Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılır
Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılır

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il mayın 31-dək uzadılıb.

Hamısını oxu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir. Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən: 1) “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. 2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:  ● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) ● kitab satışı ● qəzet satışı ● dəftərxana mallarının satışı ● çap və sürətçıxarma fəaliyyəti ● fotoatelye/fotostudiyalar ● fərdi mənzillərdə təmizlik xidmətləri ● dərzi xidmətləri ● kosmetika və ətriyyat satışı ● geyim satışı ● ayyaqqabı və dəri məmulatlarının satışı ● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti ● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ● kompüter avadanlıqlarının satışı və təmiri ● elektronika və məişət texnikasının satışı ● mebel satışı ● avtomobil satışı ● kimyəvi məhsulların satışı ● gül və bitki məhsullarının satışı ● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı ● gübrə və aqrokimyəvi məhsulların satışı Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:    ● 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);    ● 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);    ● 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür. COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

Hamısını oxu
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

Hamısını oxu
Möhtərəm Prezident, cənab Ali Baş Komandan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan

Hamısını oxu
Gənclər və İdman Nazirliyi “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyasına start verir
Gənclər və İdman Nazirliyi “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyasına start verir

Gənclər və İdman Nazirliyi aprelin 26-dan başlayaraq “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyasına start verir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-dək davam edəcək aksiyaya qoşulmaq istəyən gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş, eləcə də İkinci Dünya müharibəsinin iştirakçısı olmuş doğmalarının timsalında qəhrəmanlar haqqında qısa məlumatı şəkillə birlikdə sosial şəbəkələrdə paylaşmalıdırlar. Məlumat bir nəfər haqqında olmalıdır və buraya onun doğum və ölüm tarixləri, təltifləri, iştirak etdiyi döyüşlər daxil edilməlidir. Qeyd edək ki, hər bir məlumat ... “O mənim qəhrəmanımdır” sözləri ilə başa çatmalıdır. Layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi və faşizm üzərində Qələbənin 75 illiyi nəzərə alaraq gerçəkləşdirilir. Qəhrəmanlıq qəhrəmanlarla əbədiləşir. Qəhrəmanlarımızı tanıyaq və tanıdaq. Layihə barədə məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür: https://www.facebook.com/Menim-Qehremanim-102458881445916/

Hamısını oxu
Prezident İlham Əliyev tərəfindən veteranların diqqət və qayğı ilə əhatə olunması qürurvericidir
Prezident İlham Əliyev tərəfindən veteranların diqqət və qayğı ilə əhatə olunması qürurvericidir

        Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu veteranlara diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Hər zaman xatırlanan canlı tariximiz və qızıl fondumuz adlandırılan İkinci Dünya müharibəsi veteranlarının, eləcə də hər birimizin sevimli bayramlarından olan 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımların verilməsi artıq ənənə halını alıb.         İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” aprelin 24-də imzaladığı Sərəncamı tarixin qanlı-qadalı günlərindən dəyanətlə çıxmağı bacaran qəhrəman veteranlarımızın sevincinə səbəb olub.      Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.        Cəlil Xəlilov deyib ki, bu, qarşımızda hansı sınağın olmasından asılı olmayaraq hər bir vətəndaşın diqqət mərkəzində olmasının daha bir əyani təzahürü oldu. Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunur. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.         İldən-ilə güclənən Azərbaycan iqtisadiyyatının vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd edən polkovnik deyib: “İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb”.          Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirləri həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir. Ötən il Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarı ilə sosial islahatlar sahəsində müstəsna işlər həyata keçirildi. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət vətəndaşların sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar təqdirəlayiqdir və hər bir veteran tərəfindən dəstəklənir. Bütün bunlara əsaslanaraq iftixarla qeyd edə bilərik ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olmağı bacarır.         “Veteranlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir, onun Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə atdığı bütün addımları dəstəkləyir və bu istiqamətdə yorulmaz, əzmli fəaliyyətində müvəffəqiyyətlər arzulayırlar. Veteranlar hər zaman Prezident İlham Əliyevin yanındadırlar”, - deyə Cəlil Xəlilov vurğulayıb.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Hamısını oxu
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir. Biləsuvar rayonundan Teyyub Həsənov yazır: “Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin günlərdə də xalqımızın bütün təbəqələrinə, qocalara, gənclərə, xəstələrə, uşaqlara qayğınızla dəstəksiniz. COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyərək hər gün minlərlə can alır. Bunu ölkələrin gündəlik statistik göstəricilərindən də görürük. Amma Sizin düzgün siyasətiniz, görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu bəlanın qarşısı demək olar ki, alınıb. Bu qabaqlayıcı tədbirlər olmasaydı, nələr olacağını xəyalıma belə gətirmək istəmirəm. Hörmətli Prezident, vaxtında görülən tədbirlərə, ölkəmizi, xalqımızı qoruduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, bu bəla, qara bulud ölkəmizin üstündən tezliklə çəkiləcək. Sizin ölkəmiz üçün çəkdiyiniz əziyyəti, qayğınızı, dəstəyinizi görürük. Görməyənlər isə Vətən sevgisindən məhrumdur. Mən əliləm. Gənc valideyn olaraq iki oğul böyüdürəm və deyirəm, nə yaxşı ki, bu ölkədə doğulmuşuq, Azərbaycanın vətəndaşıyıq. Hörmətli cənab Prezident, biz Sizinlə, Azərbaycanımızla fəxr edirik. Mən ailəmiz adından Sizə ürəkdən təşəkkürümüzü çatdıraraq, karantin rejiminə riayət etdiyimizi bildirirəm. Hər zaman sağ olun, var olun!”. Kürdəmirdən Tofiq Əliyev, Bəbiş Mehdiyev, Şəmsəddin Cəfərov, Nicat İbrahimov və İlqar Həsənov rayonda məskunlaşan məcburi köçkünlər adından yazırlar: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlərə görə Kürdəmir rayonunda məskunlaşan məcburi köçkünlər adından Sizə təşəkkür edirik. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. İnşallah, Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik. Allah bu müqəddəs işinizdə Sizə yardımçı olsun!”. Bakı şəhərinin Xətai rayonunda yaşayan Qarabağ müharibəsi əlili Teymur Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi əlili, təqaüddə olan polis işçisi kimi Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər gün dünya xəbərlərini izlədikcə ölkəmizdə olan vəziyyətdən qürur hissi keçirirəm. Hörmətli Prezident, cənab Ali Baş Komandan, dünyaya meydan oxuyan ölkələrdə baş verən olayları, yüzlərlə, hətta minlərlə insan itkilərini gördükdə bu pandemiyanın necə qorxunc bəla olduğunu başa düşürük, lakin ölkəmizdə bunu hiss etmirik. Çünki Sizin kimi müdrik Prezidentimiz var. Azərbaycan xalqı bir daha Prezidentimizin yürütdüyü siyasətin doğruluğunu, vətəndaşların rifahının hər şeydən üstün tutulduğunu gördü. Buna görə də bütün xalq Sizin ətrafınızda sıx birləşərək deyir: “Cənab Prezident, biz Sizinləyik!”. Allah Sizi qorusun!”. Bakı şəhərinin Nərimanov rayonunun sakini Arif Əsgərov: “Hörmətli cənab Prezident, ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır. Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır”. Bakı şəhərinin Xətai rayonunda yaşayan məcburi köçkün Zəminə Cəfərova: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”.     ƏTRAFLI urekliolurekleal.az Şəki Dövlət Regional Kollecinin müəllimi Namiq Hacıyev: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”. Bakının Xətai rayonunda fəaliyyət göstərən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər Sima Əhmədova, Kənan İsmayılov, Sərxan Behbudov və Nüşabə Bilalova təhsil ocağının kollektivi adından dövlətimizin başçısına yazırlar: “Möhtərəm cənab Prezident, cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçdiyimiz bir vaxtda hər bir vətəndaş Sizə ümid çırağı kimi baxır. Bu savaşdan birlikdə qalib çıxacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Çünki öz vətəndaşlarının hər cür təhlükədən etibarlı müdafiəsini təşkil edən, koronavirus pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən qüdrətli dövlətimiz var. Milli həmrəylik məsələsində çoxminli müəllimlər ordusunun üzvləri olaraq biz də dövlətimizin, onun müdrik rəhbərinin yanındayıq. Azərbaycanda həm də milli təhlükəsizliyimizin qorunmasını özündə ehtiva edən bu mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasında oynadığı həlledici rol gözlərimizin önündədir. Cənab Prezident, ölkəmizin sabahı, gələcəyi olan uşaqlar, o cümlədən bizim məktəbin şagirdləri də dərslərini evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak etməklə bilik və bacarıqlarını möhkəmləndirirlər. Əmin olun ki, xalqımızı pandemiya bəlasından qorumaq üçün böyük əzm və fədakarlıqla gördüyünüz işlərdən düşən ümid işığını indidən görürük. Biz Sizinlə güclüyük!”. Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kəndlərinin sakinləri Səxavət Nuriyev, Müzəffər Feyzullayev və İsgəndər Babayev yazırlar: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirus pandemiyası kimi çətin sınaqla üz-üzədir. Bəzi ölkələrdə əsl insanlıq faciələri yaşandı. Çox sevinirik ki, tərəfinizdən görülən tədbirlər nəticəsində biz belə halları kənardan seyr etdik. Sizə, həmçinin koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər kəsə, xüsusilə də həkimlərə dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir”. Daşkəsən rayonundan Rövşən Həsənov, Mübariz Abbasov, İsmayıl Mürsəlov və Jalə Musayeva yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri dəstəkləyirik. Bu tədbirlər sayəsində hazırda ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir, sağalanların sayı hər gün daha da artır. Ölüm sayı isə digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Bu xəbərlərin bizi necə sevindirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirik. Cənab Prezident, bu mübarizə hələ tam başa çatmayıb, amma artıq hər bir azərbaycanlı əmindir ki, Siz bütün vasitələrdə bu problemin öhdəsindən də gələcəksiniz. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!”. İmişli rayonunun sakini Rafiq Məhəddinov: “Möhtərəm cənab Prezident, Sizi salamlayır və dövlətimiz üçün bu çətin zamanda gecə-gündüz xalqımıza xidmət etməyinizi böyük fəxarət hissi ilə vurğulayaraq, Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıtmış yeni növ koronavirusdan ən az zərər görən ölkələr sırasındayıq. Bu, Sizin diqqətinizin, qayğınızın, qətiyyətli mövqeyinizin nəticəsidir. İnanırıq ki, karantin müddətində xalqımızın Sizin tövsiyə və tapşırıqlarınıza əməl etməsi dövlətimizi bu çətin zamanda daha da gücləndirərək, virusa qalib gəlməsinə kömək edəcək”. Ağdam rayonunun Zəngişalı kəndinin sakini Ramin Sadıqov: “Çox hörmətli cənab Prezident, Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır. Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun!. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik”. Odlar Yurdu Universitetinin kollektivi və tələbələri adından Əhməd Vəliyev yazır: “Çox hörmətli cənab Prezident, bu gün dünyanı fəlakətin bürüdüyü bir zamanda ən nəhəng dövlətlərin və onların rəhbərlərinin xəstəlik qarşısında acizliyi hamımıza məlumdur. Siz isə belə bir bulanıq, təlatümlü dünyada dərin zəka, ağıl, düşüncə nümayiş etdirərək, xalqla bir olan dünyəvi Lider olduğunuzu bir daha sübut etdiniz. Belə ağır və məsuliyyətli günlərdə Siz hər bir vətəndaşımıza diqqət yetirirsiniz, yorulmadan onlarla daim bir yerdə olursunuz. Həmçinin Birinci vitse-prezidentimiz, çox əziz Mehriban xanımın bu çətin vaxtlarda insanlarımıza doğmalıqla, bir ana qayğısı ilə, humanistcəsinə müraciətləri soydaşlarımızda böyük mənəvi stimul və yüksək əhval-ruhiyyə yaradıb. Biz təhsil işçiləri olaraq Sizin atdığınız hər bir addımı təhlil edir, bu gün üçün müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu təsdiqləyir və çox yüksək qiymətləndiririk. Nəsirəddin Tusinin belə bir kəlamı var: “Hökmdar o zaman hökmdar olaraq qəbul edilir ki, ölkə xəstələndikdə onu müalicə etsin, sağlam olduqda isə onun sağlamlığının keşiyində dayansın”. Hörmətli cənab Prezident, bu ifadələrin fonunda Siz zirvədəsiniz və əvəzolunmaz Lidersiniz. Odlar Yurdu Universitetinin çoxsaylı kollektivi və tələbələri Sizinlə qürur duyaraq əmin olduqlarını bildirirlər ki, Siz dünya miqyasında alternativi olmayan bir lider kimi qələbə qazanacaqsınız. Tanrı köməyiniz olsun!”. Lənkəran rayonunun Boladi kəndindən Ramazan Quliyev: “Möhtərəm cənab Prezident, koronavirus təhlükəsi gözlənilmədən sərhədlərimizə dayandı. Siz bu fəlakət gətirən virusun qarşısını almaq üçün dərhal fəaliyyətə başladınız, onun ölkəmizdə yayılmaması üçün dövlət səviyyəsində qərarlar qəbul edildi, həyati əhəmiyyətli tədbirlər görüldü. Bu tədbirlərin nəticəsidir ki, dünyanı çökdürən pandemiyanın ölkəmizə təsiri güclü olmadı, müdrik qərarlarınız xalqımızı bu qorxunc bəladan qorudu. Xalqımız da Sizin ətrafınızda sıx birləşərək, bu xəstəliyə qarşı mübarizədə səfərbər oldu. İnşallah, zəhmətiniz bəhrə verəcək, rəhbərliyinizlə bu sınaqdan şərəflə çıxacağıq!”. Ağdam rayonundan məcburi köçkün, hazırda Ağsunun Xanbulaq kəndində yaşayan Teymur Əhmədov: “Möhtərəm cənab Prezident, bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır. Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Allah Sizi var eləsin!. Ulu Tanrı Sizi və ailənizi qorusun!”. Göyçay rayonunun Alpout kəndinin ağsaqqalları adından yazan Qəhrəman İbrahimov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyası respublikamıza da təsirsiz ötüşmədi. Lakin vaxtında görülmüş tədbirlər sayəsində bu təsirlər başqa ölkələrə nisbətən o qədər də güclü olmadı. Sizin xalqımıza bağlılığınız imzaladığınız sərəncamlarla və verdiyiniz qərarlarla bir daha özünü doğrultdu. Belə çətin dövrdə yaşı 65-dən yuxarı vətəndaşlara yoluxmanın qarşısını almaq məqsədilə evdə sosial xidmətlərin göstərilməsi, əfv Sərəncamınız ilə 176 məhkumun öz ailələrinə qovuşması, həmçinin işsiz vətəndaşlara birdəfəlik ödənişlərin verilməsi Sizin humanistliyinizin və əvəzsiz himayənizin sübutlarıdır. Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından və Alpout kəndinin ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm”

Hamısını oxu
Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədova
Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədova

Hamısını oxu
Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur
Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.   Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:   “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.   Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.   Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.   Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Koronavirus pandemiyası dövründə Azərbaycan dövləti veteranları da diqqətdən kənarda qoymayıb
Koronavirus pandemiyası dövründə Azərbaycan dövləti veteranları da diqqətdən kənarda qoymayıb

Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələri və təşəbbüslərini veteranlar dəstəkləyir, dövlətimizin başçısının çağırışına qoşulurlar. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə artması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Bu tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı pandemiya dövründə veteranlara, əlillərə də qayğı ilə yanaşır. Veteranlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə dövlətimiz veteranları da unutmur. Veteranlar Prezidentin fəaliyyətini alqışlayır. Dövlətin vətəndaşların təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini, Prezident İlham Əliyevin əhalini koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdiyini, ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edən Cəlil Xəlilov deyib ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, sahibkarların, veteranların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Bu, bir daha dövlətimizin başçısının vətəndaşlara olan həssas münasibətini təcəssüm etdirir. Əminik ki, dövlətimizin başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək. “Biz veteranlar hər zaman dövlətin qayğısını hiss edirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Vətənimiz və xalqımız üçün gördüyü bütün işlərə, yorulmaz fəaliyyətlərinə, bizə göstərdikləri diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatı adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən atılan qətiyyətli və humanist addımlar ölkəmiz və əhalimizin sağlamlığı üçün öz dəyərli töhfəsini verəcək”, - deyə o vurğulayıb.

Hamısını oxu
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R        Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.        Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri        Bakı şəhəri, 18 aprel 2020-ci il № 144

Hamısını oxu