Ən son xəbərlər
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub. Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Hamısını oxu
Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube" və "facebook" sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib. Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Milli.Az
Hamısını oxu
Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin". Qeyd edək ki, bu gün Yaşar Əliyevin 60 yaşı tamam olur.
Hamısını oxu
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH başçısının I müavini Azad Balayev, rayon Veteranlar Təşkilatının sədri, eyniz zamanda rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Abid Mamedov, Nizami adına şəhər 1 saylı məktəbin direktoru Şəfiqə Tutunçiyeva veteran hərəkatına göstərdiyi dəstəyə və rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Medal təqdim olunanlar "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar. Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.
Hamısını oxu
Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib. "İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram. Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir", - İ.Əliyev söyləyib.
Hamısını oxu
Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib. Axar.az məktubun mətnini təqdim edir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub. Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.
Hamısını oxu
Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də qardaşlıq münasibətləri olduğunu bir daha sübut etdi. Dövlət başçısının bu sözləri hər bir türk tərəfindən böyük rəğbətlə qarşılandı. Axar.az xəbər verir ki, bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib. Göstərdiyi qətiyyətli mövqeyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Akkan Suver deyib: “Azərbaycan Prezidenti ölkəmizə və millətimizə dəstəyini göstərməklə bərabər bütün dünyaya göstərdi ki, Türkiyə yalnız deyil. Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli hərbi əməkdaşlığa toxunan dövlət başçısı bu əməkdaşlığın narahatdoğurucu məqamlarını diqqətə çatdırdı, bunun Azərbaycan üçün təhdid törətdiyini vurğuladı. Bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu bilir. İşğalçı dövlətlə əməkdaşlıq təcavüzkar tərəfə dəstək vermək deməkdir”. Türkiyə-Azərbaycan münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini vurğulayan professor fikirlərini belə tamamlayıb: “Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlar Türkiyənin qürur mənbəyidir. Fəxr edirik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənir və müstəqil siyasət yürüdür. Prezident İlham Əliyevin hər fürsətdə Türkiyəni dəstəkləməsi bizə ayrıca qürur hissi yaşadır. Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və bundan sonra da olacaq. Bizim qardaşlığımız əbədidir”.
Hamısını oxu
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır. AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.
Hamısını oxu
Milli.Az Trend-ə istinadən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir - Cənab general-polkovnik, bugünlərdə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski tanınmış jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə ölkəmizə, ərazi bütövlüyümüzə, xüsusilə Naxçıvanın tarixinə qarşı qərəzli mövqe nümayiş etdirməklə, bir sıra faktları təhrif edib, açıq-aşkar əsassız fikirlər səsləndirib. Siz bu qərəzə hansı müstəvidən yanaşardınız? - İlk öncə qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz. Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü "şərqşünas" qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Bu şəxsin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirirəm. Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur. - Məhərrəm müəllim, Jirinovski sözügedən müsahibəsində elə danışıb ki, guya o dediklərini elmi əsaslarla sübuta yetirir və s. Sizə elə gəlmirmi ki, onun həmin fikirləri arxasında sifariş xarakterli məqamlar da dayanır? - Ümumiyyətlə, onun Naxçıvanı "erməni ərazisi kimi" təqdim etməsi heç bir elmi - tarixi əsası olmayan uydurma, əfsanədir. Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü "şərqşünas" kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil. - Cənab general-polkovnik, Azərbaycanın beynəlxalq siyasi arenadakı yeri və rolu artdıqca ərazi bütövlüyümüzün dəstəklənməsi ətrafındakı uğurların da şahidlərinə çevrilirik. Ümumiyyətlə, diplomatik qələbələrimizlə yanaşı, hərbi uğurlarımız arasında hər hansı bağlılıq ola bilərmi? - Düşünürəm ki, əldə edilən bütün uğurlarımız bir-birinə bağlıdır və əlbəttə, hər bir zəfər qalibiyyətə doğru atılan növbəti addımdır. İstər diplomatik, istərsə də hərbi qələbələrimiz bir məcrada - güclü dövlətçilik adı altında birləşməklə, Azərbaycanımızın adını daha çox yüksəklərə qaldırır. Söz yox ki, beynəlxalq hüququn birmənalı olaraq ərazi bütövlüyümüzü tanıması da həmin uğurların bir parçasıdır. Lakin onu da unutmamalıyıq, Azərbaycan dövlətinin hərbi gücü və strategiyası da imkan verir ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad edək, hətta tarixi torpaqlarımızda anti-terror əməliyyatları aparaq. Bunu cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev də öz çıxışlarında qətiyyətlə vurğulayıb. Məhz bu dönməz siyasi xətt, qətiyyətli mövqe növbəti qələbələrə aparan yol kimi təcəssüm oluna bilər. Azərbaycan xalqı bunu bilir, dərk edir və əlbəttə ki, dəstəkləyir. Əbəs deyil ki, artıq ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü ən ali dərəcədə tərənnüm etdirməkdədir. - Məhərrəm müəllim, Nikol Paşinyanın bu yaxınlarda yenidən Dağlıq Qarabağa etdiyi qanunsuz səfəri və səfəri çərçivəsində Tovuz rayonu ilə sərhəd ərazilərində təxribat törədən hərbi qulluqçuları mükafatlandırması Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməyəcəyi anlamını daşıya bilərmi? - Bilirsiniz, bir hərbiçi olaraq, bu kimi məsələlərdə də mövqeyimi hərbi yöndən ictimailəşdirməyə çalışıram. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, aparılan uğurlu siyasət və diplomatik nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanılmasına, möhkəmləndirilməsinə tam təminat verir. Əgər bu gün işğalçı ölkənin rəhbəri torpaqlarımıza səfər edirsə, bu səfərlərin hər biri diqqətimizdə saxlanılır və ümumiyyətlə, düşmənin hər addımı bizim tam nəzarətimiz altındadır. Bayaq da qeyd etdiyim kimi, işğalçıların bu kimi addımları davam edənə qədər onlar Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin ağır zərbələri altında qalacaqlar, yəni ərazilərimiz tam şəkildə azad olunana qədər. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan təxribatçı əsgərlərini mükafatlandırırsa, artıq onun özü də həmin təxribatçıların bir hissəsinə çevrilir və bu əməlinin də cavabını alacaq. Ancaq son olaraq xatırlatmaq istərdim ki, Naxçıvan, Qarabağ ətrafında bənzər manipulyasiyalara yol verən qərəzli siyasətçilər və onların ermənipərəst havadarları da yaxşı bilirlər ki, publikaya oynadıqları məkrli oyunlarının heç bir əsası yoxdur, əksinə, onlar özlərinə zərər edirlər. Milli.Az
Hamısını oxu