Latest news

Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərə malik olduğunu göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ermənilərin ordumuzun mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil: “Post-müharibə dövründə Ermənistan dəfələrlə ordumuzun mövqelərini atəşə tutub, müxtəlif təxribatlar həyata keçirib. Bütün bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Ancaq buna baxmayaraq, Ermənistan bu gün də təxribatlardan, məkrli niyyətlərindən əl çəkmək istəmir. Mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərməsi, revanşist iddiaların bu gün də ara verməməsi buna nümunədir. “Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin gələcəyi, sülhlə bağlı aydın mövqe yoxdur. Buna görə də İrəvan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən təxribatlara əl atır, mövcud status-kvonu dəyişməyə səy göstərir. Lakin rəsmi İrəvan, o cümlədən Ermənistandakı bütün revanşist qüvvələr, habelə onların havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, onun şərtlərini qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci bir yol, alternativ variant mövcud deyil”, - deyə Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini də atəşə tutub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüblər. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Read more
Veteran.gov.az xəbər verir ki, Nağıyev Fərhad Qara oğlu 1 yanvar 1924-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonunun Şıxlı kəndində anadan olub. 8-ci sinifi qurtarandan sonra Quba Baytarlıq Texnikumuna qəbul olub, bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Daha sonra Fərhad Nağıyev Şabrana baş həkim təyin eolunub, ona müharibəyə getməmək üçün bron verilib. Qəhrəmanın qızı Validə Vəliyeva atası haqqında maraqlı fikirlər səsləndirir: “Müharibə başlayanda atamın 17 yaşı var idi. 1942-ci ildə atam könüllü olaraq bronunu təhvil verib müharibəyə yollanıb. Əvvəlcə onu Mahaçqalaya aparırıbar. Atam baytar həkimi olduğu üçün onu qarışıq atçılıq artileriya briqadasına göndəriblər. O vaxtı atlar topları daşıyırdılar. Atam deyirdi ki, mən həm topları daşıyan atlara baxırdım, həm də cəbhə bölgəsindən yaralıları çıxarıb yardım edirdim. Atam Mozdoka qədər irəliləyib, orada yaralıları çıxararkən belindən özü yaralanıb və hospitala göndərilib. Sağalandan sonra yenidən cəbhəyə yola düşüb. Bu dəfə başqa cəbhəyə yollanıb. Atam deyirdi ki, Moldova, Ukrayna, Belarusya və Leninqrad ətrafında vuruşaraq Almaniyaya qədər gedib. Müharibə bitdikdən sonra atamı bir il də Moskvada saxlayıblar ki, sənin köməyinə ehtiyacımız var. 1946-cı ildə atamı evə yola salıblar. Atam müharibədən gələndən sonra yaxşı mütəxxəsis olduğu üçün onu Bakının Qobu kəndində baş həkim təyin edirlər və atam orada anamla ailə qurur. Sonra atam Bakıda ət kombinatına müdür təyin olunur. Bir müddətdən sonra atamı Xızı rayonuna baş həkim təyin edirlər. 1 il orada işləyəndən sonra Quba rayonuna təyinat alır. Orada 2 il işləyəndən sonra öz rayonuna, yəni Şabrana baş həkim təyin olunur. Atam həm işləyir, həm də Gəncə şəhər Kənd Təsərüfatı İnstitutunda oxuyurdu. O, öz yaradıcılığını, potensialını genişləndirirdi. Atam Heydər Əliyevlə dəfələrlə görüşüb, onun tapşırıqlarını və tövsiyələrini alıb. Ulu öndə hər dəfə Şabrana gələndə mütləq atamla görüşürdü. Atam ahıl yaşında da dövlətinə xidmət edirdi. O 2011-ci ilin dekabrına qədər işləyib. 2014-cü və 2015-ci ildə prezidentimiz İlham Əliyevlə görüşüb. Ömrünün axrına qədər dövlətinə xidmət edib. Atam 16 dekabr 2015- ci ildə vəfat edib. Müharibə illərində bir çox orden və medallarla təltif olunub”. P.S.Fərhad Nağıyevin həyat və döyüş yolu Azərbaycan xalqının qəhrəmanlığına, mübarizliyinə nümunədir və bu örnək əsrlər sonra da gənclərimiz üçün ilham mənbəyi olaraq qalmaqda davam edəcək.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradovun 75 illiyi münsibətilə tədbir keçirib. Tədbirdən öncə Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman yubilyar haqqında tədbir iştirakçılarına geniş məlumat verib, uzun müddət Mədəniyyət şöbəsində Həmkarlar Komitəsinin sədri kimi mədəniyyət işçilərinin sosial problemlərinin həllində böyük xidməti olmuş, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş Cahangir Muradovu yubileyi münasibətilə rayon veteranları adından təbrik edib. O, daha sonra yubilyara rayon təşkilatının Fəxri fərmanını təqdim edib və özünün yazdığı "Şəhidlik zirvəsinə ucalanlar" kitabını hədiyyə verib. ADPU Cəlilabad filialının baş müəllimi Aydın İbişov, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşallah Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış aparıcı aktyor Xeyrulla Şahbazov, "Qarabağ əlillərinin Qayğı" İctimai birliyinin sədri Asəf İsmayılov, Əmək və Müharibə veteranları Cankişi Seyfullayev, Mirzəbala Hüseynov, Dadaş Bayramov, Qurban Əhməd, Adıgözəl Nuriyev, Muxtar Ağayev və başqaları çıxış edib Cahangir Muradovla bağlı xoş xatirələtindən danışıb və yubilyara sağlam və gümrah ömür arzulayıblar. Sonda xatirə şəkilləri çəkilib.
Read more
Veteran.gov.az xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyev Litvaya səfər edib, bir sıra görüşlər keçirib. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə ətraflı məlumat verib. Məlumatda deyilir: “Mayın 29-dan iyunun 2-dək hörmətli həmkarım Rasim Musabəyovla birlikdə Litva Respublikasında səfərdə olduq. Səfər çərçivəsində Litva seyminin iqtisadiyyat, energetika komitələrində, Azərbaycanla işçi qrupunun üzvləri, 1-ci və digər üç vitse-spikerlə, müxtəlif fraksiyaları təmsil edən deputatlarla görüşlər keçirdik. 28 May Müstəqillik Günü münasibətilə, ölkəmizin Litvadakı səfirliyinin təşkil etdiyi Bayram tədbirində iştirak etdik. Görüşlərin yüksək səviyyədə keçdiyini, qaldırılan məsələlərlə bağlı tərəflərin mövqeyinə açıq şəkildə aydınlıq gətirildiyini, əksər məsələlərdə baxışlarımızın üst-üstə düşdüyünü xüsusi olaraq vurğulamaq istərdim. Siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsində, Prezidentlər İlham Əliyevlə, Gitanas Nausedanın qarşılıqlı səfərləri, əldə olunmuş razılaşmaların, ölkələrimizin maraqlarına uyğun olduğu, xalqlarımızın bir-birinə yaxınlaşmasının əhəmiyyətinə toxunuldu. Dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının əhəmiyyəti danılmazdır və görüş ərəfəsində, ötən il Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Litvaya, Seymin vitse-spikerinin başçılığı ilə, nümayəndə heyətlərinin ölkəmizə səfəri xatırlandı. Xüsusilə, litvalı deputatların Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görmələri, ,,qədim,, ,,mədəni,, millətin apardığı təbliğatla tərs mütənasib olduğu qeyd olundu. Litvada kifayət qədər güclü, ifrat dərəcədə həyasız erməni diasporasının olmasına rəğmən, dostlarımızın sayının getdikcə artması, mövqeyimizi müdafiə etmələri təbii ki, bizi sevindirir. Təsəvvür edin; Litva vətəndaşı olan yazıçı soydaşımız ölkə başçısının sərəncamı ilə ordenlə təltif olunur. Diasporanın hay-küyü azmış kimi, Ermənistan səfiri bütün diplomatik normaları pozur və prezident administrasiyasına rəsmi etiraz məktubu göndərir. Təbii ki, administrasiya rəhbəri tərəfindən layiq olduğu cavabı alır. Nəzərinə çatdırılır ki, burnunu lazım olmayan yerlərə soxmasın və kimin mükafatlandırılması, yaxud digər məsələlərlə bağlı onun məsləhətlərinə qətiyyən ehtiyac yoxdur. Görüşlərdə, Ermənistanla münasibətlər, sülh müqaviləsinin imzalanmasına mane olan amillər, mina problemləri, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı infrastruktur layihələri, tikinti-quruculuq, bərpa işləri, “Böyük Qayıdış” planı barədə litvalı həmkarlarımız məlumatlandırıldı. GÜAM parlament assambleyasının işinin canlandırılması, Türkiyədə keçirilən seçkilər, Avropaya qaçqın köçünün qarşısının alınmasında, taxıl probleminin həllində Türkiyənin rolu, Ukrayna böhranı və bir çox regional məsələlərlə bağlı həmkarlarımızın sualları cavablandırıldı və maraqlandırılan məsələlərə münasibətimizi bildirdik. Avropa İttifaqında, Azərbaycan həqiqətlərinin, maraqlarının daha effektiv şəkildə təmin olunması üçün, Baltik Assambleyasının imkanlarından istifadə edilməsi təklif olundu. Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqının enerji təhlükəsizliyində, Orta Xətt marşrutunun əsas bəndi kimi nəqliyyat-logistika sahəsində, Pandemiya ilə mübarizədə, Qoşulmama Hərəkatının sədri olaraq, qlobal və regional təhlükəsizliyin qorunub saxlanılmasında ölkəmizin oynadığı rol qeyd olundu. Azərbaycan enerji resurslarının Litvaya çatdırılması, nəqliyyat-logistika baxımından, texniki cəhətdən mürəkkəb olması faktdır. Lakin, Litvalılar, ÜmumAvropa məkanında enerji daşıyıcılarının qiymətinin sabit qalmasında ölkəmizin verdiyi töhfəni başa düşür və yüksək qiymətləndirirlər. Litva, beynəlxalq miqyasda Ukraynanın həm siyasi, həm də hərbi cəhətdən dəstəklənməsini sərt və ardıcıllıqla təşkil edən dövlətlərdən biridir. Paytaxt Vilnüs daxil, ölkənin bütün regionlarında, inzibati binalarda, küçələrdə, meydanlarda Ukrayna bayraqları görünür. Ukraynanın müdafiəsini özü üçün müqəddəs, şərəfli vəzifə hesab edən Litvalılar hər görüşdə, Prezident İlham Əliyevə göstərdiyi humanitar yardımlara ğörə təşəkkürlərini bildirirdilər. İqtisadi müzakirələrlə bağlı qeyd olundu ki, ölkələrimiz arasında illik ticarət dövriyyəsi 62 milyon ABŞ dolları təşkil edir. Müəyyən artımların olmasına rəğmən, göstərilən rəqəmlər, bəzi obyektiv səbəblər üzündən, real potensialı əks etdirmir. 2000-ci ildə Baltik Assambleyası tərəfindən irəli sürülmüş Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlasaydı, tam fərqli nəticələr ola bilərdi. Hindistan, Pakistan kimi Asiya ölkələrini Azərbaycan, İran vasitəsilə Baltikyanı respublikalarla, daha sonra isə, Şimali Avropa ilə birləşdirəcək dəhliz, dövlətlərarası ticarət dövriyyəsini dəfələrlə artıra bilərdi. Lakin, cənub qonşumuzun anlaşılmaz, məntiqsiz, destruktiv siyasəti nəticəsində Astara-Rəşt dəmir yolu xətti birləşdirilmədi. Baxmayaraq ki, həmin yolun tikintisi qısa zaman ərzində başa çatdırılmaı idi və maliyyə məsələlərini Azərbaycan öz üzərinə götürmüşdü. Litva biznesinin Azərbaycanda və yaxud əksinə, Azərbaycan sahibkarlarının Litvaya qarşılıqlı investisiya imkanları, iqtisadi perspektivlər müzakirə olundu. Litva rəqəmsal iqtisadiyyat, biotexnologiya, energetika, alternativ və bərpa olunan enerji, günəş panellərinin istehsalı, optika, müdafiə sənayesi, kənd təsərrüfatı və qida sənayesi, təhsil, səhiyyə sahəsində əhəmiyyətli inkişafa nail olmuşdur. Litva, ölkə daxilində yanacaq bazarının düzgün tənzimlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti,(SOKAR)-la əməkdaşlıqda, ətraf mühitin qorunması üçün ekoloji proqramların icrasında, kadr hazırlığında maraqlıdır. Regionlara səfər çərçivəsində Kaunas tibb universitetində maraqlı görüşümüz oldu. Kaunas universiteti dünya miqyasında tanınmış, yüksək reytinqli, Avropa İttifaqından tutmuş, İsrailə, Amerika qitəsinə qədər bir çox ölkələrdən tələbələrin oxuduğu təhsil ocağıdır. Təqdimatdan bəlli oldu ki, Universitetin beynəlxalq əlaqələri kifayət qədər genişdir və dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edilir. Təəccüblü olsa da, ən çox tələbə İsraildən, İsveçdən, Norveç, Danimarka kimi inkişaf etmiş ölkələrdən təhsil alanlardır. Universitetdə genetika, farmasevtika, nevrologiya, neyrocərrahiyyə və digər sahələr üzrə ciddi elmi tədqiqatlar aparılır. Ən maraqlısı isə, Universitetin nəzdində Veterinar akademiyasının yaradılması, onların birgə fəaliyyətlərinin təşkilidir. Ümumiyyətlə, Litvada təhsilin səviyyəsi yüksəkdir və 200-dən artıq azərbaycanlı gənc orada təhsil alır. Əsasən, müasir dünyanın ən aktual problemlərindən sayılan, kibertəhlükəsizlik üzrə təhsil alan gənclərlə, səfirliyimizin təşkil etdiyi tədbirdə görüşümüz oldu və razılıqlarını bildirdilər. Bir çoxları dövlət tərəfindən təqaüdlər alır. Kaunas Universitetinin rektoru akademik Benetis, ötən il Litva prezidentinin səfəri zamanı Azərbaycana gəlmişdi. Onunla Litvada və Azərbaycanda bir neçə görüşümüz olmuş və hər dəfə ölkəmizlə əməkdaşlıq etmək istədiyini bildirmişdi. Universitet kadr hazırlığı üçün Avropa İttifaqının təşkil etdiyi proqramlarda iştirak edir və maliyyə imkanlarından yararlanır. Bu məsələ, Litva seyminin vitse-spikeri Yonas Yarutisin hörmətli Sahibə xanım Qafarova ilə görüşündə də qaldırılmış və nəzarətə götürülmüşdür. Hesab edirəm ki, səhiyyə nazirliyimiz bu məsələni diqqətdə saxlamalıdır. Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır və Prezident İlham Əliyevin apardığı çox vektorlu siyasət nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Əməkdaşlığımız dövlətlərimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dostlarımızın sayını artıracaqdır. Hər kəsə məlumdur ki, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən, Ermənistanı yenidən təşkilatlandırmaqla müharibəyə sürükləyən bəzi dövlətlər, hələ də siyasətlərində dəyişiklik etmək istəmirlər. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatlarda dostlarımızın sayının çox olması, siyasi çəkilərinin ağırlığı ölkəmizə yönəlik neqativ güclərin neytrallaşdırılması, təhlükəsizlik sisteminin qurulması baxımından əhəmiyyət kəsb edir. Yekun olaraq, Litva və Azərbaycanın müxtəlif qurumları arasında vasitəçilik missiyasını yerinə yetirən və peşəkar diplomat olaraq ölkəmizi layiqincə təmsil edən fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayevə, Seymin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla işçi qrupunun rəhbəri, əməkdaşlığımızı dostluğa çevirməyi bacaran Kazis Starkeviçə minnətdarlığımı bildirirəm”. Seymur ƏLİYEV
Read more

Cəlil Xəlilov: “Prezidentin Müstəqillik Günündə Laçına səfəri rəmzi məna kəsb edir. Belə tarixi gündə dövlət başçımızın işğaldan azad edilən Laçına səfər etməsi, Prezidentimizin müstəqilliyimizə, ərazi bütövlüyümüzə olan ehtiramını nümayiş etdirir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər və həmin səfər əsnasında dövlət başçısınn verdiyi bəyanatlar dövlətimizin bugünü, gələcəyə baxışı baxımından mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı Laçın səfəri əsnasında rayon ərazisində bir neçə açılışlar etdi, habelə, bir çox müəssisəsinən, yaşayış məntəqəsinin təməlini qoydu. Prezident İlham Əliyev səfər əsnasında atdığı adımlar və verdiyi bəyanatlarla göstərdi ki, bu torpaqların əsl sahibi həqiqətən də Azərbaycan xalqıdır və bu xalqı öz qurub-yaratmaq eşqi ilə erməni faşizminin viran qoyduğu bu torpaqlara yenidən həyat verməyə qadirdir. Prezidentin Laçın səfəri dövlətimizin sülhə, quruculuğa verdiyi önəmi göstərdi. Bu səfər həm də göstərdi ki, post-müharibə dönəmindən sonra belə Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləmək istəmir. Lakin Azərbaycan öz sülh siyasəti və erməni faşizmini, onun terrorçuluq siyasətini ifşa etməklə, bu siyasətə bütün müstəvilərdə layiqli cavab verməklə rəsmi İrəvana sülhdən başqa bir yol qoymur. Prezident Laçın sakinləri ilə söhbətində onlara 2011-ci ildə Ağcabədidə həmin sakinlərlə görüşəndə dediyi sözləri xatırlatdı. Qeyd etdi ki, həmin vaxt əminliklə bildirmişdim ki, biz Laçına qayıdacayıq və bu gün Laçın sakinlərinin öz doğma yurduna qayıdışı bu sözün təsdiqidir”. Cəlil Xəlilov dövlətimizin işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Laçın rayonu ərazisində erməni faşizmi tərəfindən dağıdılan tarixi-mədəni abidələrin bərpasını da diqqət mərkəzində saxladığını vurğuladı: “İşğal dönəmində Ermənistan Azərbaycan ərazilərindəki minlərlə dini, tarixi, mədəni abidəni, memarlıq nümunəsini vəhşicəsinə dağıdıb, onları yararsız hala salıb. Təkcə bir faktı qeyd edək ki, ermənilər vaxtiylə işğalda saxladıqları ərazilərdə 1941-1945-ci illərə aid 37 abidəni dağıdıblar. Əvəzində İrəvanda faşizmin nökəri olan Njdeyə abidə ucaldılıb. Habelə, işğaldakı rayonlarda faşizmi, separatizmi, terrorizmi təbliğ edən qondarma abidələr inşa edib. Hansı ki, anti-insani dəyərləri, faşizmi təbliğ edən bu qondarma abidələr dövlətimiz tərəfindən haqlı olaraq sökülür. Bu gün Azərbaycan bütün regionda sülhü, təhlükəsizliyi təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin siyasəti, Prezidentimizin qətiyyəti və ortaya qoyduğu aydın, konklret mövqe onu göstərir ki, Azərbaycan bundan sonra da regional təhlükəsizliyu təmin etmək üçün ehtiyac duyulan bütün addımları atacaqdır”.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsi və "Qarabağ qaziləri" İctimai Birliyi ilə birlikdə 28 May Müstəqillik günü münasibəti ilə tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi yolunda və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq müstəqillik günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsi imzalamaqla Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. O, vurğulayıb ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. DQİDK-nin rayon şöbəsinin rəhbəri Cavidan Rəşidov, Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhər 4 saylı klubun müdiri Xeyrulla Şahbazov, Qırmızı Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndəsi Mirsüleyman Eynullayev, Əmək və Müharibə veteranları Adil Turabov, Mirzəbala Hüseynov, Yusif Əzimov, "Qarabağ qaziləri" İctimai birliyinin sədri Maşallah Əliyev və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanımızın daha da çiçəklənməsi naminə həmişə dövlətimizə dəstək olacaqlarını bildiriblər. Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" İctimai birliyinə yeni üzv qəbul edilmiş veteranlara vəsiqələr təqdim olunub.
Read more“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi çərçivəsində may ayının 22-də İsmayıllı, 23-də Oğuz, 24-də isə Qax rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər, adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib. Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər irəli sürülüb. Adı çəkilən kateqoriyadan olan şəxslər bu gün üzləşdikləri problemləri səsləndiriblər. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb, müvafiq dövlət qurumlarına təqdim edəcəkdir. Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilati dəstəyə görə İsmayıllı, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin başçılarına dərin təşəkkürünü bildirib.
Read more
Bakı, 23 may, AZƏRTAC Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir. Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”. Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İsmayıllı rayonunda şəhid ailələri, qazi və veteranlarla görüş keçirib, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın İsmayııllı Rayon Təşkilatının fəalları, rayon ziyalıları da iştirak edib. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə şəhid ailələrinin, müharibə veteranlarının qayğı və istəkləri müzakirə edilib, dövlətin bu yöndə apardığı siyasətin önəmi qeyd olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov dövlətin məlum sahədəki fəaliyyətinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu məsələdə vətəndaş cəmiyyətlərinin üsərinə düşən məsuliyyətə də diqqət çəkib: “Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranmı bu qayğını bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillrinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”. Polkovnik Cəlil Xəlilov tədbirin sonunda görüşün təşkilində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, YAP-ın yerli rayon təşkilatına öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı müatəmadi surətdə regionlarda şəhid ailəri və veteranlarla görüşlər keçirməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində silsilə tədbirlər təşkil etməkdədir. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.
Read more
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur. DTX-nin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı son əməliyyatı qurumun növbəti uğurudur. Azərtac xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov deyib: “DTX dövlətimizin və xalqımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan, bu istiqamətdə böyük əmək sərf edən dövlət qurumudur. DTX-nin yaxın bir il ərzində İran və Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini ifşa edən çoxsaylı əməliyyatları bu qurumun dövlətimizin və xalqımızın təhlükəsizliyinə böyük töhfələr verdiyini göstərir. Bütün bu əməliyyatlar, eləcə də sonuncu əməliyyat göstərir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqdadır və anti-Azərbaycan qüvvələrinin qarşısını qətiyyətlə alır. DTX-nin yüksək peşəkarlığı və ayıq-sayıqlığı bunu söyləməyə imkan verir ki, düşmənlərimiz bu günə qədər olduğu kimi, bundan sonra da arzularına çata, ölkəmizlə bağlı təxribatçılıq planlarını həyata keçirə bilməyəcəklər”. Polkovnik ictimaiyyətin, hər bir vətəndaşın bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarına dəstək verməsinin vacibliyini də qeyd edib: “Azərbaycanın hüquq-mühafizə orqanları, güc qurumları yüksək peşəkarlıqla fəaliyyət göstərir, ölkə daxilində təhlükəsizliyin, sabitlik və asayişin qorunmasını yüksək səviyyədə təmin edir. Bu məsələdə vətəndaşlar da hüquq-mühafizə orqanlarına kömək göstərməli, şahid olduqları şübhəli hadisə və şəxslərlə bağlı dərhal əlaqədar qurumları məlumatlandırmalıdır. Unutmayaq ki, yalnız ictimaiyyətin özünün yaxından iştirakı, birliyimiz və həmrəyliyimiz sayəsində bütün bu təhlükələrin qarşısını zamanında ala bilərik”.
Read more