Ən son xəbərlər
Elman Məmmədov: “Onlar Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən Müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən sənədli film hazırlanıb. Filmdə Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan, fərqli din və mədəniyyətlərə mənsub şəxlərin Ali Baş Komandanın rəhbərliyi altında birləşdiyi, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etdiyi öz əksini tapıb. Hansı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gələn bu və bu qəbildən olan filmlər tariximizin təbliği ilə yanaşı, çoxmillətli dövlət olan Azərbaycanın gələcək inkişafı, ölkə daxilindəki birlik və həmrəyliyin qorunub saxlanılması, hər kəsin vətən, bayraq, dövlət, Ali Baş Komandan ətrafında birliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmin böyük önəm kəsb etdiyini vurğuladı: “Vətən müharibəsi və dövlətimizin bu müharibədəki qalibiyyəti bir daha təsdiqlədi ki, güc birlikdədir. Azərbaycan çoxmillətli bir respublikadır. Bizim gücümüz, inkişafımız, gələcəyimiz birliyimizdədir. Azərbaycanda dinlərin, dillərin, mədəniyyətlərin birliyi, birgə yaşayışı, brigə inkişafı bütün dünyaya nümunədir. Hörmətli dostumuz Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan məlum film də olduqca önəmli bir ekran əsəridir. Bu film çox mühüm əhəmiyyətə malikdir. Çünki bu filmdə Azərbaycanda yaşayan bütün millətlərin Vətən müharibəsində necə birlik və həmrəylik sərgilədikləri, öz doğma torpaqlarını düşməndən necə qoruduqları, erməni işğalına birlikdə necə son qoyduqları öz əksini tapıb. May ayında Şuşada “Xarıbülbül” festivalı keçirildi. Biz hamımız müşahidə etdik ki, Azərbaycanda yaşayan bütün milli azlıqların orada musiqiləri səsləndirildi, mədəniyyətləri nümayiş olundu. Bu, bir daha onu göstərdi ki, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hamımızındır. Bizdə dilinə, dininə, irqinə, milliyətinə görə ayrı-seçkilik yoxdur. Azərbaycanda sülh şəraitində birgə yaşayış var. Bunu Azərbaycana gələn, Azərbaycan həqiəqlərini öyrənən hər kəs, hətta bizə dost olmayanlar belə etiraf edirlər. Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıqlar göstərdi. Onlar şəhid oldular, qazi oldular, vətəni işğaldan azad etdilər. Biz onların hər birini alqışlayırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu cür filmlər bizim tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkan olan əsərlərdir. Mən buna görə adıçəkilən quruma öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər” Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir. Maraqlıdır, Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur. Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur. Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır. Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər. Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq. Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir” “Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, bu cür təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir: “Son vaxtlar bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, bu cür addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir. Bildiyiniz kimi, Ermənistan tərəfi noyabrın 9-da da 60-ya yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd etmiş, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir. Məlumdur ki, Vətən müharibəsində öz hərbi potensialının 80%-ni itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvbəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki ətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”.
Hamısını oxu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib. AƏRTAC xəbər verir ki, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər. İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi qeyd edilib. Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri çıxış edərək işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışa, həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını, beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
Hamısını oxu
Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib. Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətinin birinci ildönümü münasibəti ilə yol qovşağındakı dairəvi meydançaya çoxlu sayda güllər əkilib, habelə həmin ərazinin işıqlandırılması təmin edilib. Həmçinin, yol qovşağı Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilib. Bundan başqa, yol kənarlarına çoxlu sayda çinar, habelə ekzotik kol və dekorativ ağaclar əkilib.Yolun kənarı Azərbaycanın dövlət bayrağının rənglərinə uyğun şəkildə işıqlandırılıb. Görülən işlər vətəndaşlar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Vətəndaşlar hesab edir ki, Zəfər Gününün bu cür faydalı ekoloji aksiya ilə qeyd edilməsi şanlı qələbəmizə ehtiram əlaməti olmaqla yanaşı, təbiətin qorunması, ekoloji mühitin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hansı ki, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr, atdığı addımlar hər bir vətəndaşa nümunədir. Redaksiyamızın əldə etdiyi məlumata görə, Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolun yaşıllaşdırılması təşəbbüsü təbiətsevər Cəlil Nağıyevə məxsusdur. Qeyd edək ki, Cəlil Nağıyev bundan öncə də oxşar təşəbbüslərlə çıxış edib, baxımsız ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması prosesinə böyük töhfələr verib. Seymur ƏLİYEV
Hamısını oxu8 noyabr 2021-ci il saat 12:30-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının həyətində Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib. Tədbirdə İkinci Dünya Müharibəsi, Birinci Qarabağ Müharibəsi, Vətən müharibəsi iştirakçıları, o cümlədəm əmək veteranları iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bu tarixi gün münasibəti ilə bağlı bütün tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandana, Azərbaycan ordusuna Vətən müharibəsində göstərdiyi fədakarlığa görə minnətdarlığını bildirib. Təşkilat sədri bu tarixi qələbəyə görə xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirən şəhidlərə, qazilərə borclu olduğunu vurğulayıb. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqının təbrik edib, bu tarixi günün Azərbaycanın dövlətçilik tarixi baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlar;mızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyini vurğulayan sədr müavini, Prezident İlham Əliyevin bu quruculuğun əsas memarı olduğunu bildirib. Müdafiə Nazirliyinin hərbi orkestrinin də iştirak etdiyi tədbirdə hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib. Tədbir sadə vətəndaşlar tərəfindən də böyük maraq və məmnunluqla qarşılanıb. </
Hamısını oxu
Səmyar Abdullayev: “Azərbaycan bu zəfərlə özünü dövlət və xalq olaraq bir daha isbatlamış oldu” Bu gün 8 noyabr – Zəfər Gününün birinci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq: -Səmyar bəy, bu gün 8 Noyabr – Zəfər Gününün birinci ildönümüdür. Öncə bu tarixi günlə bağlı fikirlərinizi bilmək istərdik. -8 noyabr tarixi Zəfər Günü, Zəfər Bayramıdır. 8 Noyabr zəfəri hər şeydən öncə ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir. Çünki məhz bu tarixdə ordumuz Azərbaycanın qədim mədəniyyət şəhəri olan, hərbi baxımdan mühüm srateji əhəmiyyətə malik olan Şuşa şəhərini düşməndən azad etdi. Şuşanın erməni işğalından azad edilməsi ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbələrin zirvəsi oldu. Bu uğur Ermənistan ordusunun inamını sarsıtdı, onu sonuncu ümiddən də məhrum etdi. Erməni ordusu Şuşanı itirməklə başa düşdü ki, Azərbaycan ordusunun qarşısını ala, onun uğurlu hücum əməliyyatlarını önləyə bilməyəcək. Elə bu səbəbdən də 8 Noyabr zəfərindən iki gün sonra-10 noyabr tarixində Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəlıərinin tam qələbəsi ilə başa çatdı. Ermənistan tərəfi digər yaşayış məntəqələrini döyüşsüz təhvil verməyə hazır olduğunu bəyan etdi. Beləliklə Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. -Zəfər Günü Azərbaycan ordusunun gücü ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı? -Azərbaycan ordusunun qələbəsi sadəcə dövlətimizin hərbi qüdrətini göstərmədi. Bu qələbə həm də Azərbaycanın iqtisadi qüdrətini ortaya qoydu. Müharibənin gedişatı sübut etdi ki, Azərbaycan nəinki qısamüddətli, həm də uzunmüddətli müharibə aparmağa qadirdir və bunun üçün bütün gərəkli potensiala sahibdir. Ordumuzun müharibə ərzində texniki təchizatının yüksək səviyyədə təmin edilməsi, istər müharibə dönəmində, istərsə də post-müharibə zamanı yaralı qazilərimizin müalicəsinin effektiv şəkildə təmini, sosial layihələrin heç bir istisna olmadan tam şəkildə həyata keçirilməsi, müharibənin gedişatında işğaldan azad edilən ərazilərin elektrik enerjisi və digər zəruri infrastrukturla təchizatının uğurlu şəkildə gerçəkləşdirilməsi və s. kimi amillər buna nümunədir. Müharibədən dərhal sonra Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi, regional miqyaslı proyektlərin gerçəkləşdirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün böyüklüyündən, onun böyük maliyyə vəsaiti tələb edən müharibə və digər böhranlara davamlılığını göstərdi. Bu baxımdan Vətən müharibəsi Azərbaycanın hərbi müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də Ermənistanı müqayisəedilməz dərəcədə üstələdiyini göstərdi. -Səmyar bəy, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət həmrəyliyi baxımından hansı özəlliklərlə yadda qaldı? -Vətən müharibəsi ölkə daxilindəki münasibətlər sisteminin nə qədər sağlam və milli maraqlar əsasında formalaşdığını praktiki olaraq sübut etdi. Müharibənin elə ilk saatından ordu və dövlətlə tam həmrəylik sərgiləyən Azərbaycan xalqı, bütün imkanları ilə orduya böyük dəstək verdi ki, bu dəstək düşmən üzərində tarixi qələbəni tezləşdirdi. Müharibənin ilk günlərindən minlərlə vətəndaşımız könüllü şəkildə orduya qatılmaq üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanladı. Dövlət qurumları ilə yanaşı, özəl müəssiələr, şirkətlər, iş adamları, hətta adi vətəndaşlar belə cəbhəyə yardımlar göndərir, müxtəlif məsələlərdə öz köməkliklərini təklif edirdilər. Öz pensiyasını, əmək haqqını, sonuncu qəpiyini belə orduya göndərən insnlar oldu ki, bu da Azərbaycan xalqının öz əsgərinə, öz zabitinə, öz ordusuna müansibətini, sevgi və ehtiramını göstərirdi. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı qələbə əldə etmək üçün hər cür fədakarlığa hazırdır. Azərbaycan xalqı Vətən müharibəsi dönəmində dövlətlə də sıx həmrəylik sərgilədi. Bütün siyasi partiyalar ölkə başçısını dəstəkləyən bəyanatla çıxış etdi. Ali Baş Komandanın hər bir çağırışını qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı göstərdi ki, o öz liderinə, öz sərkərdəsinə inanır və bu mübarizədə ona hər cür dəstək göstərməyə hazırdır. Təsadüfi deyil ki, ölkə başçısı post-müharibə dönəmindəki çıxışlarında dəfələrlə Azərbaycan xalqının ona göstərdiyi etimada toxunmuş, bu etimadı yüksək qiymətləndirərək bildirmişdir ki, məhz xalqın dəstəyi sayəsində Azərbaycan dövləti bu böyük qələbəyə nail ola bildi. Bir sözlə, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət münasibətlərinin nə qədər sağlam olduğunu, bu münasibətin milli maraqlarımızın qorunması baxımından nə dərəcədə önəmli olduğunu sübut etdi. -Səmyar bəy, bu tarixi zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, sizcə daha hansı uğurlara yolumuzu açmış oldu? -Təbii ki, 8 Noyabr zəfəri erməni işğalına son qoymaqla yanaşı, ilk növbədə qürurumuzu, özümüzə və gücümüzə olan inamımızı bərpa etdi. Bu qələbə sayəsində cəmiyyətdə milli ruh və mübarizə əzmi daha da yüksəldi. 8 noyabr zəfəri hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Dünya dövlətlərinə məlum oldu ki, Azərbaycan iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regional gücdür və bu güc hər cür təhdid və təcavüzü dəf etməyə qadirdir. Erməni faşizmi üzərində qələbə ölkəmizin iqtisadi inkişafı üçün də geniş perspektivlər açdı. Təkcə bir faktı qeyd edim ki, Qarabağda kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsi min hektarlarla ölçülür ki, bu da kifayət qədər böyük göstəricidir. Artıq işğaldan azad edilən bir sıra rayonlarımızda müxtəlif müəssisələrin əsası qoyulub ki, bu da yaxın illərdə həmin bölgələrin inkişafında müstəsna rol oynayacaq. Qarabağın iqtisadi inkişafı ümumilikdə ölkmizin iqtisadi inkişafına təkan verəcək. Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti regionda nəqliyyat infrastrukturunun inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Artıq Füzulidə beynəlxalq hava imanı istifadəyə verilib ki, bu da çox böyük iqtisadi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası istiqamətində atılan addılar, habelə Zəngəzur dəhlizinin açılması yönündə gerçkləşdirilən cəhdlər bu sahədə də böyük inkişaf və tərəqqidən xəbər verir. Əgər Ermənistan gələcəkdə xam xəyallara qapılmazsa, Azərbaycanın sülh səylərini dəstəkləyərsə, o zaman gələcəkdə bu inkişafdan bütün region dövlətləri faydala bilər. Bir sözlə, 8 Noyabr zəfəri xalqımızın, dövlətimizin həyatında yeni bir səhifə açdı. Hansı ki, bu səhifə əsrlər sonra da tariximizin qızıl səhifəsi kimi qürurla xatırlanacaq və iftixar hissi ilə yad ediləcəkdir. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan xalqının hər zaman şəhidlərinin xatirəsini uca tutduğu, onları daim böyük hörmət və ehtiram hissi ilə yada saldığı məlumdur. Son illər bir sıra rayonlarda Şəhidlər Xiyabanlarında həyata keçirilən yenidənqurma işləri, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar, şəhid ailələrinə olan qayğıkeş münasibət buna nümunədir. Bu baxımdan Masallı rayonundakı Şəhidlər Kompleksi müstəsna əhəmiyyətə malikdir. Bu kompleksi digər analoqlarından fərqləndirən, ona müstəsnalıq, təkrarsızlıq qazandıran bir sıra amillər var ki, bu amillərin hər biri özlüyündə milli tariximizin, qəhrəmanlıq salnaməmizin carçısıdır. 247 işıqlı sima: Ölümsüzlük və əbədiyaşarlıq nümunələri... Masallıdakı Qəhrəmanlar Parkındakı Şəhidlər Kompleksinin ən mühüm özəlliklərindən biri bu kompleksdə Masallı rayonunda olan bütün şəhidlərin fotolarının, habelə onlarla bağlı informasiyaların öz əksini tapmasıdır. Başqa sözlə desək, bir tək bu kompleksi ziyarət etməklə Masallı rayonunun şəhidləri ilə bağlı bütün zəruri məlumatları əldə etmək, bu rayondan olan soydaşlarımızın erməni işğalına qarşı mübarizədəki fədakarlığına şahid olmaq mümkündür. Komplekslə bağlı təqdiredici məqamlardan biri də məlum kompleksdə həm Birinci Qarabağ Müharibəsinin, həm də İkinci Qarabağ Müharibəsinin bütün şəhidləri haqqında məlumatların cəmlənməsi, onların hamısının vahid platforma əsnasında ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu isə xalqımızın Qarabağ uğrunda son 30 ildə apardığı mübarizə və onun nəticəsini bir tam olaraq qiymətləndirməyə imkan verir. Daş abidə və mərmər platformadan boylanan 247 işıqlı simaya – ölümsüzlük və əbədiyaşarlıq nümunəsinə baxdıqca dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizənin nə qədər böyük, nə qədər anlamlı, nə qədər müqəddəs olduğunu daha dərindən anlayırsan. Anlayırsan ki, hər şey – hətta zaman belə həyatını vətəninə, xalqına, bayrağına və torpağına fəda edən insanları unutdurmağa, onların cəsarət və qəhrəmanlığına olan heyranlıq hissini azaltmağa qadir deyil. Məlumat üçün qeyd edək ki, kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin – 247 şəhidin hamısının xatirəsi əbədiləşdirilib ki, onların 242-si haqqında məlumat fotolar və qısa informasiyalar halında, Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 5 nəfər şəhidimiz haqqında bilgilər isə büstlər və onların üzərindəki məlumatlar şəklində əks olunub. Tunc büstlər və dəmir iradəli qəhrəmanlar kompleksi... Masallıdakı Şəhidlər Kompleksində diqqət çəkən məqamlardan biri də kompleksdə şəhidlərin fotoları ilə yanaşı, qəhrəmanların büstlərinin də yer almasıdır. Bütövlükdə Şəhidlər Kompleksində 5 qəhrəmanın büstü mövcuddur ki, onlardan 3-ü Birinci Qarabağ Müharibəsinin Milli Qəhrəmanı, 2-i isə 44 günlük İkinci Qarabağ savaşının Vətən Müharibəsi Qəhrəmanıdır. Dəmir iradəli qəhrəmanların tuncdan hazırlanan bu büstləri Şəhidlər Kompleksində xalqımızın mübarizə əzminin, igidlik və qəhrəmanlıq ruhunun əzəli-əbədi təntənəsi kimi ucalmaqdadır. Heç şübhəsiz, bu büstlər bügünkü və gələcək nəsillərə yaşadıqları xoş və işıqlı günlərə görə kimlərə minnətdar olduqlarını xatırladacaq, dar məqamda onları yeni zəfərlərə, qələbələrə ruhlandıracaqdır. Bu büstlər öz əzəmətli görkəmləri ilə həm də gənc nəsillərə başa salacaq ki, bu xalq onu yaşadan qəhrəmanlarını öz ruhunda, qəlbində, könül dünyasında sonsuza kimi yaşatmağa qadirdir. Milli mübarizəmizin 20 Yanvar səhifəsinin əks olunduğu tarixi yaddaş kompleksi... Masallıdakı Şəhidlər Kompleksinin unikallığını təmin edən amillərdən biri də, bu kompleksdə sadəcə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi ilə yanaşı, həm də müstəqilik tariximizin ayrı-ayrı dönəmlərinə məxsus mübarizə tariximizin əks olunmasıdır. Buna nümunə olaraq Şəhidlər Kompleksində 1990-cı ilin 20 Yanvar tarixinə aid abidəni göstərmək olar. Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən biri olan 90-cı ilin yanvar olayları, bu olaylar zamanı xalqımızın ölümə açıq-aşkar meydan oxuması faktı Masallıdakı Şəhidlər Kompleksində parlaq boyalarla əks olunmaqdadır. Bu abidə Azərbaycan xalqının bu günə - öz müstəqilliyinə və ərazi bütövlüyünə hansı mübarizələrdən, sınaq və imtahanlardan keçib gəldiyini göstərir. Bir sözlə, Masallıdakı Şəhidlər Kompleksini ziyarət edən hər kəs Birinci və İkinci Qarabağ müharibələri ilə yanaşı, 20 Yanvar hadisələri haqqında da aydın təəssürat əldə edə bilər. Şəhidlər Kompleksində tarixin daş yaddaşına hopdurulan bütün əsrlərin ən qorxunc cinayəti – Xocalı soyqırımı abidəsi! Masallıdakı Şəhdilər Kompleksində erməni faşizminin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərini əks etdirən guşə də mövcuddur ki, bu guşədə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı ilə bağlı abidə yer alır. Bu abidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də erməni vəhşiliyini ifşa edən, erməni vandalizmini aləmə car çəkən, bu vəhşiliyin zamana sığmayan dəhşətlərini anlatan bir abidə kimi mühüm tarixi-mənəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev erməni faşizminin törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyini qeyd edib, dövlətimizin bu istiqamətdə bundan sonra da mütəmadi addımlar atacağını vurğulayıb. Habelə, ölkə başçısı erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərin unudulmayacağını, bu cinayətlərin qorxunc mahiyyəti haqqında beynəlxalq ictimaiyyətin daim məlumatlandırılması gərəkdiyini də qeyd edib. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı inşa edilən abidə sadəcə gənclərin deyil, gələcəkdə bu rayona səfər edən xarici turistləri, əcnəbi vətəndaşları Xocalı soyqırımı, erməni cinayətləri haqqında məlumatlandırmaq baxımından da böyük önəm kəsb edir. Sözügedən abidə tarixi qan yaddaşımızı özündə əks etdirməklə yanaşı, həm də mühüm təbliğati əhəmiyyətə malikdir. Xatırladaq ki, Xocalı soyqırımının bütün dünya dövlətləri tərəfindən tanınması, bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi dövlət siyasətimizin daim diqqət mərkəzində saxlanılan vacib istiqmaətlərindən biridir. Artıq uzun illərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir ki, kampaniyanın məqsədi beynəlxalq birliyi bu soyqırım haqqında məlumatlandırmaq, erməni cinayətlərini ifşa etmək, bu cinayətə imza atanların məsuliyyəət cəlb edilməsi üçün siyasi-hüquqi zəmin formalaşdırmaqdır. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı ucaldılan abidə dövlət siyasətimizə mühüm dəstək kimi də xarakterizə edilə bilər. Böyük qələbənin vahid simvolu: “Dəmir yumruq!” Şəhidlər Kompleksində Vətən müharibəsi ilə bağlı abidələrdən biri də 3.6 metr hündürlüyündəki “Dəmir yumruq” abidəsidir. Bu abidə torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi “Dəmir yumruq əməliyyatı”na hörmət və ehtiram əlaməti olaraq ucaldılıb. “Dəmir yumruq” abidəsi xalqımızın düşmən üzərində əldə etdiyi qəti qələbənin simvolu olmaqla yanaşı, həm də düşmən üçün daimi xəbərdarlıq siqnalı, zəruri xatırlatmadır. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da dəfələrlə “dəmir yumruğun” yerində olduğunu xatırladıb və açıq şəkildə qeyd edib ki, əgər gələcəkdə Ermənistan yenidən xam xəyallara, cəfəng iddialara qapılarsa, o zaman “dəmir yumruğun” ölümcül zərbəsini təkrar hiss edəcəkdir. “Dəmir yumruğun” yerində olduğunu, heç hara getmədiyini xatırladan Ali Baş Komandan, ermənilərin 44 günlük Vətən müharibəsindən dərs çıxarmasının vacibliyini vurğulayıb. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində yüksələn “Dəmir yumruq” abidəsi ölkə başçısının tarixi xəbərdarlığının heykəlləşən, maddiləşən təsdiqidir. Əminliklə demək olar ki, bu abidə, ümumilikdə bu kompleks hər zaman xalqımızın ən müqəddəs and yerlərindən biri kimi vətəndaşlarımız tərəfindən kütləvi şəkildə ziyarət ediləcək, məktəblilər, yeniyetmə və gənclər yaxın keçmişimizlə bağlı ən böyük həqiqətləri bu məkanı ziyarət etməklə əldə edəcəklər. “Dəmir yumruq” abidəsi qalib müharibənin qalib vətəndaşlarına hər zaman öz güc və qüdrətinə əminlik hissi təlqin edəcək, gənc nəslin öz gücünə olan inamını artıracaqdır. Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi, yaxud görünən əməllərin “görünməyən” müəllifi... Masallıdakı Şəhidlər Kompleksi sabahdan – Zəfər Gününün birinci ildönümündən etibarən istifadəyə veriləcək olsa da, artıq çoxdan media və sosial mediada bu komplekslə bağlı bir sıra məlumatlar yer almaqdadır. Lakin çox az adama məlumdur ki, milli tariximizə, vətənimiz və dövlətimizə böyük töhfə olan bu kompleks millət vəkili Məşhur Məmmədovun maddi-mənəvi səyi nəticəsində ərsəyə gəlib. Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi olan bu kompleks, vətən eşqinin hansı möcüzələr yarada biləcəyinin real təsdiqidir. Hər zaman böyük və təqdirəlayiq əməllərin müəllifi olan, fəqət gördüyü əməllərdən bəhs etməyi sevməyən təvazökar millət vəkili, Masallıdakı Şəhdilər Kompleksi kimi möhtəşəm layihəyə imza atmaqla ictimai şüura, həm də belə bir mesaj ünvanlamış oldu: “Hər kəsin yaşından və peşəsindən, sosial statusu və maddi durumundan asılı olmayaraq bu xalq, bu dövlət üçün edə biləcəyi hökmən nə isə vardır. Önəmli olan öz vicdanının səsini dinləmək, edə biləcəyin hər şeyi sevgi və məsuliyyətlə, heç bir qarşılıq və təmənna gözləmədən edə bilməkdir”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev və “Könüllü gömrükçü”lər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Zəfər Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya ünvanlanan təbrik məktubunu oxuyan gömrük xidməti polkovniki Vüqar Əliyev, bu tarixi günlə bağlı bütün veteranları təbrik edib. Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, bu zəfərin Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun və xalqımızın fədakarlığı sayəsində əldə edildiyini bildirib. “Könüllü gömrükçülər”ə öz tövsiyələrini verən Fatma Səttarova, onları hər zaman vətəni sevməyə, milli maraqlarımızı qətiyyətlə müdafiə etməyə, ölkə başçısının siyasətini dəstəkləməyə səsləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da veteranlara gödstərdiyi diqqətə görə Dövlət Gömrük Komitəsinə öz minnətdarlığını bildirib, veteranların bundan sonra da dövlətimizin güclənməsində əlindən gələni əsirgəməyəcəyini bildirib. Daha sonra “Könüllü gömrüçkülər” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti ilə tanış olub, təşkilat daxilindəki muzeyi, Milli Qəhrəmanların fotoları olan guşəni ziyarət edib, təşkilatın fəaliyyətini özündə əks etdirən stendlərə tamaşa edib. Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Dövlət Gömrük Komitəsi adından bayram sovqatları təqdim edilib, xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya Müharibəsi veteranı, 1923-cü il təvəllüdlü Şakirov Qadel Şakir oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Şakirov Qadel Şakir oğlunun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hamısını oxu
Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi” “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb: “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi. Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı. Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”. Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi: “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi. Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir. Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.
Hamısını oxuBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onları qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, bu zəfərin tarixi önəminə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, bu zəfər Azərbaycan ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini qeyd edib ki, bu zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyətini dünyaya nümayiş etdirdi. Daha sonra çıxış edən veteranlar Vətən müharibəsində əldə edilən qələbənin önəmindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər. Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.
Hamısını oxu