Последние новости

16 dekabr - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Bu gün münasibətilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını təbrik edir, ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində apardıqları xidmətdə uğurlar arzulayır.
Читать далее
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir. Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur. Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır. Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir. Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir. Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Fərəh Əliyeva Oqtay Şirəliyev Ramiz Mehdiyev Əhliman Əmiraslanov Cəmil Əliyev Sudeif İmamverdiyev Nuru Bayramov Gəray Gəraybəyli
Читать далее
Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. Həbib Fətəliyevdən, Bakı, Azərbaycan Hörmətli Prezidentimiz. Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun. Hörmətlə, Fətəliyev Həbib Tofiq oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Читать далее
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Читать далее
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3 mindən çox hərbçinin və 150-yə yaxın hərbi texnikanın, o cümlədən ən müasir raket qurğuları və hava hücumundan müdafiə (HHM) sistemlərinin iştirakı ilə keçirilən Zəfər paradında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) sədri general-polkovnik Tofiq Ağahüseynov ilə müsahibə xüsusən önəmli oldu – hiss olunurdu ki, qocaman veteran doğma vətən uğrunda aparılan döyüşlərdə, bu Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər olmasından dolayı böyük qürur və sevinc hissi keçirir. Biz də öz növbəmizdə 23 medal və 8 orden, o cümlədən 3 “Qırmızı ulduz” ordeni, Çexoslovakiyanın “Qırmızı ulduz” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentin Diplomu ilə təltif olunmuş bu əfsanəvi generala ilk sual ilə müraciət edərək, İkinci Qarabağ müharibəsində əldə olunan zəfər fonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sisteminin oynadığı rolu Azərbaycan Respublikasının yenicə formalaşdığı müəyyən tarixi zaman kəsiyində Zaqafqaziya Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə rəhbərlik etmiş komandir kimi şərh etməyi xahiş etdik. - Hava hücumundan etibarlı müdafiə sisteminin yaradılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin rəhbərliyinə tapşırılan birinci dərəcəli məsələ olmuşdur və bu fakt hərbi mütəxəssislərə çoxdan bəlli idi. Ölkənin lideri tərəfindən silahlı qüvvələrin inkişafı üçün düzgün seçilmiş strategiyanın müvəffəqiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə təsdiqləndi. Bu gün ölkənin hava hücumundan müdafiə sistemi həm dinc həyatda, həm də döyüş əməliyyatları zamanı ən ciddi tapşırıqları yerinə yetirməyə qadir olan ən müasir texnologiyaya malikdir ki, bu da son müharibə zamanı Qarabağda aparılan hərbi əməliyyatlar fonunda aydın görünürdü. Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı raketlərini zərərsizləşdirən Azərbaycanın hava hücumundan müdafiə sistemi faktiki olaraq regional miqyaslı fəlakətin qarşısını aldı. Azərbaycan Respublikası Energetika Nazirliyinin 11 oktyabr tarixli rəsmi bəyanatında deyildiyi kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin Ermənistan tərəfinin atdığı raketləri zərərsizləşdirməsi sayəsində regional fəlakətin qarşısı alındı. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES, eləcə də Mingəçevir Su Elektrik Stansiyası (SES) normal rejimdə fəaliyyətini davam etdirir”. Öz növbəmdə, mən də ölkəmizin hava məkanını ən yüksək səviyyədə qorumağa qadir olan hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmuş müdrik liderimiz, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və rəğbətimi bildirirəm. Mən həmçinin qardaş Türkiyə xalqına və Azərbaycana səfərləri zamanı görüşmək şərəfinə nail olduğum Türkiyə Cümhuriyyətinin lideri cənab Rəcəb Tayyib Ərdoğana şəxsən minnətdaram. Azərbaycan ərazilərinin bütövlüyü uğrunda apardığımız ədalətli mübarizədə Türkiyə Cümhuriyyəti ilk gündən həqiqi dost və qardaş kimi davranaraq həm cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına dəstək olmuşdur və bunu unutmaq olmaz. - Tofiq müəllim, Bakıda keçirilən Zəfər paradına hazırlıq günlərində ölkənin hər yerində qeyri-adi atmosfer hökm sürürdü və öz ordusu ilə qurur hissi keçirən bütün Azərbaycan xalqı Qarabağı erməni qəsbkarlarının işğalından azad etmək üçün vətənpərvərlik ruhu nümayiş etdirərək, vahid bir toplum kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında toplaşıb bu parada hazırlaşırdı. Parad iştirakçılarının qarşısında çıxış edən Prezident İlham Əliyevin də dediyi kimi, 10 dekabr bütün Azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi. - Bəli, başqa cür ola da bilməzdi, çünki bu, vətənimizin azadlığı uğrunda apardığımız müharibədə əldə olunan zəfərin paradıdır! Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı qələbəyə müstəsna töhfə vermiş müdafiə nazirliyinin xüsusi təyinatlı qüvvələrinin çıxışı ilə başladı. Daha sonra Azadlıq meydanından mətin addımlarla dəniz piyadaları, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri, habelə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri, eləcə də bütün korpusların zabit və kursantları, o cümlədən xüsusi təhsil müəssisələrinin təmsilçiləri keçdilər. Düşünürəm ki, bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada canlı yayım zamanı izləyən insanlar üçün bir ömür boyu unudulmayan qürur və sevinc anları olacaq. Mən Azərbaycan ordusunun əsgərləri ilə fəxr edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olanların doğma və yaxınlarına isə dərin hüznlə başsağlığı verirəm. Zənnimcə, onlar da bu müharibənin müzəffərləri sırasındadırlar. Mən hələ Stalinin sağ olduğu dövrdə, F. Dzerjinski adına akademiyanın tələbəsi olarkən, 1952-ci ildə Qırmızı meydanda keçirilmiş paradda marşçı kimi iştirak etmişəm. Növbəti iştirakım isə faşist Almaniyası üzərində qələbənin 50-ci ildönümünə həsr olunmuş parada təsadüf edir və öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bunlar xüsusən gənclər üçün unudulmaz anlardır. Mən bu fikirlə də razıyam ki, paradlar gənclərin tərbiyəsində vacib və əhəmiyyətli rol oynayır. Paradlarda iştirak etmək vətənpərvərlik ruhunu artırır və parad sayəsində insan öz ölkəsi, vətəni ilə yeni qürur hissi duyur. Bu isə Azərbaycanın gənc nəslinə hər zaman olduğundan daha çox vacibdir. - Geridə qoyduğumuz onilliklərin sırasında ən çətin illərdən biri sayılan və artıq yekunlaşmaq üzrə olan 2020-ci il ilk növbədə tariximizin yaddaşında Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qələbəsi ilə qalacaq. Siz hərbi əməliyyatların sona çatdığı elan olunan günü necə qarşıladınız? Həm gün nə düşündüyünüzü bizimlə bölüşə bilərsinizmi? Öz döyüş və ümumilikdə hərbi bioqrafiyanızdan nəyi xatırladınız? - Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Ermənistanda dərin kök salmış faşizm üzərində qələbədir. Bütün Azərbaycan xalqı bu saatı gözləyirdi və mən fəxr edirəm ki, hörmətli Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bu problemi 44 gün ərzində həll edərək, müzəffər ordu kimi tarixə düşdü. Ordumuzun 44 gün ərzində əldə etdiyi qələbə hər bir dövlət üçün örnəkdir. Bu, yeni silah növlərindən istifadə etməklə aparılan ilk müharibədir və şübhəsiz ki, hərbi elm tarixinə düşəcək. Mən Ali Baş Komandanımız Prezident İlham Əliyevlə fəxr edirəm, çünki o, bütün döyüş əməliyyatları əsnasında savadlı və müstəqil dövlət siyasəti yürütməyə qadir olan lider olduğunu hamıya nümayiş etdirdi. Onun demək olar ki, hər gün televiziya vasitəsi ilə çıxış etməsi bu müharibədə vahid cəbhə kimi birləşən Azərbaycan xalqını işğalçılara qarşı mübarizəyə daha da ruhlandırırdı. Əlbəttə, 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olduğum gənclik illəri də yadıma düşdü. Həmin dövrdə Azərbaycan faşist Almaniyası üzərində qələbəyə bir çox cəhətdən həlledici və layiqli töhfə vermişdi və həmin zəfərə aparan yolda yaşanan çətinlik və itkilərin xatirəsi aradan 75 il keçsə də unudulmur. - Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Azərbaycan ordusunun rəhbərliyi tərəfindən seçilmiş döyüş taktikası barədə təcrübəli hərbçi kimi nə deyə bilərsiniz? - Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin epiloquna çevrildi. Əvvəlcədən vurğulamaq istəyirəm ki, bu, Ali Baş Komandan tərəfindən düzgün planlaşdırılmış xüsusi əməliyyat idi və döyüşlərin aparıldığı ən çətin dağlıq ərazisində əsgərlərimizin bu planı uğurla həyata keçirməsinə məhz bu əməliyyatın düzgün planlaşdırılması kömək etdi. Şuşanın azad edilməsi tarixə yalnız təlim keçmiş və yaxşı silahlanmış bir ordunun həyata keçirə biləcəyi parlaq əməliyyatlardan biri kimi düşəcək. Bu əməliyyatı həyata keçirmək o qədər çətin bir tapşırıq idi ki, indi bir çox ölkənin hərbi komandanlığı Azərbaycan silahlı qüvvələrinin bu xüsusi əməliyyatını yüksək səviyyəli hərbi əməliyyatların nümunəsi kimi araşdırır. - Artıq uzun müddətdir ki, Azərbaycan “COVID-19” pandemiyası səbəbindən sərt karantin rejimində yaşayır və indi gündəmə hərbi əməliyyatla da əlavə olundu. Sözsüz ki, bütün bunlar bir çox dövlət qurumunun işinə təsir edib. Bəs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu ili necə keçirdi? - Karantin rejimi və komendant saatının tətbiq edilməsi kimi çətin şəraitdə çalışmağımıza baxmayaraq, təşkilatımız bu ilin əvvəlində İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü münasibəti ilə bir sıra tədbirlər keçirib. Bildiyiniz kimi, bu yubiley həm Rusiya Federasiyasında, həm də MDB ölkələri və Avropada xüsusi təntənə ilə qeyd olundu. Hətta bu ilin sentyabr ayında mən Rusiyanın “Qələbə varisləri” Veteranlar Cəmiyyətinin keçirdiyi “Ümumi zəfərimiz” adlı beynəlxalq video-konfransda da iştirak etdim. Video-konfransda çıxım edərkən, mən İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq və bu qələbənin əldə olunmasında Sovet İttifaqının rolunu azaltmaq cəhdlərinə qarşı çıxan Azərbaycan veteranlarının mövqeyini bölüşdüm, həmin müharibədə Azərbaycanın verdiyi töhfəni xüsusi olaraq qeyd etdim. Mən həmçinin bildirdim ki, Ermənistanın timsalında faşizmi qəhrəmanlıq kimi qələmə vermək yolverilməz haldir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli “Həzi Aslanovun 110 illik yubileyinin qeyd edilməsi haqqında” Fərmanının icrası ilə bağlı Tədbirlər planı çərçivəsində təşkilatımız yubiley proqramı çərçivəsində keçirilən bütün vətənpərvərlik tədbirlərində gənclər, müharibə veteranları və müdafiə nazirliyinin əməkdaşları, gənclər və idman nazirliyinin nümayəndələri, Bakı qarnizonunun hərbi hissələri, xüsusi təhsil müəssisələri, veteranlar təşkilatları, qəhrəmanın adını daşıyan qurumlar və Həzi Aslanovun ailə üzvləri ilə birlikdə iştirak etdi. Qeyd etmək istərdim ki, biz veteranlara, o cümlədən respublikamızın bölgələrində yaşayan veteranlara ərzaq yardımını ehtiva edən dəstək aksiyası keçirdik. Həmçinin, döyüş əməliyyatlarının başlanğıcından bəri təşkilatımızın bütün üzvləri mənim təşəbbüsümü dəstəkləyərək öz maaşlarından müəyyən məbləği Azərbaycan Ordusuna Yardım Fonduna köçürdülər. Bu il koronavirus pandemiyası və müharibə şəraitində keçdiyi üçün veteranlarla işləyən və bilavasitə veteranların da çalışdığı təşkilatımızın fəaliyyəti xüsusi səylərin və əlavə tədbirlərin görülməsini tələb edirdi və ümumilikdə, kollektivimiz öz vəzifəsinin öhdəsindən gələ bilmişdir. Yəqin ki, bəzi elektron mənbələrin səhifələrində təşkilatımızla bağlı neqativ məlumatları əks etdirən məqalələrin dərc olunmasın da aydınlıq gətirməliyik. Çox güman ki, bu, təşkilatda maliyyə işlərinin (əvvəllər aparılmayan) auditinə başlanılmasının nəticəsidir. Təəssüf ki, bu məqsədlə dəvət olunmuş audit şirkəti həm bu yaxınlarda, həm də əvvəllər bir sıra maliyyə pozuntusuna yol verildiyini aşkar edib. Sözsüz ki, təqdimolunma tərzi və faktlar baxımından bu məlumat bir çox suallar doğurur. Ola bilsin ki, bəziləri bu auditin aparılmasından qətiyyən razı deyil, çünki, işdən öz arzusu ilə azad olunmaq barədə ərizə yazaraq təşkilatdan təcili surətdə ayrılmaq istəyənlər oldu. Bəzilərini isə biz özümüz komissiyanın qərarı əsasında əmrlə təşkilatdan kənarlaşdırdıq. Bir sözlə, bildiyiniz kimi, belə hallarda böhtan atmağa hazır olan “narazı” insanlar tez tapılır. Lakin bu anonim müqavimətə baxmayaraq, başlanılan audit yoxlaması məntiqi nəticə ilə başa çatdırılacaq. Bu audit qanuni əsaslarla aparılır və əgər pozuntular müəyyən olunarsa, təqsiri olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Ümid edirəm ki, yuxarıda qeyd olunan məlumatın cəmiyyətimizdə bu kimi böhtanlarla seçilməyi sevən elektron mənbələrin səhifələrində görünməsinin səbəblərini müəyyən qədər aydınlaşdıra bildim. Ola bilsin ki, bu böhtan xarakterli məlumatların dərc edilməsinin səbəbini qanun çərçivəsində və vəkillərin köməyi ilə araşdırmaq üçün məhkəmə instansiyalarına müraciət etməli olacağıq. - Söhbətimiz üçün vaxt ayırdığınıza görə sizə minnətdaram. Sizə bu ili uğurla başa vurmağı və təşkilat qarşısında qoyulan bütün tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlməyi diləyirik. Müsahibəni apardı: Larisa Cavanşir
Читать далее
Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib. Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Читать далее
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir. Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi. Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət edib və onların ərazidən təxliyyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirib. Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib.Həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməlləri törədiblər. Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində üç hərbi qulluqçumuz öldürülüb, iki nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı bir hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Qeyd olunan faktlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb. Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir. Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.
Читать далее
Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi. Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq. Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!
Читать далее
Vəsiyyətin həyata keçdi, böyük lider: artıq Şuşa azaddır, artıq Qarabağ Azərbaycandır. Sənin başladığın Azərbaycan adlı mübarizə sənin yetişdirdiyin liderin əzmi ilə bu gün hədəfinə çatdı...Heydər Əliyev, Azərbaycan xalqının milli lideri. Onun haqqında danışarkən Şərq fəlsəfəsinin bir deyimi yada düşür: insanlar öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Və tarix şahiddir ki, Azərbaycan insanı məhz Heydər Əliyevlə birləşəndə əyilməz ruhunu özünə qaytardı.Bunu görmək üçün bir daha ötən əsrin əvvəlinə ekskurs etməyə lüzum var.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik işğalı bu xalqa heç də bərabərlik gətirmədi. SSRİ-nin tərkibində “qardaş xalqlar” şüarı hər yeri bəzəsə də, Azərbaycanın digər respublikalarla, xüsusilə Ermənistanla müqayisədə geridə qalması, azərbaycanlıların digər millətlərin nümayəndələrinə nisbətdə önə çıxmasına imkan verilməməsi tarixi faktdır. O da faktdır ki, bu proses “qırmızı imperiya”nın kulislərində tülkü kimi dolaşan ermənilər tərəfindən daha da dərinləşdirilir, Azərbaycanın inkişaf etməməsi, azərbaycanlıların önə çıxmaması üçün əllərindən gələni edirdilər.1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycanın üzünə tale güldü, geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkəsinin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.“Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 50 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi. Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı.1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi. Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı. SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.Milli kökə qayıdış, Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib.Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi. Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar…Tarix təsdiqlədi ki, ermənilərin illər boyu Heydər Əliyevin əleyhinə apardıqları kampaniya səbəbsiz deyil, məhz onun postundan uzaqlaşdırılmasından 1 il sonra – 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı. Ardınca Qorbaçovun anti-Azərbaycan siyasətinin davamı olaraq, 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı. Sonralar ona qarşı çıxanlar həmin vaxt “qırmızı bileti” döş ciblərində gəzdirirdilər.1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı. Əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ermənilərin tarix boyu əsas hədəfi Naxçıvanı ələ keçirmək olub, hətta bu gün belə bunu açıq şəkildə dilə gətirirlər. Məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ermənilərin bu planlarının reallaşmasına imkan vermədi. Və dahi lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu. Lakin Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, buna paralel olaraq, hakimiyyət daxilində nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşməsinə əsas yaratdı.Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.Dahli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü. Bunardan ən vacibi də işğal altındakı torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəminin yaradılması idi.Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün fəaliyyətinin – nizami ordunun yaradılması, beynəlxalq münasibətlərdə ölkəmizin ön plana çıxarılması, diplomatiya işinin gücləndirilməsi, enerji sektorunda atılan addımlar və s. – bir hədəfi var idi: güclü və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan.Və dahi lider bu hədəfə çatmaq üçün həm də dərin strategiya hazırladı.1998-ci il, ümumilli lider Heydər Əliyevin Türkiyə səfəri.Qarabağın işğalı ilə nəticələnən atəşkəsdən 4 il keçir, Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə işğala son qoymaq üçün Ankarada gələcək strategiyanın təməllərini atırdı: işğalçının uzunmüddətli siyasi və iqtisadi blokadaya salınması.Həmin tarixdən 18 il sonra – “aprel müharibəsi”də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan yeni reallığı şərh edən Ermənistanın məşhur analitiki İqor Muradyan belə deyirdi: “1998-ci ildə Heydər Əliyev gələcək strategiyanı hazırladı. Bu, Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın uzunmüddətli siyasi və iqtisadi blokadaya alınması və bizim ölkənin Azərbaycanla Türkiyənin “quberniyası” vəziyyətinə salınması idi”.Heydər Əliyevin uzunmüddətli strategiyasını Ermənistanda anlayan və bunun təhlükəsi haqda xəbərdarlıq edənlər var idi. Hərçənd, Azərbaycanda da zaman-zaman “işğalla barışdığımızı” deyənlər çıxır, bəzən də siyasi məqsədlər üçün istifadə edənlər tapılırdı. Heydər Əliyev “yerdən çıxan boğuq səslərə” fikir vermir, səbrlə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində həyata keçirdiyi strategiyanı tətbiq edirdi.2003-cü ildən sonra Prezident İlham Əliyev bu strategiyanı yeni dünya reallığına uyğun davam etdirdi.- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;- Ermənistan “oyundan kənar vəziyyətə” salındı;Və nəhayət, 27 il sonra Azərbaycan torpaqlarında erməni işğalına son qoyuldu. Bu, Heydər Əliyevin dərin strategiyasının və bu strategiyadan yola çıxan Prezident İlham Əliyevin tarixə yazılan siyasi gedişlərinin nəticəsidir.Prezident İlham Əliyev Şuşanın azad olunması müjdəsini xalqa verəndə bildirmişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.Vəsiyyətin yerinə yetirildi, Milli Lider. Sənin arzuladığın və uğrunda mübarizə apardığı Azərbaycan artıq var: torpaqları azad olunmuş, güclü, qüdrətli, qürurlu ölkə...Asif Nərimanlı
Читать далее
Bu gün Heydər Əliyevin anım günüdür. Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi xoşbəxt insan hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – QƏLƏBƏ. Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq H. Əliyevin həyat kredosu idi. Sovet xüsusi xidmət orqanlarında uğurlu fəaliyyəti onu işlədiyi qurumun ən yüksək pilləsinə ucaltdı. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində ilk milli kadr kimi öz xalqının milli maraqlarını sovet rejiminin repressiyalarından qorumağı bacardı. Yeni vəzifədə qazandığı uğurlu təcrübə onu Azərbaycanın ali siyasi hakimiyyətinə gətirdi. Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar silsiləsinə çevrildi. Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrildi. Azərbaycanda öz vəzifəsini Qələbə ilə başa vuran Heydər Əliyevə Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən biri həvalə olundu. Burada da Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovetlər İttifaqının ən parlaq siyasi simalarından biri idi. O dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bilmişdi. 90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Qlobal miqyaslı dəyişikliklər dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Heydər Əliyevin də həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Əvvəlki illərdən daha böyük əzmlə çalışan lider həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir. Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır.”
Читать далее
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Dövlət başçısının rəsmi "Facebook” səhifəsində etdiyi paylaşımında Ulu Öndərin sitatı yer alıb: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.
Читать далее
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Axar.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Читать далее