəmiyyətli sosial layihələri istiqamətində görülən işlərin önəmini diqqətə çatdırmışdır. Ardınca MMC-nin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələrinə dair iştirakçılara, qonaqlara məlumat vermiş, cəmiyyət tərəfindən hesabat dövrü ərzində görülmüş işlər və sosial layihələri əks elətdirən videoçarx nümayiş olunmuşdur. Bundan sonra A. Məmmədov dəvət olunan qonaqlar - millət vəkili Vüqar Rəhimzadəni, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayevi, Təhlükəsizlik idarəsinin rəis müavini Şaiq Osmanovu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovu, SOCAR "Downstream Management" (SDM) nümayəndəsi Tural Səfərlini, portnyorlardan "Rabitəban"kın şöbə müdürü Nəbi Əhmədovu, “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini, “Gününs.info” saytının rəhbəri Pərviz Həşimlini hesabat dövrü ərzində birgə əməkdaşlığa görə xüsusi plaketlə təltif etmişdir. Tədbirin sonunda A.Məmmədov və C.Xəlilov tərəfindən üzvülüyə yeni qəbul olunmuş vətən müharibəsi iştirakçıları olan mühafizəçilər - Əliyev Mehman Mayıl oğluna, İsgəndərov Pərvin Qorxmaz oğluna, İsmayılov Qurbanəli Çingiz oğluna Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vəsiqələri təqdim edilmişdir. Hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla MMC-nin 15 saylı komandası ilin komandası seçilmiş, 28 dekabr "Vəkil günü" ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, "veteranlar təşkilatı ilə sıx əməkdaşlığa" görə Mürsəl Süleymanov, Fərid Həsənov, "səmərəli fəaliyyətinə" görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara sağlam gələcək, firavan həyat, işlərində uğurlar və nailiyyətlər arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.
Hamısını oxu31 yanvar 2025-ci il saat11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalıların iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti", Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqkl fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib: “Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur, Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”. I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti", Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar. Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.
Hamısını oxu
Səfa Axundov: Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Şəhidlərin al qanı ilə tarix yazılır! Bu, yalnız bir ifadə deyil, xalqımızın qəhrəmanlıq və fədakarlıq ruhunun əksidir. Hər bir şəhid, öz həyatını fəda edərək, müstəqillik və azadlıq uğrunda iz qoymış olur. Onların qanı, yalnız torpağa düşmür, xalqın ürəyinə, yaddaşına köçən və gələcək nəsillərə miras qalan yadigardır. Azərbaycanın müstəqilliyinin qorunması və azadlığının əldə edilməsi, heç vaxt asan olmamışdır. Bu yolu qət edən, xalqımızın birliyi və əzmi ilə döyüşən şəhidlərimizin fədakarlığı, heç vaxt yaddan çıxmayacaq. Onlar yalnız döyüş meydanlarında deyil, həm də hər birimizin qəlbində əbədi olaraq yaşayırlar. Onların qanı, Azərbaycanın hər qarış torpağının müstəqil və azad qalması üçün dökülüb, həmin torpaqlarda yeni tarixlər yazılıb. Azərbaycanın Zəfər tarixində Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundovun da adı qızıl həriflərlə yazıldı.1958-ci ildə dünyaya göz açan Səfa Fətulla oğlu Axundov hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzusu onu 1975-ci ildə Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. Məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.Səfa Axundov 1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.Qarabağ hadisələri başlananda Səfa Axundov hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü. Bilirdi ki, gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə ilk növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq. Bu məqsədlədə Səfa Axundov Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qərib eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa Axundov o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələrində çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa Axundov ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu. Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Azəbycan xalqının qeyrətli oğllarının səbrini tükəndirmişdi. Səfanın Axundov 1990-cı ilin iyun ayında cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”. Səfa Axundov 1990-cı il də Vətənə qayıtdı. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Axundov Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi.Yorğun olmasına baxmayaraq “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyərək yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hər bir şəhidin apardığı mübarizə, yalnız bir torpağın müdafiəsi deyil, həm də azadlıq və müstəqillik uğrunda döyüşdür. Bu qəhrəmanlar, yalnız döyüş meydanında deyil, xalqın ürəyində də əbədi iz buraxırlar. Bu cür fədakar və qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın müstəqil dövlət olaraq dünyada mövqeyinin möhkəmlənməsinə, xalqın özünə güvəninə və torpaqların yenidən azad edilərək, qorunmasına böyük töhfə vermişdir. 44 günlük tarixi Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Şəhidlərimiz qanı yerdə qalmadı, çünki hər bir şəhidin qəlbi, onun mübarizəsi və döyüşü əsasında Azərbaycan torpaqları əbədi olaraq azad oldu. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcəyini təmin etməyə yönəlmiş əbədi bir addım oldu. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanların arzusunu gerçəyə çevirdi. Şəhidlərimiz bizim qəlbimizdə, tariximizdə yaşayacaq və biz onların xatirəsini daima uca tutacağıq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Seçki prosesi müşahidəçilərin qiymətləndirməsinə əsasən qanunvericiliyə tam uyğundur. Bunu “Report”a açıqlamasında seçki məntəqələrində müşahidəçi kimi fəaliyyət göstərən Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib. O, Mərkəzi Seçki Komissiyasının müşahidəçisi kimi müxtəlif məntəqələrdə seçki prosesini izlədiyini qeyd edib: “İndiyədək yeddi seçki məntəqəsində olmuşam və hər yerdə proses normal şəkildə davam edir. İnsanlar həvəslə seçkiyə qatılır, tanıdıqları və bələdiyyə işinə layiq bildikləri namizədlərə səs verirlər. Seçkiöncəsi dövrdə namizədlərlə görüşlər keçirilib, seçicilər onların fəaliyyət sahələri və təmsil etdikləri təşkilatlar barədə məlumatlıdırlar”. Veteranlar Təşkilatının sədri vurğulayıb ki, indiyə qədər heç bir insident və ya qanun pozuntusu qeydə alınmayıb. O, həmçinin evdə səsvermə prosesinə də toxunaraq qeyd edib ki, əsasən yaşlı və hərəkət məhdudiyyəti olan şəxslər bu imkanlardan yararlanmaq üçün müraciət edirlər. “Bu müraciətlər məntəqə sədrləri tərəfindən qəbul edilir və müvafiq tədbirlər görülür. Xəstəxanalarda və digər xüsusi yerlərdə də səsvermənin keçirilməsi üçün şərait yaradılıb”, - deyə C. Xəlilov əlavə edib.
Hamısını oxu
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
Hamısını oxuİkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr oldlmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də Səməd Abdullayev kimi qəhrəman oğulların, onların igidlik salnamələri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Belə böyük şəxsiyyətlərin həyatı və mübarizələri, gənclərə vətənə bağlılıq, milli birlik və həmrəylik dərsləri verir. Onların xatirəsini yaşatmaq, döyüş və igidlik yollarını gənc nəslə təbliğ etmək və bu ruhu onlara aşılamaq, ölkənin gələcəyi üçün çox vacibdir. Böyük Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Onlardan biri də, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tibbi xidmət giziri Səməd Abdullayedir. Səməd Abdullayev1920-ci ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Oğuz rayonunda pedaqoji fəaliyyətə başlayan Səməd 1941-ci ilin iyun ayında Qızıl orduya çağırıldı. Tiflisdə hərbi tibbi məktəbdə sanitar təlimatçısı kursunu uğurla bitirib komandanlıq tərəfindən Bakı və Mahaçqalada formalaşan 318-ci atıcı diviziyaya göndərilir. Öz şərəfli döyüş yolunu diviziyanın 1339-cu alayında tabur sanitariya təlimatçısı vəzifəsində başlayır. 1943-cü ilin aprel ayında diviziya Şimali Qafqaz cəbhəsində 18-ci Ordunun tərkibində Novorossiysk şəhəri ətrafında döyüşlərdə fəal iştirak etmişdir. Bu zaman tibbi təlimatçı Abdullayev atıcı hissələrin ön sıralarında yaralı döyüşçülərə ilk tibbi yardım göstərir və bilavasitə döyüşlərdə iştirak edir. O, tüfəng atəşi və qumbaralarla 19 alman əsgərini məhv edir. Novorossiysk döyüşlərində göstərdiyi igidliyinə görə 1339-cu atıcıalayın 07/n saylı əmri ilə 10 iyun 1943-cü ildə Səməd Həmid oğlu Abdullayev “İgidliyinə görə” medalı ilə təltif edilir. 318-ci atıcı diviziya “Novorossiyskaya” fəxri adına layiq görülür. Novorossiysk savaşı zamanı Səməd ÜKP(b)-nin sıralarına daxil olur. Taman yarımadasının almanlardan təmizlənməsindən sonra orduda Kerç-Eltigen əməliyyatına hazırlıq başlayır. Əməliyyatın əsas məqsədi Krım yarımadasına desant çıxarıb körpübaşını ələ keçirmək və sonradan Kerç şəhəri istiqamətində irəliləmək idi. Sovet komandanlığının planında Eltigen burnuna desantın çıxarılması vacib yer tuturdu. Bu əməliyyatda 318-ci diviziyanın hissələri də fəal iştirak etməli idilər. 1943-cü ilin noyabr ayı desantçılarla dolu zirehli katerlər və özüyeriyən barjalar Eltigenə yollanır.1943-cü il noyabrın 1-də ağır fırtınalı hava şəraitində 1339-cu atıcı alayın 1-ci taburu düşmən əlində olan sahilə çıxdı.Desantçıların ön sıralarında tibbi xidmət giziri Səməd Abdullayev irəliləyirdi. Sovet atıcıları sürətli və amansızhəmlə nəticəsində nasistləri Eltigen qəsəbəsindən çıxarmağa müvəffəq olurlar. Bu andan etibarən desant tərəfindən ələ keçirilən kiçik torpaq parçası uğrunda şiddətli döyüşlər başlayır. Almanlar körpübaşı ərazisini hər tərəfdən daimi atəşə tuturlar. Qara dəniz donanmasının sahil top batareyaları tərəfindən sovet desantçılarına göstərilən yardım, top atəşi çox məhdud idi. Halbuki almanlar desanta qarşı toplardan başqa təyyarələrdən və tanklardan da geniş istifadə edirdilər. Düşmənin əks-hücumlarının ardı-arası kəsilmirdi. Səməd Abdullayev güclü top və minaatanların atəşinə baxmayaraq, döyüş meydanından yaralıları çıxarıb, onlara ilkin tibbi yardım göstərirdi. O, bu işini bitirib yenə də öz mövqeyinə qayıdır, hücuma keçən düşmənə atəş açır. Vaxtaşırı savaş daha da kəskinləşir, ayrı-ayrı yerlərdə əlbəyaxa döyüşə çevrilir. Tək bu döyüşlərin birində Səməd şəxsən beş alman əsgərini öldürür. 1943-cü il noyabrın 5-də tibbi xidmət giziri Abdullayev döyüş meydanında qəhrəmancasına həlak olur. Ağır silahlardan və təchizatın bütün növlərindən məhrum olmuş desantçılar 40 gün ərzində alınan körpübaşını əllərində saxlayırlar və yalnız komandanlığın əmri ilə Eltigeni tərk edirlər. Eltigen əməliyyatının uğursuz olması rəsmi olaraq təsdiqlənir, lakin əməliyyat iştirakçılarının qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Təltif olunanlar arasında Azərbaycanın igid oğlu Səməd Abdullayevin də adı var idi. Eltigen döyüşlərində göstərdiyi misilsiz şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1945-ci il tarixli fərmanı ilə tibbi xidmət giziri Səməd Həmid oğlu Abdullayevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir və o, Lenin ordeni ilə təltif edilir. Səməd Abdullayev kimi Azərbaycanın böyük qəhrəmanlarının həyat hekayələri, qəhrəmanlıq dastanları yalnız tarixdə qalmamalıdır, gənclərin qəlbindəki milli ruhu canlandırmaq üçün bir vasitə olmalıdır. Onların şərəfli ömür yolu yalnız döyüş meydanlarında deyil, həm də sosial həyatda, cəmiyyətdə, mədəniyyətdə və təhsildə, fərqli sahələrdə də fəaliyyət göstərən gənclərə nümunə olmalıdır. Vətəni qorumaq, ona xidmət etmək və onun adına layiq olmaq gənclərimizin mənəvi borcudur. Bu yolda Azərbaycanın qəhrəman oğullarının təcrübəsi və irsi çox mühüm rol oynayır. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan Səməd Abdullayev kimi qəhrəmanların adı xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
“Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır: “Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir. Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxu hiki çıxşlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
“Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir və məkrli məqsədlərə hesablanıb”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, “no war”çu axtarışına çıxan Avrasiya Əməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır: “Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsilə yürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı ciddi təhdidlər ehtiva edir. “No war”çu gənclər axtarışına çıxan, müti, mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyə çalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvi dəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğini həyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqli ideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən Fond Ermənistanda həyata keçirdiyi layihələrdə “no war”çu axtarmır, hər hansı təslimiyyət və imtinadan söhbət açmır. Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistan qarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hər kəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər, onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün Avrasiya Əməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatla məşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor Hrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldan çəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yer olmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti ciddi təştif olunmalıdır”.
Hamısını oxu
İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yoluna , qəhrəmanlıq salnaməsinə fəxrlə bir daha nəzər salsaq görərik ki. 1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə qeyd etmişdir ki, bu qələbə heç də asan başa gəlməyib. “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği bu gün də ciddi əhəmiyyətə malikdir. Həmçinin 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. "Qəhrəmanlar unudulmur" ifadəsi, cəmiyyətin tarixi irsini, mədəniyyətini və dəyərlərini qorumaq üçün vacibdir. Qəhrəmanların hekayələri, gələcək nəsillərə ilham verərək, cəsarət, fədakarlıq və insanlıq dəyərlərini aşılayır. Heç kəs, öz qəhrəmanlarını unutmamalı və onların xatirəsini yaşatmalıdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün qəhtəmanları həmişə minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaq. Bunlardan biri də Sovet İttifaqı qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovdur. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın,Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır. Qəzənfər Əkbərovun adı, xüsusilə Azərbaycanın müharibə tarixində əvəzsiz yer tutur və müasir dövrdə də igidlik, vətənpərvərlik və cəsarət simvolu olaraq yaddaşlarda qalır.Qəzənfər Əkbərovun ömür yolu və döyüşlərdəki fədakarlığı, gənclərə vətənə sevgi və vətəndaşlıq borcu öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.Qəzənfər Əkbərovun həyatı və müharibə dövründəki qəhrəmanlığı, müasir dövrdə də hər bir vətəndaş üçün böyük bir ilham mənbəyidir. Onun döyüşlərdəki şücaəti, cəsarəti və hərbçi olaraq sərgilədiyi igidlik yalnız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə deyil, həm də Azərbaycan xalqı tərəfindən uzun illər boyu böyük ehtiramla anılmasına səbəb olmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu