Latest news

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar. Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər. Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.
Read moreVeteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Yardımlı rayonundan olan 1926-cı il təvəllüdlü Məstəliyev Şükür Fətulla oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şükür Məstəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir. Məlumat üçün qeyd edək ki, Şükür Məstəliyev 1944-1945-ci illərdə 402-ci Azərbaycan atıcı diviziysının 64-cü alayının tərkibində faşist ordusuna qarşı döyüşlərdə fəal iştirak edib, hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə komandanlıq tərəfindən dəfələrlə təltif olunub.
Read more
Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirdə əmək və müharibə veteranları, rayonun tanınmış ziyalıları və ictimai birliklərin rəhbərləri iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayaraq deyib ki, gəlin, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həmişə bir olaq, birlikdə olaq.Biz birlikdə olanda daha güclü oluruq. Məhz bu birliyin sayəsində Vətən müharibəsində də şanlı qələbə qazandıq. Rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, ADPU Cəlilabad filialının direktor müavini Aydın İbişov, "Qarabağ Qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü veteran müəllim- şair Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, araşdırmaçı- tarixçi Ələsgər Mirzəzadə, əmək və müharibə veteranları Asəf İsmayılov, Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Qurban Əhmədov, Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək bu əlamətdar günün müntəzəm qeyd olunmasının xalqımızın həmrəyliyində oynadığı rolu yüksək qiymətləndiriblər və bu gün bizim daha sıx birləşməyimizin, bir olmağımızın böyük əhəmiyyəti olduğunu bildiriblər. Tədbirin sonunda rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Respublika Əmək, Müharibə və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından tədbir iştirakçılarını və rayonun bütün əmək və müharibə vetetanlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir daha təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb.
Read more
Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxslərin ailələri mənzillə təmin edilib. Bakı I saylı Tibb Kollecini bitirən görmə məhdudiyyəti olan masajçılar dövlət və özəl tibbi müəssisələrinə işlə təmin olunublar. Dillər Universitetində Korreksiyaedici təlim fakültəsi açılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbdə və Görmə üzrə əlilliyi olan şəxslər üçün sosial bərpa mərkəzində korreksiyaedici təlim fakültəsinin tələbələrinin praktik dərslər keçməsi üçün bir sıra qurumlarla əməkdaşlıq edir. Bakı şəhəri üzrə səsli işıqforların quraşdırılması, piyada keçid xətlərinin qabarıq boya ilə verilməsi, ictimai nəqliyyat vasitələrini, dayanacaq və səkilərin, yaşayış və inzibati binaların, park və bağçaların müyəssərləşdirilməsi, görmə məhdudiyyətli şəxslər üçün güzəştli gediş kartlarının tətbiq edilməsi ilə əlaqədar dünya təcrübəsi öyrənilərək hazırlanan təkliflər paketi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Gözdən Əlillər Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində Təhsil Nazirliyinin sifarişləri əsasında əvvəllər istifadə olunan keyfiyyətsiz dərsliklər qabarıq təsvirlərlə çap edilmiş dərsliklərlə əvəz olunub. Nəşriyyatda görmə üzrə əlilliyi olan 10 nəfər əmək fəaliyyətinə cəlb edilib. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında məlumat verilib. Qurultay Dövlət Himninin səslənməsi ilə başlayıb, Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyətin prezidenti Səmyar Abdullayev hesabat məruzəsində qeyd edib ki, görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan ibarət daktil kitablar hazırlanıb. Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində “İnklüziv incəsənət” layihəsi icra edilib. Layihə çərçivəsinə görmə məhdudiyyəti olan gənclərin istedad və bacarıqlarının inkişafı və nümayiş etdirilməsi məqsədilə konsert proqramı və əl işlərinin satış-sərgisi təşkil edilib. Xalça Muzeyinin və Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həmin kateqoriyadan olan yeniyetmə və gənclər üçün “Gözdən əlillər üçün sosial bərpa mərkəzi”ndə xalçaçılıq və muncuqla toxuma kursları açılıb. Xalça Muzeyində həmin kateqoriyadan olanlar üçün müyəssərlik yaradılıb, əllə toxunma üçün xalça ornamentləri daktil üsulla xovlu və xovsuz saplarla toxunub, maketlər hazırlanıb. Gürcüstan Rəssamlar İttifaqı ilə birlikdə İncəsənət Muzeyində dünya işığından məhrum olan on nəfərə rəsm çəkilməsi öyrədilib və onların rəsmlərindən ibarət sərgi təşkil edilib. Məruzədə həssas təbəqəyə məxsus olanların sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində həlli vacib məsələlərdən bəhs olunub, bu sahədə qarşıda duran vəzifələr göstərilib. Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Vüqar İskəndərov, Elman Nəsirov, İctimai Birliklərin rəhbərləri və Gözdən Əlillər Cəmiyyətinin üzvləri çıxış edərək gələcək fəaliyyətində ictimai təşkilata uğurlar arzulayıblar. Səmyar Abdullayev növbəti beşillik dövr üçün cəmiyyətin prezidenti, yeni İdarə Heyəti və Məclis üzvləri seçilib.
Read more
Dünya azərbaycanlıları həmrəylik gününü qeyd etməyə hazırlaşır. Dünyanın hər yerinə səpələnən 50 milyondan çox azərbaycanlını bir araya gətirən bu möhtəşəm bayram Ulu öndər Heydər Əliyevin adı ilə, zəhməti ilə bağlıdır. Ona görə də hər il 31 dekabrda nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dünya azərbaycanlılarını bir araya gətirən Ünummilli lider Heydər Əliyev ehtiramla xatırlanır. İllər əvvələ qayıdaq. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. İllər öncə Ulu Öndər Heydər Əliyevin verdiyi qərar milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sevindirici haldır ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Fəxrlə deyə bilərik ki, Azərbaycan bu gün Dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hazırda əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti prioritetdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Elə bu səbəbdən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə, cənab İlham Əliyevin təbrikində bildirib. Məşhur Məmmədov Milli Məclisin deputatı
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə veteranları təbrik edib. Müraciətdə deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bütün veteranları təbrik edir, hər bir veteranımıza möhkəm cansağlığı və firvanlıq arzulayırıq. Əminik ki, veteranlarımız yeni ildə də vətənimizin çiçəklənməsi naminə əlindən gələni əsirgəməyəcək, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, cəmiyyətimizin dövlət başçısı ətrafında sıx birləşməsinə, milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verəcəkdir”. Hörmətlə: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fatma Səttarova və polkovnik Cəlil Xəlilov
Read more
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə milli maraqlarımız konteksində görülən və görülməsi gərəkən işlərə toxunan dövlət başçısı, Qərbi Azərbaycana qayıdışla da bağlı mühüm fikirlər səsləndirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının xalq tərəfindən rəğbətlə qarşılandığnı bildirib: “Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə söhbətində səsləndirdiyi fikirlər, İrəvan və digər tarixi torpaqqlarımıza qayıdışla bağlı sərgilədiyi əzm hər bir azərbaycanlı tərfindən təqdirlə qarşılanmaqda, alqışlanmaqdadır. Prezidentin məlum çıxışı göstərdi ki, Azərbaycan öz haqqını sona qədər bərpa etməkdə qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın cari ilin sentyabr ayında Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlar da bunu təsdiq etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik və ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək niyyətində deyil. Prezidentin də qeyd etdiyi kimi, biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmçin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müahribəsindəki deyil, ondan sonrakı əməliyatları da olduqca əhəmiyyətlidir”. Professor qeyd edib ki, dövlət başçısının çıxışı dünyadakı mövcud reallıqlar və bu reallıqlara hazır olmaq baxımından da əhəmiyyətlidir: “Prezident İlham Əliyev məlum çıxışında onu da bildirdi ki, işğal dönəmində onda dünyada ədalətin olmadığı ilə bağlı fikir formalaşmışdı. Lakin Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu dünyadan gözlədiyi bu ədaləti özü yaratdı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın və dövlətimizin fədakarlığı sayəsində Azərbaycan erməni faşizmini məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, o, öz haqlı mübarizəsindən imtina etmək fikrində deyil və öz haqqını nəyin bahasına olursa-olsun qoruyacaqdır”. Polkovnik Azərbaycanın bundan sonra da hər cür təhdid və təzyiqə hazır olduğunu vurğuladı: “Vətən müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunmaqdadır. Dövlət başçısı da qeyd etdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət arasında bu cür qüvvələr mövcuddur. Lakin Ermənistan və onun xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkünsüzdür və bu danışıq ritorikası heçş vaxt səmərə verməyəcək. Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyib və bundan sonra da deməyə hazırdır. Erməni faşizminin hər cür təzahürü bundan sonra da qətiyyətlə məhv ediləcək. Azərbaycanın güclü ordusu, güclü sərkərdəsi var. Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və öz vətənini qorumaq üçün hər cür fədakarlığa hazırdır”.
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə görüş keçirdi. Universitetin Akt zalında təşkil olunan tədbirdə əmək və müharibə veteranları, müəllim və tələbələr iştirak edirdi. Tədbirdən öncə dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov tədbiri giriş nitqi ilə açdıqdan sonra çıxış etmək üçün sözü təşkilatın sədri Ədalət Salmana verdi. O, çıxış edərək sarsılmaz Xalq-Ordu-Dövlət birliyi sayəsində qazanılan möhtəşəm qələbədən danışdı, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini xüsusi vurğuladı. Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim-şair Əfrahim Abbas, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, universitetin baş müəllimləri Şöhrət Namazova, Nadir Babayev, Qarabağ qazisi, yazıçı Qurban Əhməd və başqaları çıxış edib Vətən müharibəsində igid oğulların şücaətindən danışdılar, Qəzənfər kimi qəhrəmanlarla fəxr etdiklərini söylədilər və müharibə iştirakçılarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin çıxışı maraqla qarşılandı. O, ön cəbhədə döyüş yoldaşları ilə birgə düşmənə qarşı apardıqları mübarizədən danışdı və tələbələrin suallarını cavablandırdı. Sonda qəhraman döyüşçü ilə xatirə şəkilləri çəkildi.
Read more
Cəlil Xəlilov: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub” Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərərlaşması və s. məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”. Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. İlham Əliyev Azərbaycan Ordusunun dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün içində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”. Professor qeyd edib ki, İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaqdır: “Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaqdır. Mən ad günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.
Read more

Ekspertlər müharibənin olmayacağını deyir, amma təcili yardım maşınlarının yenilənməsini vacib sayırlar “Paytaxt və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyə kimi tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib: “Bugünlərdə ölkə başçısına təqdim edilən ”Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq". Bu açıqlamadan sonra sosial şəbəkələrdə “TƏBİB 1500-ə yaxın təcili yardım sifariş edib. Yenə böyük müharibə ehtimalı var” kimi iddialara da rast gəlinir. Bu iddiaları gücləndirən səbəblərdən biri də ölkənin səhiyyə sisteminə tibb personalı cəlb edilməsi ilə bağlı çoxsaylı elanlardır. Həmin elanlarda tibb bacıları və tibb qardaşları axtarıldığı bildirilir, bundan əlavə, yararlı könüllülər, vətəndaşlar işə dəvət olunur. Üstəlik, iki il öncə bitmiş Vətən müharibəsindəki zəfərimizi sülh müqaviləsi vasitəsilə Ermənistana qəbul etdirməmizdə də ciddi problemlər yaşayırıq. Bu sahədə bütün proseslər və danışıqlar dalana dirənib. Çoxsaylı ekspertlər hərbi zəfərimizin siyasi fakta çevrilməsi üçün yenidən güc tətbiqini qaçılmaz sayırlar. Qarabağda cərəyan edən hadisələr də müharibə versiyasını və bu barədə iddiaları gücləndirir. Odur ki, hər kəs əlamət axtarır. TƏBİB rəhbərinin dedikləri isə savaş iddialarını gücləndirən detal kimi qəbul olunub. Bəs əslində məsələnin mahiyyətində nə dayanır? Azərbaycan səhiyyə sisteminə milyonlarla yatırımı nə üçün qoyur? Ekspertlərdən biri ‘’Yeni Müsavat’’ın müxbirinə deyib ki, İkinci Qarabağ müharibəsi zamanı, habelə postmüharibə dövründə xeyli sayda təcili tibbi yardım maşınlarımız sıradan çıxıb, köhnəlib. Habelə, elə rayonlar var ki, orada çağırışa həkimlər hələ də 70-80-ci illərin istehsalı olan furqon QAZ-24-lə gedirlər. Fakt budur ki, TTY maşın parkı çox köhnə idi, yenilənməsi zəruri idi. O zaman aydınlaşdırmağa çalışdıq - bizi müharibəmi, yoxsa keyfiyyətli tibbi xidmətmi gözləyir? 1500 təcili tibbi yardım maşını nə üçün alınır? Cəlil Xəlilov Ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini, dosent Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin müharibə ilə heç bir əlaqəsi yoxdur: “Müharibə dövründə bütün hərbçilərimiz tam olaraq tibbi ləvazimatlarla, maşınlarla təmin olunmuşdu. Onların ehtiyat imkanları da genişdir. Sadəcə, insanların sağlamlığına TƏBİB tərəfindən diqqətin artması müşahidə olunur. Həm də avadanlıqlar müasirləşdirilir. O avtomobillərin çoxu köhnəlib, uzun müddət işlədilib, indi müasir avtomobillərin içərisində lazımi tibbi avadanlıqlar təchiz edilir. Bir çox hallarda tibb personalı tıxac səbəbindən xəstəxanaya yetişə bilmir. Yəni avtomobilin içərisində onlara müəyyən yardımlar göstərilir ki, insan sağlamlığını qoruya bilsinlər. Hətta içərisində əməliyyat etmək imkanı olan avtomobillər də var. Lazımdırsa, bu cür avtomobillər alınacaq. Prezident son zamanlar səhiyyə sahəsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən atılan bu addımlar olduqca təqdirəlayiqdir. Bunun da xeyrini xalq hiss edəcək. Fikrimcə, burada başqa məqsəd yoxdur”. Ekspert yaxın gələcəkdə müharibənin olub-olmayacağı ilə bağlı deyilənlərə belə fikir bildirib: “Laçın dəhlizində Azərbaycan dövlət qurumları, DİN, DTX, Dövlət Nəzarət Məntəqəsi yaradılmalıdır. Laçın dəhlizində separatçıların, erməni qanunsuz hərbi birləşmələrinin fəaliyyətinə son qoyulmalıdır. Qeyri-qanuni olaraq Azərbaycan sərhədlərindən keçib terror aktları törətməyə cəhd edənlərin qarşısı alınmalıdır. Azərbaycan Prezidenti bütün imkanlardan istifadə edir. Diplomatik imkanlardan, beynəlxalq təşkilatların gücündən istifadə edir, dünyanın aparıcı ölkələri ilə danışıqlar aparır, dövlət maraqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, təbii ki, bu məsələlər də həllini tapmalıdır. 30 il bütün beynəlxalq təşkilatlar arasında, xarici dövlətlər qarşısında təkliflər verdik. Birləşmiş Millətlər Təşkilatı qərarlar qəbul etsə də, yerinə yetirmədi. Amma Azərbaycan bunun öz yolunu tapdı. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir ki, onların qərarının icra mexanizmini biz tapdıq. Əgər təkliflər verilirsə, bunu icra etmirlərsə, yenə təxribatlar törədirlərsə, terror aktları törədirlərsə, cavabını Azərbaycan dövləti verəcək. Azərbaycanın buna imkanları var, Azərbaycan güclü orduya malikdir. İqtisadi imkanlara malikdir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edirsə, bizim pasportumuzu daşıyırsa, burada yaşamaq arzusu varsa, onlar üçün də qapı açıqdır. Amma dinc yaşasınlar, ərazi iddialarına düşməsinlər. Təbii ki, bunlar yerinə yetirilmədikdə Azərbaycan məcburdur hərbi gücü ilə bu məsələləri həll etsin. Hələ danışıqlar davam etdirilir. Xarici dövlətilər, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər, təkliflər verirlər. Yəqin ki, bu, prosesə öz təsirini göstərəcək. Sülh şəraitində bu məsələlər həll olunacaq. Delimitasiya və demarkasiya məsələsi həll olunacaq. Dəhliz də açılacaq. Bu, beynəlxalq tələblərdir. Bu, təkcə Azərbaycanın tələbi deyil. Bu, beynəlxalq hüquq normalarıdır ki, qonşu dövlətləri də buna riayət etməlidir".
Read more