Ən son xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib. Anım Günü ilə əlaqədar olaraq İkinci Şəhidlər Xiyabanını ziyarət edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov və bir qrup veteran Xiyaban ərazisində ağaclar əkib, şəhidlərə olan sevgi və ehtiramlarını bildirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərin xatirəsinin bu şəkildə anılması gözəl bir ənənədir və bu ənənə şəhdilərimizə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşmasına da mühüm töhfə verir. Məlumat üçün qeyd edək ki, respublikamızın müxtəlif bölgələrində Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyaları keçirilməkdədir.
Hamısını oxu
Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib Moderator.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib. STM-in nəzdində olan tibb müəssilərində çalışan şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir Vətən uğrunda canlarını fəda etmiş igid oğulların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. S. Sadıxova rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd olunub ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində "Bayfilm" MMC tərəfindən "Missiya" adlı film ərsəyə gətirilib. Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Tərlan Rzayevin anası, STM-in Uşaq Xəstəxanasının əməkdaşı Simnarə Səlimova çıxış edərək bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. Digər çıxış edənlər - STM-in Müharibə iştirakçıları ilə koordinasiya şöbəsinin əməkdaşı İntiqam Əsgərli, Mühafizə və təhlükəsizlik bölməsinin müdiri, Vətən müharibəsi Mahir Məmmədov və Namiq Əliyev müqəddəs yolda canlarını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sonda tədbir iştirakçıları "Missiya" adlı qısametrajlı bədii filmi izləyiblər. Qeyd edək ki, filmin bəzi epizodları TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında lentə alınıb.
Hamısını oxu27 sentyabr –Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid məzarlarına gül dəstələri qoyan veteranlar vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsini ehtiram hissi ilə yad edib. Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə ilk növbədə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov buna görə Prezident İlham Əliyevə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.
Hamısını oxu
Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular. Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir. Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq. Cənab Prezident! Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova
Hamısını oxu
Bakı, 20 sentyabr, AZƏRTAC Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, separatçı rejim mövcud olduğu müddətdə ancaq talançılıqla məşğul olub “Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə Azərbaycanın işğal altındakı ərazilərində milli-mədəni və təbii sərvətləri talanıb, bunun müqabilində bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şəraiti olan, nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”dır. Hansı ki, rəsmi Bakı bəyan edib ki, Azərbaycan ərazilərində “boz zona”ların mövcudluğu ilə barışmayacaq”. Polkovnikin sözlərinə görə, Ermənistan postmüharibə dövründə də üzərinə götürdüyü öhdəliklərə əməl etməyib: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının yerləşməsi ilə düşmən ölkənin silahlı qüvvələrinin ərazidən çıxarılması ilə bağlı tələbi pozub. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb, lakin Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu təkliflərin reallaşmasına imkan verməyiblər. Əksinə, onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasına mane olmağa, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Müharibədən ötən üç il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər göstəriblər. Həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, belə fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaq ardına vurulub”. Respublika Veteranlar Təşkilatının sədr müavin deyib ki, Ermənistan son üç il ərzində bölgədə kommunukasiyaların açılması istiqamətində də heç bir addım atmayıb. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ-da dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı separatçılar tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə göndərilməli ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də - 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub. Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan silahlı qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da altı nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu. Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın başlatdığı antiterror əməliyyatında məqsəd qanunsuz silahlı birləşmələrin ləğvinə nail olmaqdır: “Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, düşmən ölkənin hərbçilərinin tərk-silahı və neytrallaşdırılmasına yönəlib. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görülür”. Diqqətə çatdırılıb ki, ordumuzun apardığı antiterror tədbirləri mahiyyət etibarı ilə bu bölgədəki sadə ermənilərin də marağına uyğundur: “Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal dəstələrin qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin məhv edilməsi, tərk-silah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək”.
Hamısını oxu
Bakı, 18 sentyabr, AZƏRTAC Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.
Hamısını oxu
Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir. Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir. Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.
Hamısını oxu
"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir". Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib. Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır: "Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq". Humay İSGƏNDƏRLİ
Hamısını oxu
Bakı, 11 sentyabr, AZƏRTAC Ermənistanın mina terroru bütün şiddəti ilə davam edir və Qarabağ iqtisadi rayonunda baş verənlər bu həqiqətin ən böyük isbatıdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, Qarabağ iqtisadi rayonundakı separatçıların ərazilərimizdə kütləvi şəkildə minalama işi aparması narahatlıq doğurmaqdadır: “Ermənistan Vətən müharibəsinin başa çatmasından sonra da mina terrorunu davam etdirməkdə, ərazilərimizin minalanması prosesini həyata keçirməkdədir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatdan da məlum oldu ki, Qarabağdakı erməni separatçıları, habelə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri ərazilərimizdə minalanma işi aparmaqdadır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı da ermənilərin mina terrorundan əl çəkmədiyini göstərir. Bir tərəfdən sülh haqqında fikirlər səsləndirən İrəvanın, digər tərəfdən mina terroruna əl atması onu deməyə əsas verir ki, Ermənistanın sülh müqaviləsi haqqında verdiyi bütün bəyanatlar imitasiyadan başqa bir şey deyil. Azərbaycan tərəfi uzun illərdir ki, dünyanın diqqətini Ermənistanın mina terroruna cəlb etməyə çalışır, bu istiqamətdə aktiv fəaliyyət ortaya qoyur. Ancaq təəssüflər olsun ki, bu günə qədər heç bir beynəlxalq təşkilat mina terroruna görə təcavüzkar ölkəni qınayan ciddi bəyanatla çıxış etməyib. Beynəlxalq birlik, aparıcı dövlətlər tərəfindən mina terrorunu əngəlləmək üçün heç bir əməli addım atılmayıb. Halbuki Ermənistanın mina terroruna qarşı beynəlxalq birliyin vahid və qəti mövqe ortaya qoyması labüddür. Yalnız bu halda terrora qarşı mübarizədə ciddi uğur əldə etmək, Ermənistanı həmin cinayətdən çəkindirmək mümkündür”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ənvər Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib. Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib. 1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub. Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib. Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib. Allah rəhmət eləsin!
Hamısını oxu
Sentyabr ayı girəndən Ermənistan ard-arda təxribat törədir. Təxribatın səbəbini onların yeni qələbə qazanmaq istəyində, daha doğrusu yenidən müharibəyə məqsədli olduqlarında görürük. Ermənistanın bu terror cəhdlərinin onların məkirli niyyətlərindən xəbər verdiyini deyən hərbi ekspert Cəlil Xəlilov vəziyyəti açıqlayıb. "Təbii ki, ermənilərin separatçı addımları, təmas xəttində törətdikləri ardıcıl təxribatlar, terror cəhdləri onların məkirli niyyətlərindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan post-müharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa-olsun bu status kvonu dəyişməyə can atır. Buna görə də Ermənistan hakimiyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa can atır. Bu məsələdə Ermənistandakı revanşist qüvvələr, xüsusilə də Köçəryan-Sərkisyan cütlüyü daha çox diqqət çəkir. Vaxtiylə Ermənistan rəhbərliyində tənsil olunan bu şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inadırmağa çalışır ki, guya Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki, Ermənistan üçün əsl fəlakət Köçəryan-Sərkisyan cütlüyünün Azərbaycanla qarşıdurma istəyidir". Ekspert Azərbaycanın haqq üçün mübarizə apardığını, hətta ermənipərəst dövlətlərin bunu bildiyini, amma etiraf etmədiyini açıqladı. "Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməslər də, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycanın mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdadır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı aparıdğı mübarizənin başında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gəlir. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Bu həqiqət bu gün üçün də keçərlidir. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək". Çinarə Muradova
Hamısını oxu