Ən son xəbərlər
2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi. Zəfər yürüşünün davamı Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir. Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır 2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir. Həmrəyliyimiz milli gücümüzdür Həmrəylikdən bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik! Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib. Yeni mərhələ və yeni hədəflər Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə şəhidlik məqamına ucalmış Şəhidlərimizin və Qazilərin övladlarına mənəvi dəstək olmaq məqsədi ilə mayram tədbiri keçirilib. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal tədbiri giriş sözü açaraq dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Şəhid və Qazi övladlarını təbrik edərək bildirdi ki, 44 günlük Vətən müharibəsundə əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə zəfərin qazanılmasında qüdrətli Dövlət Başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli Sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zamin Zeynal onu da xüsusi olaraq vurğuladı ki, son 200 ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq. Bayram tədbirində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavinləri Qalib Əliyev, Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, Sabunçu Gənclər Evinin direktoru Samir Mehraliyev, Millət vəkili Elman Nəsirov, Millət vəkili Şahin Seyidzadə, Hacı Nuran, Şəhid ailələri, Qazilər, ictimai fəal şəxslər iştirak edərək çıxış etdilər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli,əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğurratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır. Natiqlər bildirdilər ki, bu gün peşəsindən və vəzifəsindın asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə əzmindən ruhlanaraq daima Şəhid və Qazi ailələrinə dərin hörmət və sayqı ilə yanaşmalıdır. Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr departamentinin rəhbəri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, Şəhid və Qazi övladlarına mənəvi dəstək olmaq məqsədi ilə həyata keçirilən tədbirdə 60 dan çox Şəhid və Qazi övladlarına hədiyələr təqdim edildi. Tədbirin bədii hissəsində uşaqların sevimlisi yeni il personajları öz səhnəcikləri ilə uşaqların qəlbinə oxşadılar. Birlik rəsmisi onu da vurğuladı ki, İctimai birlik tərəfindən Şəhid və Qazilərimizə mənəvi dəstək yönümündə birgə tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığı mətnində deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatından kədərləndiyini bildirir, dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!” Məlumat üçün qeyd edək ki, 88 yaşında vəfat edən şair Qənbər Şəmşiroğlu Aşıq Şəmşirin oğludur. Xatırladaq ki, Qənbər Şəmşiroğlu16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. Qənbər müəllim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirib. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edib, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olub. O, qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edib. Aşıq Şəmşir ailəsinin hər bir üzvü hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edib. Qənbər Qurbanovun sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edib. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”, “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır. Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir. Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir. Allah rəhmət eləsin!
Hamısını oxu
“Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinə əsasən deyə billərik ki, həmrəylik gününün təsis edilməsi dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir”. Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının I Qurultayında "Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da Azərbaycandır" deyərək, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə çağırmışdır. Qurultay dövlət başçısının dünya azərbaycanlılarını birləşdirmək ideyasının reallığa çevrilməsi üçün əsl mərhələ olmuşdur. Qurultayda milli birliyimiz, həmrəyliyimiz, xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində formalaşması, təşkilatlanması və azərbaycançılıq ideyalarını geniş ölçüdə müdafiə etmələri üçün strateji proqram müəyyən edildi. Eyni zamanda Ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradılmışdı. Bu instansiya Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu öndərlə görüşlərindən sonra müxtəlif sahələrdə qəti addımlar atılmış, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artmış, Azərbaycanın taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət göstərilmişdi. T.Cəfərova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyəti ilə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını qeyd etmək olar. Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Bu günlərdə dünya azərbaycanlılarına müraciətində dövlətimizin diaspor quruculuğuna böyük diqqət yetirdiyini bildirən Prezident İlham Əliyev həmçinin, həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən razılığını ifadə edib: "Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır". “Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır, Azərbaycan uğurla inkişaf edəcək və daha güclü dövlətə çevriləcək”... Möhtərəm cənab Prezident İlham Əliyevin hələ 2020-ci ilin yanvar ayında, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi bu sözlər öz təsdiqini qısa zamanda tapdı. Yeni növ koronaviorus pandemiyası ilə bütün dünyanı böyük bir imtahan qarşısında qoyan 2020-ci il Azərbaycan tarixinə Böyük Zəfər ili kimi qızıl hərflərlə yazılaraq dövlətimizin siyasi və hərbi gücünü ortaya qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri ilə desək, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir- deyə Tamam Cəfərova bildirib.
Hamısını oxu
Əziz və hörmətli veteranlar! Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz misilsiz nailiyyətlər ölkəmizin hər bir vətəndaşı kimi, biz veteranlar üçün fəxr mənbəyidir. Yüksək intellektə və zəngin dövlətçilik təcrübəsinə malik Prezidentimizin siyasi iradəsini, qətiyyətini qiymətləndirir, veteranlara daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Onun müdrik rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyuldu. Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlar azad edilib, bölgəmizdə davamlı sülh, sabitlik şəraiti yaranıb. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Dərin hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri - müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin rəhbəri İrek Zinnurovla görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov iştirak edib. Görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, 2022-ci illə bağlı əməkdaşlıq imkanları təhlil edilib. Qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ildən-ilə genişlənməkdədir.
Hamısını oxu
Hörmətli, cənab Prezident! Hörmətli Ali Baş Komandan! Sizi 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxt illər, ölkəmizin və xalqımızın inkişafı və tərəqqisi naminə yorulmaz xidmətlərinizdə böyük uğurlar arzu edirəm. Cənab Prezident! Siz, Ulu öndər, dünya şöhrətli böyük siyasi və dövlət xadimi Heydər Əliyevin layiqli siyasi varisi və ideya davamçısı olaraq nəinki onun vəsiyyətlərini uğurla həyata keçirmiş, habelə öz şərəfli adınızı Türk Dünyasının, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazmışsınız. Milli və beynəlxalq səviyyədə tanınan və sevilən siyasi lider olaraq Azərbaycan tarixində ilk dəfə milli birliyimizi, bir yumruq kimi birləşdirərək, şəxsi səyiniz və böyük sərkərdəlik bacarığınızla erməni faşistlərinin on illərlə işğal altında saxladığı torpaqlarımızı azad, milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü və Konstitusiya quruluşumuzu bərpa etdiniz. Bu gün Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında bərqərar olmuş, beynəlxalq və regional səviyyədə söz sahibinə çevrilmiş, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmiş və böyük uğurlara imza atmışsınız. Bütün bunlar da bu gün, ölkə rəhbəri kimi sözünüzün imzanız qədər nüfuzlu və mötəbər olduğunu tam təsdiq edir. Əziz Prezidentimiz! Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu günki müstəqil Azərbaycan Respublikası , Sizin səyinizlə millətimizin və xalqımızın şah əsərinə çevrilmişdir. Siz, ölkə rəhbəri, ölkə Prezidenti olaraq millətimizin, dövlətimizin və xalqımızın tarixinə heç vaxt olmayan, çoxsaylı şanlı səhifələr, tarixi qələbər yazmış, bununla da öz adınızı da hər birimizin könlünə, yaddaşına, milli tariximizə qızıl hərflərlə həkk etmişsiniz. Doğum gününüz mübarək olsun! Allah Sizi qorusun və millətimizə çox görməsin! Sizinlə qürur duyur və fəxr edirik. Hörmətlə, Müharibə və Əmək veteranı, Baş Ədliyyə müşaviri, Hüquq elmləri doktoru, professor Bəhram Zahidov
Hamısını oxu
“Azərbaycanın bu günkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bütün addımlarının hədəfində Azərbaycan insanı, onun rifahı dayanır: “Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq cərəyan edir. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq, abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün proseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Ölkədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə aparılan islahat tədbirləri davam edir. Əhalinin həssas qruplarına diqqət və qayğı isə həmişə olduğu kimi, prioritet hesab edilir. Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib. 2021-ci ilin sonlarına yaxın əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir. Əmək haqları, təqaüdlər, əmək pensiyalarında artımlar oldu. Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələbələrinin təqaüdlərində artım baş verdi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı, xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılması istiqamətində işlər aparıldı. Bütün bunlar onu göstərir ki, cənab prezidentin həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”. Seymur ƏLİYEV
Hamısını oxu
“Bu gün sülhdən danışırıqsa, o demək deyil ki, dünənimizdəki erməni vəhşilikləri haqqında susmalıyıq” Elman Məmmədov: “Erməni faşizmini ifşa etmək üçün hər bir imkandan istifadə etməliyik” Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb. Bölmədə mərhum jurnalistlə bağlı bir çox vacib məlumatla yanaşı, onun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı informasiya da öz əksini tapıb. Moderator.az-a açıqlamasında erməni vəhşilikləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini bildirən millət vəkili Elman Məmmədov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlum təşəbbüsünü alqışladığını qeyd edib: “Ermənilərin xalqımızın başına gətirdiyi vəhşilikləri, soyqırımlarını daim yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ermənilərin kimliyi, qəddarlığını, faşistliyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün hər bir imkandan istifadə etməliyik. Ermənistanla müharibənin bitib-bitmədiyi, onlarla münasibətlərimizin yaxşılaşıb-yaxşılaşmamasının bu məsələyə aidiyyatı yoxdur. Heç kim güman etməsin ki, bu gün Ermənistanla sülhdən danışırıqsa, onların elədikləri vəhşiliklər unudulmalı, bu barədə danışılmamalıdır. Xeyr! Kim belə düşünürsə, səhv edir. Bu məsələ daim gündəmdə olmalıdır. Ermənilərin sovet dönəminin ilk illərində Orta Asiya dövlətlərində törətdiyi vəhşiliklər hamıya məlumdur. Bunu özbək xalqı da, qazax xalqı da, türmən xalqı da bilir. Onlar da bilir ki, ermənilər bolşevik adı ilə Orta Asiyada nə qədər günahsız insanı qətlə yetiriblər. Bunlar heç vaxt unudulmamalıdır. Bu baxımdan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaratmasını alqışlayıram. Bu, həm xalqımızın fədakar ziyalılarının dünyaya tanıdılması, həm də erməni vəhşiliyinin ifşası baxımıdan mühüm əhəmiyyətə malikdir. Mən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə atdığı addımları təqdir edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir. Azərtac xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun güzgüsünə çevrildi. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. “Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi bacardı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.
Hamısını oxu