Последние новости

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu faktı ciddi şəkildə araşdırmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır” “Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir” . Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır: “Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. 44 günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və s. şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bugünlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın anti-insani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa dərk etməlidir. Bu faktla bağlı araşdırılması gərəkən məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyən edilməli, həmin dövlət də cinayətkar Ermənistanla yanaşı buna görə cavab verməlidir. Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdr. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla, həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”. Seymur ƏLİYEV
Читать далее
Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik "Qalibiyyət: şahidlər və şəhidlər " kitabı yenidən işıq üzü gördü. Bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir. Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur. "Qalibiyyət: şahidlər və şəhidlər " ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir. Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcəkdir. Seymur ƏLİYEV
Читать далее
Vətəndaşlar anlamalıdır ki, azad edilmiş ərazilərə qeyri-qanuni səfərlər onların həyatı üçün böyük təhlükədir Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də Azərbaycana verməməsi son vaxtlar ən çox narahatlıq doğuran məsələlərdən biridir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində bu və digər məqamlara toxunub. O, qeyd edib ki, 2020-ci ilin 10 noyabr Bəyanatından aylar ötsə də, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyib. Rəsmi İrəvanın bu addımı onun öz məkrli niyyətlərindən hələ də əl çəkməməsi, regionda sülh və təhlükəsizlik üçün təhdid mənbəyi olaraq qalmaqda davam etməsi kimi dəyərləndirilə bilər. Ermənistanın minalanmış ərazilərin xəritəsini bu günədək Azərbaycana verməməsi, müxtəlif bəhanələr bundan imtina etməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Bu faktın özü göstərir ki, Ermənistan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Məhz buna görə də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesini süni şəkildə əngəlləməyə, istər hərbçilərimiz, istərsə də mülki insanlarımız arasında tələfatların yaşanmasına çalışır. Hərb meydanında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan indi bu kimi rəzil vasitələrə Azərbaycana itkilər verməyə cəhd göstərir. Lakin Ermənistan unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün gərəklidir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmadı. Həm də onun bütün iqtisadiyyatı sıradan çıxdı. Ermənistanda sosial vəziyyət fəlakətli həddə çatdı və hazırda da son dərəcə ağırdır. Odur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməklə daha çox özünə kömək eləmiş olar. Regionda sülh və təhlükəsizlik olmadan hansısa inkişafın baş verməsi mümkün deyil. Polkovnik deyib ki, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsinin başlıca səbəblərindən biri də beynəlxalq təşkilatların bu istiqamətdə lazımi fəallıq göstərməməsidir. Əgər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana bu məsələdə lazımi təzyiq göstərsə, o zaman rəsmi İrəvan bu xəritələri Azərbaycana verməyə məcbur qalardı. Ancaq təəssüflər olsun ki, bu gün nə beynəlxalq təşkilatlar, nə də aparıcı dövlətlər Ermənistanın minalanmış ərazilərin xəritəsini ortaya çıxarmamasından narahat deyil. Uzun illər torpaqlarımızın işğal altında qalmasını seyr edən təşkilatlar, böyük dövlətlər bu gün də Ermənistanın bu cinayətini, bu təxribatını laqeydliklə müşahidə edir. Məhz beynəlxalq qınaq və təzyiqin olmaması Ermənistanı öz təxribatını davam etdirməyə, yəni minalanmış ərazilərin xəritəsini verməməyə həvəsləndirir. Beynəlxalq təşkilatlar bu məsələdə susqunluğa son qoymalı, Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir, bu istiqamətdə addımlar atmalıdır. Çünki Ermənistanın bu addımı həm də beynəlxalq hüquq və insan haqları ilə ziddiyyət təşkil edir. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətini və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yüksək qiymətləndirirəm. ANAMA bu sahədə ixtisaslaşan, sadəcə, ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla fəaliyyət göstərən, dünyada təhlükəsizliyin bərqərar olmasında, mina təhdidlərinin ortadan qaldırılmasında mühüm rol oynayan, bu sahədə böyük əmək sərf edən bir qurumdur. Agentliyin zərərsizləşdirdiyi hər mina ən azı bir vətəndaşımızın həyat və sağlamlığının qorunması deməkdir. Bu baxımdan, hər birimizin ANAMA-ya təşəkkür və minnətdarlıq borcumuzun olduğu birmənalıdır. Artıq bir neçə aydır ki, bu təşkilat işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Məhz agentliyin xidməti sayəsində çoxlu sayda mina zərərsizləşdirilib, müəyyən yollar, ərazilər minadan təmizlənib. Lakin ANAMA-nın əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün, proses lazımi sürətlə getmir. Halbuki, bu xəritələr olsa, o zaman prosesi daha qısa zamanda başa vurmaq, bütün minaları daha az zaman kəsimində zərərsizləşdirmək mümkün olar. “İşğaldan azad edilmiş ərazilər minalardan tam təmizlənməyib. Buna baxmayaraq, bəzi vətəndaşlar qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçməyə çalışır. Dəfələrlə belə şəxslər polis əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb və müvafiq qaydada məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də anlamır ki, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni yollarla səfər etmək onların həyatı üçün təhlükəlidir. Dövlətimiz belə səfərlərin qarşısını almaqla məhz vətəndaşların həyatını qorumağa çalışır. Vətəndaşlarımız da bunu anlamalı, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni səfərlərin onların həyatı üçün təhlükəli olduğunu və fəsadlara səbəb ola biləcəyini dərk etməlidir. Hər bir vətəndaşın həyatı dövlətimiz üçün qiymətlidir və işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində atılan hər bir addım da məhz vətəndaşlarımızın təhlükəsizliyinə hesablanıb”, - deyə Cəlil Xəlilov qeyd edib. Polkovnik vurğulayıb ki, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Fürsətdən istifadə edərək, Azərbaycanın minalardan əziyyət çəkən ölkə olaraq narahatlığını bir daha dünya ictimaiyyətinə çatdırmağı lazım bilirik. 2005-ci ildə BMT Baş Məclisində elan edilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü BMT və beynəlxalq təşkilatların köməyi ilə dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır. Hazırda belə bir problemlə üz-üzə qalan Azərbaycan beynəlxalq təşkilatların müvafiq köməyini gözləməkdə tam haqlıdır.
Читать далее
Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi” 2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib: “2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz. Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi. Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq. Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”. Seymur ƏLİYEV
Читать далее
Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olub. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb. 1942-ci ildə hərbi xidmətə gedib. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşüb, Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak edib. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb. Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb. 1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra – 1945-ci ilin 24 mart tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı vətənimizdən uzaqlarda olsa da, xalqımız igid oğlunun adını həmişə əziz tutur.
Читать далее
Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Baş direktor. Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir. Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. 1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı. Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Hörmətli Baş direktor. Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir. Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Hörmətli Baş direktor. Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik. UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.
Читать далее
1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır. 1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu. - Atəş! – deyə İsrafil Məmmədov komanda verdi. Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı. Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır. ...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi: - Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam. General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir. Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı. Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.
Читать далее
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmışdır. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak etdi. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi. Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:"“ Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Читать далее
Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir” Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər. Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu. Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”. Seymur ƏLİYEV
Читать далее
Vətənə layiqli xidmətin nümunəsi Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilər. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsalar da, həyatdan köçəndən sonra unudulur, adları çəkiləndə kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, haqqında danışmağa kifayət qədər söz tapılır. Ötən yüzillikdə yaşamış Əzizov Soltan Hümmət oğlu, adı ehtiramla çəkilən, rəhmətlə anılan, özündən sonra silinməz iz qoyub gedən insanlardandır. II Dünya müharibəsində iştirak edən yüz minlərlə azərbaycanlı oğullarından biri də döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksələn həmyerlimiz, odlu- alovlu döyüşlərdən keçib sağ-salamat doğma yurduna - qədim mədəniyyət, həmçinin sənətkarlıq mərkəzi olan Şəki rayonuna alnı açıq, başı uca qayıdanlardan biri də diviziya komandirinin müavini Soltan Hümmət oğlu Əzizovdur. Onun II Dünya müharibəsi döyüşlərinin canlı əfsanəsi olduğunu desək heç də yanılmarıq. 1920-ci ilin 18 dekabr tarixində Şəki şəhərində anadan olan Əzizov Soltan Hümmət oğlu orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı texnikumunu oxuyub başa vurmuş və Şəki rayon Böyük Dənhə kəndi kolxozunda sahə aqronomu kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə getmiş, İkinci dünya müharibəsi başlanan ilk aylardan diviziya komandirinin müavini kimi döyüşlərə atılmışdır. S.Əzizov Belarusiya Respublikasının Brest, Kursk, Oryol və digər şəhərlərdə tabeçiliyində olan əsgər və zabitlərlə birlikdə böyük döyüş şücaəti göstərmişdir. İgidliyi dillər əzbəri olan Soltan Əzizov komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, SSRİ-nin orden medalları ilə, yəni “Qırmızı ulduz” ordeni, 1-ci və 2–ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə medalları ilə təltif edilmişdir. Kenşperqin, Berlin və başqa şəhərlərin alınmasında əvəzsiz qəhrəmanlıqlar nümayiş etdirən azərbaycanlı zabit, qızğın döyüşlərdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə yaralanmış və müalicə aldıqdan sonra yenidən döyüşə girmişdir. S.Əzizov rəhbərlik etdiyi diviziyanın çoxmillətli döyüşçüləri ilə birlikdə almanlara deyil, faşistlərə, işğalçılara, düşmənlərə nifrət bəsləyən, onları öz döyüş meydanlarında və nasistlərin yuvasında məhv edərək, Azərbaycan oğlu olaraq xalqımızı qürurlandırmışdır. Qəhrəmanımız öz əsgərlərini təlimatlandıraraq göstərişlər verir və deyərdi ki, sabah dava başlasa, döyüş əmrini alsanız, gərək ona bu gündən tam hazır olasınız. S.Əzizov 1946-cı ildə ordudan təxris olunmuşdur. Müharibədən sonrakı illərdə həyatını Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən Soltan müəllim, gözəl ailə başçısı olmaqla bərabər, eyni zamanda böyük bir nəslin ağsaqqalı kimi də yaddaşlara həkk olunub. 1946-cı ildən 1953-cü il tarixinədək respublikamızın şimal-qərb ərazisində yerləşən, öz mədəniyyəti, sənətkarlığı, ziyalılığı ilə sayılıb seçilən ölkəmizin yüngül sənaye və kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında xeyli rolu olan Şəki rayonunun Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır. Nümunəvi rəhbərliyi və çalışqanlığı, həmçinin yaradıcı və mübarizliyi ilə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun diqqətini çəkmiş və Soltan Hümmət oğlu Əzizovun daha irəli çəkilməsi məqsədi ilə o, Mərkəzi Komitənin təşəbbüsü ilə Moskva Ali Partiya Məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir. 1953-1956-cl illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində Ali Partiya Məktəbində təhsilini fərqlənmə ilə bitirdikdən sonra Soltan Hümmət oğlu Əzizov Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə - birinci katibin köməkçisi vəzifəsinə təyin edilməklə MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərllik etmişdir. Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində müvəfəqiyyətlə üzərinə düşən vəzifəni layiqincə icra edən Soltan Əzizov, 1962-1966-cı illərdə respublikamızın Ağdam və Sabirabad rayonlarında məsul vəzifələrdə - Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış və həmin rayonların aqrar sahədə inkişaf etməsində və zəhmətkeşlərin rifahı və yaşayış tərzinin inkişafında böyük əhəmiyyətli işlər həyata keçirərək xalqın rəğbətini qazanmışdır. Xalqımızın böyük bacarığa, zəkaya malik, hətta II Dünya müharibəsində diviziya komandirinin müavini olaraq döyüşlərdə şücaət göstərərək düşməni Berlinə kimi qovub, öz yuvasında məhv edərək, rəşadət göstərməklə Azərbaycan dövlətinin və millətimizin başını uca edən Soltan Hümmət oğlu Əzizov, 1966-cı ildə bacarıqlı, təşkilatçı və tələbkar, həmçinin, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi, xalqını sevən ləyaqətli, işgüzar kadr kimi respublika əhəmiyyətli işə irəli çəkilmişdir. 1982-ci ilədək demək olar ki, 16 ildən çox müddətə, əvvəl Azərbaycan Respublikası Meyvə-tərəvəz, çay subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra sovxozlar naziri və respublika tədarük naziri vəzifələrində çalışmışdır. Qeyd olunan komitə və nazirliklərin inkişaf etdirilməsində, respublikamızın iqtisadiyyatının və kənd təsərrüfatının yüksəldilməsində, həmçinin, daha da irəli getməsinə böyük əmək sərf etmiş, durmadan çalışmışdır. S.Əzizovun xidmətləri Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində yüksək qiymətləndirilmiş, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və bir çox medallarla təltif edilmiş, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan KP.MK-nin üzvü seçilmişdir. Keçən əsrin 1941-1945-ci illəri, həmçinin II Dünya müharibəsindən sonrakı illəri Azərbaycan xalqının tarixinin parlaq səhifələridir. İndiki nəsillər bu illəri hörmət və ehtiramla yaxşı xatırlayırlar. O dövrün insanlarını - həm ön cəbhədə əlində silahla vuruşan, həm də arxa cəbhədə misilsiz əməyi ilə çalışan insanları daima yada salmaqla, gənc nəsillər vətənpərvərlik ruhunda tərbiyə edilir, onlarda ülvi hislər və dəyərlər formalaşdırılır. Soltan Hümmət oğlu Əzizov 1946-1953-cü illərdə məsul vəzifələrdə çalışdığı dövürlərdə belə, Mircəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan idi, onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub. Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb. Reallaşmasına qol qoymayıb. Onun xatirələr toplusunu vərəqlədikdə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır. Soltan Əzizovun mübarizlik, professionallıq, təvəzokarlıq onun xarakteri idi. Soltan Əzizov rəhbər vəzifələrdə işlədiyi müddətdə, öz xalqına diqqətlə yanaşan, ədalətsizlikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Xeyirxahlıq onun ömür kredosu idi. Aqillərin söylədikləri kimi, həyatdan kam alan, həyatı dərk edən insanları sevənlər kamil sayırlar, yalnız belə adamlar sadəliyin təbəssümüdürlər. Belə insanlara etibar etmək, bel bağlamaq olar. Məhz onlar hər kəsə yararlı və səmimi insanlardır. Həqiqətən də, II Dünya müharibəsi iştirakçısı, diviziya komandirinin müavini, rəşadətli, cəsur və qorxmaz zabit görkəmli dövlər xadimi, ictimai xadim S.Əzizov həmin insanlardandır. Ahıl yaşlı olmasına və 1-ci qrup müharibə əlili olmasına baxmayaraq, Soltan Hümmət oğlu Əzizov təqaüdə çıxdıqdan sonra da respublikasımızın ictimai-siyasi həyatından kənarda qalmayıb. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, “Qayğı” cəmiyyəti sədrinin birinci müavini və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur. Qeyd olunan ictimai təşkilatların keçirdiyi tədbirlərdə yorulmadan və fəal iştirak etmişdir. Soltan Əzizov vətəni Azərbaycana, o cümlədən doğulduğu Şəki şəhərinə, xalqına, yaxınlarına bağlı bir insan idi. O, yay vaxtı əksər aylarda istirahətini anadan olduğu Şəki şəhərində, yaxınlarının, cəbhə yoldaşlarının yanında keçirir, rayonun inkişafı baxımından müxtəlif beynəlxalq-mədəni tədbirlərinin keçirilməsinə sevinir, hər kəsə fəaliyyətində yeni-yeni uğurlar əldə etməsini arzulayırdı. II Dünya müharibəsi iştirakçısı, respublikamızın kənd təsərrüfatının qocaman təşkilatçılarından biri, görkəmli dövlət xadimi, ictimaiyətçi, üzündən xeyrxahlıq və təbəssüm əksik olmayan sadə və qayğıkeş insan, dostlarının xeyr-şərindən qalmayan Soltan Hümmət oğlu Əzizov uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ildə 89 yaşında vəfat etmişdir. Soltan Əzizov özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvəllərində Dağlıq Qarabağda baş verən hadisələrə, tarixi həqiqətlərə güzgü tutan, Ağdam , Xankəndi, Xocalı, Tuğ, Malıbəyli, Kərcicahan, Kosalar, Gülablı kəndlərində və ətraf kənd və rayonlarda erməni daşnaqlarının onlara qucaq açan, torpaq və çörək verən Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri naqislik və düşmənçilik, həmçinin vəhşiliklər barədə öz xatirələrini yazıb. S.Əzizovun ən böyük arzusu torpaqlarımızın geri qayıtması ölkəmizin ərazi bütövlüyünün təmin olması idi. Şəki rayon Müharibə, Əmək, Hüquq-mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 2015-ci ildə Soltan Əzizovun anadan olmasının 95-ci il dönümü münasibətilə qədirbilən dövlətimiz, xüsusilə Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən görkəmli dövlət xadimi, daima xalqına bağlı olan II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizovun xatirəsini əbədiləşdimək məqsədilə onun doğulduğu və yaşadığı evə xüsusi lövhə asılmış, həmçinin Şəki şəhərində yerləşən əsas küçələrdən birinin onun adına verilməsi rayon rəhbərliyi tərəfində rəsmiləşdirilmişdir. Artıq Qəhrəmanımızın anadan olmasının 100 ili tamam olur. Bugün də Şəki rayonu ərazisində pandemiyanın qanunları çəçivəsində Soltan Hümmət oğlu Əzizovun xatirəsi yad edilməklə, ictimaiyətin nümayəndələrinin daima diqqətində saxlanılmaqdadır. Soltan Əzizovun anadan olmasının 100 illiyi münasibətilə yazdığım bu kiçik yazını şair Məmməd Rahimin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. O cümlədən, Soltan Əzizova... Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. Soltan müəllim Əzizov bir dövlət xadimi, həmçinin xalqımızın, nəslin ağsaqqalı olmaqla yaddaşlara həkk olunub. Həmişə hörmətlə xatırlanır. Şəki xalqı onunla həmyerli olaraq fəxr edir. Ruhu şad olsun, qəbri nurla dolsun. Şəki rayon Veteranlar Təşkilatının çoxsaylı üzvüləri adından və şəxsən öz adımdan görkəmli dövlət xadimi, xalqın sevimlisi, II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizova layiq olduğu qiyməti vaxtında verən, onun xatirəsini əbədiləşdirən ölkə başçısına və Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, zəhməti keçən bütün əməkdaşlara dərin hörmət və ehtiramımızı bildiririk. Şəki rayon Müharibə Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, istefada olan zabit Vaqif Əhmədov
Читать далее
Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində deyilir: “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb. Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”. Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.
Читать далее
Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir. Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik. UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər: Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.
Читать далее